XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 09:47

Avropa Şurası “Maqnitski Aktı”nı qəbul etmək istəyir –İnsan hüquqlarını pozanlara sanksiya tətbiq olunacaq

   

 Avropa Şurası Parlament Assambleyası Hüquq Komissiyası AŞ ölkələrini “Maqnitski aktı”nın analoqunu qəbul etməyə çağırır.

Komissiyanın bəyanatı sentyabrın 10-da dərc edilib. Komissiyanın qətnaməsinin layihəsi insan hüquqlarının kobud pozulmasına şəxsən cavabdeh olan şəxslərə viza verilməsinə qadağa qoyulmasını və bank hesablarının dondurulmasını nəzərdə tutur.

Bu cür aktlar “cəzasızlığa qarşı mübarizədə yaxşı alətdir”,- britaniyalı deputat Donald Anderson bildirib. Onun hesabatı layihənin əsasını təşkil edib. Onun sözlərinə görə, belə normaların olması “potensial insan haqları pozucularına qabaqlayıcı təsir göstərəcək. Belə ki, onlar öz ölkələrində özlərini məsuliyyətdən qorunmuş hiss edirlər, ancaq öz əməllərinin bəhrəsini xaricdə dadmaq istəyirlər”.

Layihənin müzakirəsi 2019-cu ilin yanvarında Strasburqda AŞ PA-nın qış sessiyasında olacaq.

“Maqnitski siyahısı” 2012-ci ildə Vaşinqtonda hazırlanıb. Akt Hermitage Capitalın hüquqşünası Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin çevrəsini müəyyən edib və rusiyalı bəzi məmurlara qarşı viza və maliyyə sanksiyalarını tətbiq edib. Vaşinqton məhkəmədən kənar çəkişmələr, işgəncələr və digər kobud insan haqları pozuntularına görə məsul olan şəxsləri qara siyahıya daxil edib.

Maqnitski qanunu və ya aktı (ingilis dilində Magnitsky Act) altı ölkədə qəbul edilib. İlk dəfə 2012-ci ildə ABŞ-da qəbul edilib. Sonra oxşar qanunlar Estoniya (2016-cı il), Kanada və Litva (2017-ci il), Latviyada (2018-ci il) təqdir edilib. 2017-ci ildə Böyük Britaniyada “Maqnitski qanunu”nun birinci hissəsi qəbul edilib. Bu, Londonun hesab etdiyi kimi, kobud insan hüquqları pozuntusunda əli olanların aktivlərinin dondurulmasına aiddir.

Həmin ölkədə daşınmaz əmlakın alındığı vəsaitin mənşəyinə dair sorğu Azərbaycandan olan yüksək vəzifəli məmurlara qarşı irəli sürülüb.

Yada salaq ki, AŞ PA-nın  Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi bu ilin mayında Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.

Qeyd edək ki, son aylarda Azərbaycan-AŞ münasibətləri xeyli dərəcədə müsbətə doğru dəyişib. Xüsusilə, REAL Partiyasının sədri İlqar Məmmədov başda olmaqla bir sıra siyasi məhbusların bu ilin martından başlayaraq azadlığa buraxılmaları əlaqələri getdikcə yaxşılaşdırır. Bu baxımdan “Maqnistki aktı” qış sessiyasında qəbul olunarsa, Azərbaycan-AŞ əlaqələrinin yenidən pisləşə biləcəyi ehtimal olunur. (Musavat.com)