XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 12:32

Deputat Zahid Oruc:"Paytaxtımız uğrunda savaş hələ bitməyib..."

“Kiçik ada dövlətlərini çıxmaq şərtilə, yerdə qalanların hamısının paytaxtı var. Bakı isə siyasi mərkəz olmaqdan daha böyük mənaya və statusa malikdir”.

Strateq.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, hər kəs Qafqazın son 100 illik tarixi ilə bağlı araşdırmalara canı-dildən qoşulur, kitablara, lentlərə, məhkəmə aktlarına və yaddaşlara köçən keçmişin səhifələrini tapıb, Azərbaycanın tərcümeyi-halını bərpa edirlər:

“Fərqində olmasaq da, mislisiz bir hadisədir. Xalqın öz əliylə bir müqəddəs kitab yazılır. İtirilən, basdırılan, güllələnən və repressiyaya məruz qalan nəsillərin arasındakı bağlar bax beləcə bərpa olunur.

Bakını ayrıca bir dövlətə, muxtar subyektə , internasional və ya qeyri-milli şəhərə çevirib onu ələ keçirmək planları hazırlayanlar təkcə nəhəng neft səltənətinə göz dikməmişdilər. Sözsüz ki, strateji sərvətlər regionun taleyində həlledici rol oynayırdı. Lakin bura təkcə mazut quyularının vətəni deyil, həm də üç imperiyanın ordusuna daim hərbi yüksəklik kimi gərək olub.

Ona görə də əldən-ələ keçən Bakı bir xalqın və dövlətin taleyində nə qədər ağrılar, acılar varsa, hamısını yaşayıb. Müharibə hər zaman Bakı uğrunda gedib”.

Zahid Oruc Bakı uğrunda mübarizənin hələ də davam etdiyini deyib:

“Doğrudur, artıq o imperiya quruluşları dağlıb gedib, amma paytaxtımız uğrunda savaş hələ bitməyib. Ən dəhşətlisi müasir informasiya resurslarında ermənilərin əzablı bir xiffətlə, az qala vətən itkisitək yanaşdığı “Bakinskie armyane” adlandırdıqları fərqli bir millətin 100 illik planlarına baxanda görürsən ki, düşmən Abşeron yarımadasındakı cəmisi 4 min kvadrat kilometrlik bir əraziyə tək torpaq kimi deyil, strateji təhlükəsizlik, hərbi, iqtisadi və siyasi nəzarət məntəqəsi kimi yanaşır. .

Lakin Azərbaycan xalqı indi ürəyinin qədrini hamıdan yaxşı bilir. Bakı bu gün azaddır. O hər kəsindir – varlının da, kasıbın da, kəndlinin də, şəhərlinin də, müəllimin də, şagirdin də. Burada yad və köçkün yoxdur.Çünki Bakı hamı üçün doğma bir yurd, isti bir ocaqdır.

Rəsul Rza ruhumuzun və canımızın sakitlik tapdığı bu ilahi şəhərə üz tutaraq deyirdi ki, “yüz ilə ömür sürəydim, bir gün xəstələnməyib”. Səməd Vurğun onun dərdindən danışırdı. Millət zərbələri özünə götürəndə Bakı bir daha heç vaxt xəstələnməyəcək.

Bir vaxtlar tankların əzib keçdiyi bu yollardan 15 sentyabr 2018-ci ildə bir əsrlik qələbənin şərəfinə Prezident İlham Əliyevin qurduğu ordunun əsgərləri 100 il əvvəlki türk paşalarının övladları ilə çiyin-çiyinə addımlayacaqlar. Ən böyük siyasi söz də, geopolitika da, poetika da bu şanlı hadisənin kölgəsində aciz qalır.

Azad Bakını bütün tarixi torpaqlarımızın qurtuluşa gedən yolunda bir nömrəli qala hesab edirik”.