XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 12:16

“Naxçıvan dəmir yolunun açılmasına mütləq Rusiyanın razılığı olmalıdır”

İranın Qərb və ABŞ-la münasibətlərinin normallaşmasından sonra bu ölkənin hansı yöndə siyasət yürüdüəcəyinə dair çoxsaylı versiyalar səsləndirilir. İlk olaraq İranın böyük investisiya layihələrinə qoşulmaq niyyəti ortaya qoyuldu. Ancaq bunun üçün yaxşı kommunikasiyanın olması önəmlidir. Ar
tıq İranın bu yöndə hərəkətə keçdiyi deyilir.

Politoloq M.Əhmədoğlunun sözlərinə görə, İran ardıcıl surətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Prezident Həsən Ruhani Azərbaycana səfəri zamanı vəziyyətin gərginləşəcəyi təqdirdə Azərbaycanı müdafiə edəcəklərini açıq mətnlə bəyan etdi. Verilmiş bütün bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dəstək birmənalı artan istiqamətdədir. Amma İran Ermənistandan da əl çəkmək istəmir. çünki İran Ermənistanı özünün tarixi ərazisi hesab edir və əlaqələri intensivləşdirməklə onu Qərbin və Rusiyanın təsir zonasından çıxarmaq niyyətindədir. Gələcəkdə isə öz təsiri zonasına salacaq. Ermənistan güclü olarkən İran da Ermənistana kömək etmək arzusunda idi. 7.7 milyard dollarlıq investisiya layihələri hazırlanmışdı. Amma İrana qarşı tətbiq edilmiş sanksiyalar bu məbləğdə vəsait qoymağa imkan vermədi. Eləcə də həmin sanksiyalara görə Ermənistan İranın bəzi layihələrini dayandırmalı oldu. Misal üçün, Mehri SES-in tikintisi yalnız Ermənistan banklarının İrandan pul qəbul etməməsinin hesabına dayandırılıb. Ermənistanın belə hərəkəti İranı ayıltdı”.

Politoloq bildirir ki, İran indi Ermənistana yalnız müştərək regional iqtisadi layihələr təqdim edir: “Ehtimal ki, İran Ermənistana müştərək regional iqtisadi layihələrdən başqa yeni bir şey təklif etməyəcək. çünki Ermənistan sonradan İrana qarşı əlavə nöqsanlara yol verdi. Ermənistanın Livana sülhməramlı göndərməsi İrana arxadan xəncər saplamaq anlamındadır. İranın regional müştərək layihələrinin əsas məzmununu isə “Araz” Azad İqtisadi Zonası təşkil edir. Arazqırağı layihələr İranın 3 iri ostanını əhatə etməklə yanaşı, İranın Azərbaycan, Türkiyə və Ermənistanla da əməkdaşlığına şərait yaradır. Ona görə İran bu ideyadan əl çəkməyəcək. İran Arazqırağı layihələrin öz istədiyi formada reallaşması üçün Naxçıvandan keçən dəmir yolunun açılmasını istəyir. İndi Ermənistanın təklif etdiyi İran-Ermənistan dəmir yolu marşrutu mürəkkəb coğrafi relyefdən keçməlidir. Amma Naxçıvan dəmir yolu vaxtilə fəaliyyət göstərib və Culfadan birbaşa İranın ərazisinə keçir. Naxçıvan dəmir yolu işləyəcəyi təqdirdə İran ərazisində əlavə dəmir yolu çəkməyə ehtiyac qalmayacaq. Ona görə İran Naxçıvan dəmir yolunu açmağı Ermənistana başa salmağa çalışır. Bu istiqamətdə İranın müəyyən zəiflikləri var. İranın Ermənistandakı ekspertləri və jurnalistləri İrana xidmət etməyə, ondan pul qazanmağa hazırdırlar. Amma onlar üçün İran Rusiya və Qərbdən sonrada dayanır. İran ən azı Ermənistanda özünü Rusiya və Qərbdən sonra 3-cü yerdə görmək istəmir”.

İranın Naxçıvana gedən dəmir yolunu açması ilə bağlı Ermənistana göstərəcəyi təzyiqin nəticəsi ola bilərmi?

Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, Ermənistanın özü də Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələrdə iştiraka maraqlıdır: “Bu məsələni onlar bir neçə dəfə qaldırıblar. Beynəlxalq müstəvidə bəyan edirlər ki, Azərbaycan onları blokadada saxlayır. Əslində isə yaxın qonşularına qarşı kin-küdurət püskürən Ermənistan özü-özünü bu vəziyyətə salıb. Türkiyəyə qarşı qondarma iddialardan əl çəkmirlər. Azərbaycanın torpaqlarını işğal ediblər. Bu illər ərzində onlar üçün yeganə nəfəsliyi İran verib. Bəli, bu gün İranın siyasətində yeniliklər gözlənilə bilər və dəmir yolunun açılması onlar üçün çox sərfəlidir. Ancaq bu təkcə Ermənistandan asılı məsələ deyil. Bilirsiniz ki, Ermənistanın yiyəsi var. Mütləq Rusiyanın razılığı olmalıdır”.

Məhəmmədəli QƏRİBLİ