XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 12:20

PAŞİNYAN HÖKUMƏTİNİN DAVRANIŞI MOSKVANI QICIQLANDIRIR –"Kommersant" qəzeti Ermənistanın KTMT-dən qopduğunu iddia edir

“Kommersant”

 

Ermənistanın hazırkı hakimiyyətinin sabiq rəhbərləri təqib etməsi Moskva və Yerevan arasındakı münasibətlərdə nifaq yaradıb və tərəfləri daha çox küsdürə bilər.

“Kommersant”ın Rusiya Federasiyasının dövlət strukturlarındakı mənbələrinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məsuliyyətə cəlb edilməsi xüsusən qıcıq doğurub. Kreml bunu hərbi blokun imicinə ciddi zərbə hesab edib və KTMT-yə digər ölkə nümayəndəsinin rəhbərlik etməsi istisna edilmir. Üstəlik, əvvəlcədən razılaşdırılmış Ermənistana 100 milyon $ dəyərində silah göndərilməsi məsələsi sual altında qalıb.

 

Moskvaya deyirlər: “Narahat olmayın”

 

Çərşənbə günü Ermənistanın Xarici İşlər Nazirliyi Moskvanın Ermənistanın yeni hakimiyyətinin hərəkətlərinə dair tənqidinə təpki verib. XİN-in sözçüsü Tiqran Balayan bildirib: “Biz hökumətin daxili siyasətinin prioritetləri olan hüquqi dövlət, müstəqil məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə ilə müşahidə edilən Ermənistandakı daxili proseslərlə bağlı beynəlxalq reaksiyaları izləyirik. Ölkənin xarici siyasət prioritetləri Ermənistan-Rusiya müttəfiq əlaqələrinin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, KTMT və Aİİ (Avrasiya İqtisadi İttifaqı) çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəlib”.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı İrəvana ünvanlanmış alışılmamış sərt bəyanatla çıxış edib. Onun sözlərinə görə, son günlərdə yaşanan hadisələr “…siyasi motivlərlərlə sələflərinin təqibini təşkil etmək niyyəti olmaması barədə Ermənistanın yeni rəhbərliyinin son bəyanatlarına ziddir”.

“Ermənistanda baş verənlər ən azı MDB məkanında təşkilatların normal fəaliyyəti baxımından bizi maraqlandırmaya bilməz “, – deyən Sergey Lavrov əlavə edib ki, son günlərdə Rusiya Federasiyasının nümayəndələri “dəfələrlə Ermənistan rəhbərliyinə öz narahatlıqlarını çatdırıblar”.

Moskvanın qıcıqlanması Nikol Paşinyan hökumətinin təşviqi ilə 2008-ci ilin martında müxalifətin etiraz aksiyalarının zorakılıqla dağıdılması işi üzrə məhkəmə icraatının bir hissəsi kimi keçmiş yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi səbəb olub.

Xatırladaq ki, 2010-cu ildə Ermənistanın indiki baş naziri iğtişaşları təşkil etmək ittihamı ilə həbs edilib. 2008-ci ildə indi o, barrikadaların digər tərəfində duran və aksiyaların dağıdılmasına bais olanların, o cümlədən eks-prezident Robert Koçaryan və 2008-ci ildə İrəvan qarnizonunun rəhbərlik etmiş KTMT baş katibi Yuri Xaçaturovun ədalətə təslim edilməsini tələb edir. Onlara “Dövlət hakimiyyətinin qəsb edilməsi” maddəsi ilə ittiham irəli sürülüb.

Robert Koçaryan iyulun 27-də həbs edilib. Çərşənbə günü onun ofisinin rəhbəri Viktor Soqomyan keçmiş prezidentin İrəvanda həbsdə saxlanıldığı və yalnız vəkillərin onunla görüşünə icazə verildiyini “Kommersant”a bildirib. “K”-nın müsahibi əmindir ki, şefinə qarşı ittihamlar siyasi motivlidir: “2008-ci ilin 1 mart hadisələrinin ciddi araşdırmaya ehtiyacı var. Cəmiyyət əmin olmalıdır ki, o zaman nə baş verib və on nəfər, o cümlədən 2 polis və 8 mülki şəxs niyə həlak olub. Ancaq indi baş verənlərin bu cinayətlərin araşdırılması ilə heç bir əlaqəsi yoxdur”.

Viktor Soqomyanın fikrincə, eks-prezidentin təqibi Robert Köçaryanın “qarşıdakı seçki proseslərində iştirak etmək üçün yaxşı imkanlara malik olması ilə” bağlıdır: “Onun prezidentliyi dövründə iqtisadiyyat böyüyürdü, xarici borc azalırdı, xalq bunu xatırlayır”.

Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin yazında keçirilməlidir.

 

KTMT-yə zərbə

 

Lakin Rusiya Federasiyasının dövlət strukturlarındakı mənbələr “K”-a bildiriblər ki, Moskvada xüsusi qıcıq doğuran KTMT-nin baş katibinin təqibi olub, çünki bu, Rusiyanın nəzarətində olan hərbi-siyasi blokun nüfuzuna zərbədir. Robert Koçaryandan fərqli olaraq, Yuri Xaçaturov girov müqabilində azad edilib. Lakin artıq “K”-nın iyulun 28-də yazdığı kimi, İrəvan ilkin olaraq yalnız şahid ifadəsi vermək üçün Ermənistan paytaxtına çağırılan baş katibə qarşı ittiham irəli sürüləcəyi ilə əlaqədar, KTMT üzrə tərəfdaşlarını xəbərdar etməyib.

