XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

01 Avqust 2018 - 16:42

“İRANIN BİVEC RƏHBƏRLƏRİ” VƏ “İTİRİLMİŞ” AZƏRBAYCAN:qonşu ölkənin mediasında Xəzər dənizinə 50 faizlik hüquq iddiası

Əziz Rzazadə

Strateq.az

 

Bu gün İran mətbuatının əksər hissəsi Trampın dialoq təklifinə şərhləri manşetlərə çıxarıb: “İran-Amerika: böyük müzakirə?” (“Arman”), “Donald Trampın şahmat gedişi” (“Abtab-e Yəzd”), “Müharibə təbili; müzakirə sədası” (“Ebtekar”), “Trampın tələsi” (“Etemad”), “Amerika nüvə sazişindən çıxışını kompensasiya etməlidir” (“Ettelaat”), “Qumarbazın müzakirəbazlığı” (“Cəvan”). Bircə “Qanun” qəzeti “Amerika ziddiyyəti” başlığı ilə aktual mövzuya “bərabər tutulacaq” ikinci əsas başlığı ilk səhifəyə çıxarıb – “Xəzərdə ekstremal dalğalar”.

Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələ hələ ötən həftə də “Qanun”un diqqət mərkəzində idi. Milli suların müəyyənləşməsində daha çox Rusiyanı hədəfə alan ilk məqalədə (“Rusiyanın Kaspinlə (Xəzərlə) bağlı qarabasması”) qeyd olunurdu:“…Ruslar tarixən sübuta yetiriblər ki, İran üçün etibarlı qonşu deyillər. Çar Rusiyası 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçayda imzalanan dəhşətli müqavilələrlə, Qafqazın 17 şəhəri ilə birlikdə Xəzər dənizinin qərb sahilini işğal etdikdən sonra, 1881-ci il müqaviləsi ilə, Böyük Xorasanın Vərarud çayı və Xəzər dənizinin şərq sahilini ilhaq edib”.

Mütəmadi olaraq türkafobiya qığılcımları saçan bu nəşrin Azərbaycan Respublikasına qarşı xüsusi qıcığı var. Ötən həftəki məqalədə onu “Bakı Cümhuriyyəti” adlandıran “Qanun” bu dəfə yeni istilahdan istifadə edib: “Aran”, mötərizə içində “Azərbaycan”. Hərçənd, bu yeni istilahyaratma, hüquqi statusu barədə danışılan Xəzər dənizindən də yan keçməyib: “Kaspin”, “Hirkan dənizi”, “Mazandaran gölü”. Üstəlik, “Xəzər” adının “qeyri-irani” olması əsas gətirilərək.

Özlüyündə bu yanaşmalarda yenilik yoxdur. Şərti olaraq “yenilik” deyilə biləcək, “Qanun” və onun şərh üçün (Hermidus Bondla bərabər) müraciət etdiyi beynəlxalq hüquq üzrə ekspert Abbas Kuçnejadın açıqlamalarıdır .

“Nə üçün 1904-cü ildən etibarən İranın müxtəlif hökumətləri, o cümlədən Qacar və Pəhləvi xanədanları, habelə İslam Respublikası İranın Xəzərdə 50 faizilik hüququna nail ola bilməyib” sualını Abbas Kuçnejad belə izah edir: “İranın Xəzər dənizinə olan hüququnun itirilməsinin ən vacib səbəbi Aran və ya Azərbaycan daxil olmaqla, geniş ərazilərin itirilməsi olub”.

Daha sonra o əlavə edir ki, “Sovet İttifaqının dağılmasından sonra Mərkəzi Asiya regionunda ən vacib beynəlxalq məsələlərdən biri Xəzər dənizinin hüquqi rejiminin müəyyən edilməsidir. Hələ də bu dənizin sahilyanı ölkələri arasında nəzəri bir ittifaq yoxdur. Bəzilərinin fikrincə, 1921-ci il müqaviləsinə əsasən, İranın Xəzər dənizindəki payı 50% təşkil edir, çünki bu dəniz İran və Sovet İttifaqı arasında bölüşdürülüb. Digərlərinin fikrincə, həmin müqaviləni tənzimləyən şərtlər artıq mövcud deyil…”.

Abbas Kuçnejad 1921 və 1940-cı illərin müqavilələrinə toxunduqdan sonra müxtəlif İran rejimləri/hökumətlərinin Xəzərin statusu ilə bağlı mövqelərini xatırladır. Bu sırada Sovet İttifaqının dağılmasından sonra Xəzəryanı ölkələrin sayının artması, neft müqavilələri, ikitərəfli sazişlər, xüsusilə sabiq prezident Məhəmməd Xatəmi dövründə İranın 20 faizlik bölgü, 15 millik sərhəd zolağı və 10 millik balıqçılıq sahəsi təklifi də yada salınır. Hazırkı şərtlərdə İranın payının təxminən 16 faizə endiyini qabardaraq, Kuçnejad bir daha bunun əsas səbəbinin “torpaqların itirilməsi” olduğunu dilə gətirir: “Rusiyanın son təklifi əvvəlki razılaşmalara zidd deyil və böyük dəyişikliklər etmir. Mən bir daha vurğulayıram ki, biz torpaqları itirdikdə, belə hallar barədə düşünməliyik”.

