XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 22:37

Cahangir Hacıyev həbsdə aclıq edir –Keçmiş bankir təzyiqlərin artdığını bildirir, Penitensiar Xidmət isə təkzib edir

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevin həbsdə aclıq aksiyasına başladığı bildirilir.

Strateq.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosuna keçmiş bankirin yaxınları məlumat verərək bildirib ki, C.Hacıyev ona təzyiqlərin artmasına etiraz edir.

«Son vaxtlar Cahangir Hacıyevə qarşı münasibətlər daha da sərtləşib. Qanunsuzluq baş alıb gedir. Ailə üzvləriylə görüşməyə imkan verilmir, telefon danışığı hüququndan məhrum edilib. Hətta onun üçün aparılan yeməyin qəbuluna da qadağa qoyulub. O da özünə qarşı qanunsuzluqlara etiraz olaraq, aclıq etmək qərarına gəlib. Adamı ən adi hüquqlarından da məhrum ediblər», – C.Hacıyevin yaxınları belə deyir.

Penitensiar Xidmət isə təcridxanada C.Hacıyevin təzyiqlərlə üzləşməsi, hüquqlarının pozulması barədə deyilənləri qəbul etmir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Azadlıq” radiosuna deyib ki, başqa məhkumlara münasibət necədirsə, C.Hacıyevlə də o cür davranılır: «Bizim üçün onun digər məhkumlardan fərqi yoxdur. Hamıya necə, ona da elə. O da daxili intizam qaydalarına əməl etməlidir. Qanunvericilikdə məhkumlar üçün nə qədər görüş, telefon danışığı nəzərdə tutulubsa, o da o qədər istifadə edir».

M.Sadıqov əlavə edib ki, C.Hacıyev aclıq etsəydi, yəqin ki, Penitensiar Xidmətin bundan xəbəri olardı.

2015-ci ilin dekabrında həbs edilən C.Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə suçlanaraq, 15 il azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etmir.

C.Hacıyevdən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib.

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. (Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir). Bundan əvvəl isə ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

(Azadlıq radiosu)