KTMT strukturlarına yaxın mənbə, söhbət əsnasında “qeyri-regional oyunçular tərəfindən Xaçaturov və bütün təşkilatı ləkələmək cəhdi”ni istisna etməyib.

Baş katibin vəzifəsi ilə indi nə olub-olmayacağı aydın deyil. Çərşənbə günü Yuri Xaçaturovun vəkili Miqran Poqosyan “RİA Novosti” agentliyinə deyib ki, Ermənistanın Xüsusi İstintaq Xidmətinə vəsatət göndərib və müvəkkilinin ölkəni tərk etməsinə izn verilməsini xahiş edib, çünki “o, beynəlxalq təşkilata rəhbərlik edir və bir sıra vəzifə öhdəlikləri var”.

Amma Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan “Kommersant”a bildirib ki, artıq İrəvandan KTMT Katibliyinə Yuri Xaçaturovun digər ölkənin nümayəndəsi ilə əvəzlənməsi prosedurunu başlamaq üçün sorğu göndərilib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qərargahında, öz növbəsində, İrəvandan heç bir sənəd almadıqlarını söyləyiblər. Baş katibin müavini Valeri Semerikov “RİA Novosti”yə deyib: “Məndə Ermənistan tərəfinin cari baş katiblə bağlı hansısa rəsmi sənəd göndərməsi barədə heç bir məlumat yoxdur”.

O əlavə edib ki, KTMT-nin qaydalarına uyğun olaraq, baş katib vəzifəsi 2020-ci ilə qədər Ermənistana məxsus olacaq.

Hər halda, ən yüksək kadrların mümkün dəyişikliyi məsələsinə noyabrın 8-də, Kollektiv Təhlükəsizlik Şurasının (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçılarından ibarətdir) – KTMT-nin ali orqanının yığıncağında qərar veriləcək. Amma Rusiya Federasiyasının dövlət strukturlarındakı mənbələri “K”-a indidən aydın cavab verirlər: Ermənistanın yeni namizədinin təsdiqi hazırkı vəziyyətdə avtomatizmə malik deyil. Rusiya Prezident Administrasiyasının yaxın mənbə “Kommersant”a deyib: “Ermənistanda baş verən didişmələr təşkilatın imicinə misilsiz ziyan vurur, təəccüblüdür ki, onlar bunu başa düşmürlər”. Əgər baş katib postuna Ermənistanın yeni namizədi təsdiqlənməzsə, əlifba rotasiyasına uyğun olaraq, növbəti namizədi irəli sürmək hüququnu Belarus alacaq.

 

Silah təchizatında uğursuzluq

 

Moskva ilə İrəvan arasındakı münasibətlərdəki anlaşmazlıq əvvəlcədən razılaşdırılmış şəkildə Rusiya silahlarının Ermənistana çatdırılmasına da mənfi təsir göstərə bilər. Rusiya Federasiyası müdafiə sənayesinə aid iki şirkətin top-menecerlərinin sözlərinə görə, müqavilələrin ikinci paketinin həyata keçirilməsi üçün Ermənistan 100 milyon $ məbləğində kredit almaqı idi, indi bu məsələ “böyük sual altındadır”: “Hazırda ümumiyyətlə orada nə baş verdiyi aydın deyil”.

“K”-nın həmsöhbətlərinin sözlərinə görə, müqavilələrin ilk paketi üzrə silah təchizatı və hərbi texnika tədarükü (Moskva onların həyata keçirilməsi üçün 2016-cı ildə İrəvana 200 milyon $ kredit ayırıb) tamamlanıb: Ermənistan Müdafiə Nazirliyi reaktiv “Smerç” reaktiv sistemləri və onun üçün sursat, “İqla” zenit-raket sistemləri, “Avtobaza-M” yerüstü radiotexnika kəşfiyyat sistemləri, “TOS-1A” ağır odsaçan sistemləri, idarəolunan “9M113M” raketləri, “RPQ” minatanları, “Draqunov” snayper tüfəngləri, “Tiqr” zirehli maşınları, habelə rabitə vasitələri alıb.

“Kommersant”ın məlumatına görə, ikinci müqavilə ilə atıcı silah, rabitə mühəndisliyi və şəxsi heyətin daşınması üçün vasitələr alınmalı idi. Ermənistan Müdafiə Nazirliyinin sabiq rəhbərliyi “İskəndər-E” taktiki kompleksinin ikinci bölməsi (onun səkkiz buraxılış qurğusu 2016-cı ildə ayrı-ayrı saziş çərçivəsində erməni hərbçilərinə təslim edilib) və “Su-30cm” qırıcıları almaq istəyirdi. İndi bu planlar şübhə altındadır.

İrəvan-Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskandaryan “Kommersant”a müsahibəsində ölkədə baş verənləri Ermənistanın xarici siyasət prioritetlərinin dəyişməsi kimi yozmamağa çağırıb. “Hazırda Ermənistanda baş verənlər daxili siyasi prosesin məntiqidir. Ona yeni gələnlər və köhnə elita arasında münasibətlər kontekstində baxmaq lazımdır. Bu hadisələrin xarici siyasət komponenti yoxdur. Lakin onların nəticələri heç də həmişə yaxşı ölçülüb-biçilmir”.

 

Tərcümə:Strateq.az