Nəhayət, son not: “…göllər beynəlxalq qaydalarla idarə edilmir, lakin heç bir razılaşma olmadıqda, dəniz hüdudlarının ümumi prinsipindən, xüsusən də Xəzər dənizinin dəniz ölçüsünə malik olmasından istifadə edə bilərsiniz. İran 1921-ci il müqaviləsinə istinadla, tarix boyu öz hüquqlarını müdafiə etməyib. Digər tərəfdən, əgər İran öz bivec rəhbərləri ilə Aran (Azərbaycan) kimi mühüm hissəsini itirməsəydi, indi, şəksiz, biz mütləq hüququmuzdan istifadə edəcəkdik; son nəticədə, güclü diplomatiyamız və digər ölkələrlə müsbət və geniş əlaqələrimiz mövcud olacaqdı. Biz 20 faizlik payımızı itirə bilmərik. İran hökmdarları tarix boyu bu cür məsələlərə az diqqət yetiriblər, ümid edirik ki, bu gün Rusiyanın son layihəsi ilə yaranmış olan bəhanə ilə İranın Xəzər dənizinə olan hüququ ön plana çıxıb və hökumət İran xalqının tarixi hüququnu sonadək müdafiə edəcək”.

Zəruri sözardı: Ümumən son dövrdə əsasən rəsmi Bakının təşviqi ilə Azərbaycan mediasında İran əleyhinə çağırışlar görünmür. Həsən Ruhaninin iki dönəm rəhbərliyi dövründə də Azərbaycana qarşı qıcıq doğuracaq ismarışlar, ittihamlar yox olub. Yeganə istisna Pəhləvi sülaləsinin varisi şahzadə Rzanın ABŞ-dakı səfirliyimizdə yubiley tədbirinə dəvəti ilə bağlı “Təsnim” agentliyinin məqaləsidir.

Adətən, İranın siyasi elitasını mühafizəkarlarla – xüsusi qrup kimi fərqləndirərək onların müəyyən hissəsini sərt tənzimçilərə və eynilə yanaşma ilə “mötədillər”ə və “reformistlər”ə bölərək – islahatçılar arasında ayrılma xətti çəkən Qərb mediası ilə müqayisədə, mən buna vərdişkar deyiləm. Bu cinahları təmsil edən mediada da fərqləndirmə aparmaq bəzi hallarda qeyri-mümkündür. Çünki söhbət tarixdən, keçmişdən, yaşadığımız coğrafiyadan və bölgənin müasir mənzərəsindən getdikdə, İran siyasətçiləri və mediası sadəcə iki fəndən daim “2” alaraq sinifdə qalmış şagird təsiri bağışlayır.

“İranın Xəzər dənizindəki payı 50% təşkil edir” iddiası da bu qəbildəndir. 1921-ci il müqaviləsində, o cümlədən 11-ci maddədə çar Rusiyası dövründəki birtərəfli inhisardan fərqli olaraq, Xəzər dənizdən bərabərhüquqlu istifadədən söhbət gedir. O zamana qədər hətta mülki gəmiçiliyə haqqı tanınmayan rəsmi Tehrana ilk dəfə 1921-ci il müqaviləsi ilə hərbi donanma yaratmaq izni verilib. Lakin tarixin rəflərində çoxdan toxunulmaz qalmış bu və 1940-cı ilə aid digər saralıb-solmuş sənədin tozunu silməyə indi ehtiyac yoxdur.

Əsas məsələ İran siyasətçiləri, ekspertləri və jurnalistlərinin, – hansı cinahdan olursa-olsun, – təkcə tarixin dəyərləndirməsindəki yanlışlığı deyil, həm də bu günün tablosunu həzm etməkdə çətinlik çəkməsidir. Hətta sosial şəbəkədən tanıdığım islahatçı yazar Səid Cəfəri “Twitter”-də “Azərbaycan Respublikası 1991-ci ildə yarandığı halda, onun 100 illiyini qeyd etmək axmaqlıqdan başqa bir şey deyil” yazırsa, onun kimilərə veriləcək cavab da sərt olmalıdır: “Yetər, ağacan, ya sənin uşaq vaxtı təhsil, təlim-tərbiyə aldığın məkan məktəb olmayıb, ya da təhsil aldığın məktəbin tarix müəllimi kəmağıl imiş…”