XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2018 - 19:40

“Azərbaycan KTMT-yə üzv ola bilməz, bunun 4 səbəbi var” –Politoloqdan şərh

“Ermənistanın yeni hakimiyyətinin siyasəti Rusiyada narahatlıq yaradır. Ancaq bu bizə eyforiyaya qapılmaq və “Rusiya-Ermənistan münasibətləri pozulur, bundan öz məqsədlərimiz üçün istifadə edək” kimi tələsik qərarlar vermək üçün əsas vermir. Rusiya sabah asanlıqla Ermənistanda narazı qaldığı Baş nazir Nikol Paşinyanı öz tərəfdarı ilə əvəz edə bilər. Moskva bunu əvvəllər də Ermənistanda edib, indi də bunu etmək üçün bu ölkədə kifayət qədər resursu var”.

Strateq.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, ilk növbədə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanın eyni hərbi təşkilatda hansı formada fəaliyyət göstərə biləcəyinə baxmaq lazımdır:

“NATO-da belə hal mümkün deyil.

İkincisi, Rusiyanın Ermənistanda hərbi bazaları var və bu ölkəyə silah almaq üçün kreditlər verir. Azərbaycan bunu normal qəbul edərək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istəyir? Yoxsa biz elə düşünürük ki, təşkilata üzv olsaq, Rusiyanın Ermənistanı silahlandırmasının qarşısını alacağıq?

Üçüncüsü, təminat varmı ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək məqsədilə Ermənistana təsir edəcək?

Dördüncüsü, müstəqilliklərini itirməyən Tacikistan, Belarus və Qazaxıstan misalları isə Azərbaycan üçün nümunə ola bilməz.

Çünki Azərbaycandan fərqli olaraq bu 3 dövlətin NATO ilə əməkdaşlığı yoxdur, Azərbaycan kimi balanslaşdırılmış xarici siyasət yürütmürlər. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra həm NATO ilə əməkdaşlıqdan, həm də balanslaşdırılmış xarici siyasətdən imtina etmək məcburiyyətində qalacaq. Bunu bizdən Moskva tələb edəcək, haqlı da olacaq, bir hərbi blokun üzvü ona qarşı olan hərbi blokla əməkdaşlıq etməməli və balanslaşdırılmışdı xarici siyasət yürütməməlidir”.

Elxan Şahinoğlu xatırladıb ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın Aktau şəhərində Xəzərin statusuna dair Konvensiya imzalandıqdan dərhal sonra Dağıstanda xüsusi müşavirə keçirib, Xəzərdə yeni hərbi bazanın yaradılması işlərini müzakirə edib, Dağıstanın Kaspiysk şəhərində müasir hərbi dəniz bazasının tikilməli olduğunu tapşırıb:

“Hazırda bazanın tikintisinə hazırlıq gedir. İnfrastruktur qurulur. Sergey Şoyqunun sözlərinə görə, Kaspiyskdəki hərbi bazada hərbi qulluqçuların sayı çox olacaq. Bundan başqa, Mahaçqala şəhərinin limanında hər obyektlər tikilir. Sual olunur: Rusiyanın müdafiə nazirinin Xəzərin statusu müəyyənləşəndən dərhal sonra Dağıstana gedib hərbi liman tikintisinin sürətləndirilməsi barədə açıqlama verməsi nəyə lazım idi? Bu, kimə və ya kimlərə mesajdır? Axı Aktauda imzalanan Konvensiyada da bildirilib ki, sahil ölkələri Xəzərə aid olmayan ölkələrin hərbi hövzədə hərbi iştirakına imkan verməyəcəklər.

Yəni Rusiyanın narahatlığına əsas qalmayıb. Belə isə Rusiyanın Xəzərdə gücləndirdiyi hərbi dəniz donanmaları hansı dövlətə qarşıdır? Axı Rusiya İranı, Azərbaycanı, Türkmənistanı və Qazaxıstanı özünə dost və tərəfdaş dövlətlər adlandırır. Görünür, mövcud vəziyyət yenə Rusiyanı qane etmir. Əks halda Rusiya Xəzər donanmasının gücləndirilməsi üçün əlavə 18 yeni həbri gəmi göndərməzdi. Deməli, Rusiya tərəfdaşlarına da inanmır və Xəzər hövzəsində liderliyini göstərir. Rusiya heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarına da inanmır. Belarusun və Qazaxıstanın Rusiyanın Krımı ilhaqından məsafə saxlaması da buna sübutdur”.

Qeyd edək ki, deputat Əli Hüseynli Azərbaycan yeni geosiyasi şərtlər daxilində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola biləcəyini bildirib.