XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 22:31

XİN-in AŞPA-dakı iclasla bağlı MÖVQEYİ

xin fotoAzərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 26-da keçirilmiş plenar iclasında ölkəmizlə bağlı iki məruzənin müzakirə edilməsi məsələsinə münasibət bildirib.

H.Hacıyev xatırladıb ki, məruzəçi Milisa Markoviçin hazırladığı “Azərbaycanın sərhədboyu ərazilərinin sakinləri qəsdən sudan məhrum edilib” adlı məruzə və müvafiq qətnamə layihəsi qəbul edilib.

Qətnamədə AŞPA Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərini işğal etməsi nəticəsində bölgədə yaşayan Azərbaycan vətəndaşları üçün yaranan humanitar və ətraf mühit problemlərini pisləyir. Assambleya hesab edir ki, qəsdən süni ətraf mühit böhranının yaradılması “ekoloji təcavüz” və bir dövlətin digər dövlətə qarşı ekoloji fəlakət zonalarının yaradılması, habelə orada yaşayan əhali üçün normal yaşam şərtlərinin qeyri-mümkün edilməsi məqsədi güdən düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.

Eyni zamanda, sənəddə Assambleya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bunun bütün ətraf ərazilər üçün təhlükə yaratdığını qeyd edir. Qətnamədə Ermənistan hakimiyyətinə su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa və kəskin humanitar problemləri nəzərə alaraq, Ermənistan silahlı qüvvələrinin ərazidən dərhal çıxarılmasına çağırış edilir.

Həmçinin qətnamədə Assambleya tərəfindən bu hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktı kəskin şəkildə pislənilir. Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyi qeyd olunur.

Təəssüf ki, məruzəçi Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilməyib. Səsvermədə iştirak edən AŞPA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb.

Mətbuat katibi vurğulayıb ki, münaqişənin həllində hər hansı irəliləyişin olmadığı şəraitdə Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın ölkəmizə qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir və bundan sonra da bu məsələnin beynəlxalq təşkilatların gündəmində saxlanması və ədalətli mövqeyimizin müdafiə olunması istiqamətində səylərini davam etdirəcək.