XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2018 - 20:37

KREML YƏHUDİ DÖVLƏTİNDƏN QİSAS ALACAQMI? –“Putinin ürəyində İsrail üçün məhrəm guşə var”

Əziz RZAZADƏ

Strateq.az

 

Konspiroloqlar üçün göydəndüşmə sxemdir: Soçidə Putin-Əliyev görüşü, silah təchizatı sazişi, ardınca İsrail müdafiə naziri Aviqdor Libermanın Azərbaycana beşgünlük səfəri, eyni vaxta təsadüf edən Bakının “Qurtuluş Günü” münasibəti ilə siyasi ritorikasında anti-İsrail çağırışları olan Ərdoğanın gəlişi (bundan əvvəl İdlibə dair Ankara-Moskva razılaşması), bir neçə gün sonra Suriya səmasında israilli hərbçilərin “məsuliyyətsiz davranışı” və “düşmən hərəkətləri” nəticəsində rus hərbi təyyarəsinin vurulması və tezliklə gerçəkləşəcək Vladimir Putinin Azərbaycana rəsmi səfəri…

Təki istək olsun, könül meyl eləsin, bu hadisələr paradından nə cür desən, ehtimallar, təxminlər, proqnozlar qurmaq olar. Lakin görünən budur ki, yaranmış vəziyyətin gözlənilməzliyi siyasətçiləri, hər iki tərəfin diplomatiyasını iflic edib; ən cəsarətli politoloqlar belə, şərhlərində yetərindən artıq ehtiyatlıdırlar.

Macarıstan baş naziri Viktor Orbanla danışıqlara başı qarışmış Vladimir Putinin “İl-20” təyyarəsinin vurulması və 15 rus hərbi qulluqçusunun ölümünə ilkin yumşaq təpkisi İsrailin sudan quru çıxacağına ehtimal saxlayırdı. Amma Rusiya XİN və Müdafiə Nazirliyi kəskin ifadələrlə barışığa yer qoymayıb.

İsrail səlahiyyətlilərinin Moskvaya səfəri və general Norkinin təqsirsizliyi isbatlamaq cəhdinin ardınca Rusiya Baş Qərargahının gətirdiyi dəlillər Putinin “fəci səhvlər zənciri” adlandırdığı insidenti Suriya ordusunun qeyri-peşəkarlığına, eləcə də İran və “Hizbullah”ın ayağına yazmağı qeyri-mümkün hala gətirib.

“Jerusalem Post” xatırladır: cəmi 2 ay əvvəl Helsinkidə rusiyalı vəzifədaşı ilə təmasından sonrakı müsahibəsində Donald Tramp deyib: “Putinin ürəyində İsrail üçün məhrəm guşə var”.

Bu güşə indi daşa dönübmü? Məhrəmliyin yerini kin və qisas hissi doldurubmu?

Nüfuzlu ərəb nəşri “Ray əl-youm” insidentdən dərhal sonra yazmışdı: “İsrail rus təyyarəsini özünə qalxan etməklə, Putini təhqir etdi və Rusiyanı alçaltdı”.

Putin və Rusiyanın bu təhqirə cavabı necə olacaq?

Rusiya TV-lərinin tanınmış aparıcıları, o cümlədən İradə Zeynalova, Dmitri Kiselyov həftənin yekunlarına dair şərhlərində “İl-20”-nin vurulması və 15 rus hərbçisinin ölümü mövzusuna geniş yer ayırarkən, 70 il əvvəl İsrailin dövlət kimi tanınmasında Rusiyanın sələfi Sovet İttifaqının rolunu və postsovet dövründə xüsusi əlaqələrə vurğu ediblər. Suriyada qənimət götürülmüş “Merkava” tankının Moskvada şəxsən Netanyahuya təhvil verilməsindən 2015-ci ildə yaradılan hərbi koordinasiya üzrə “qaynar xətt”ə qədər Rusiyanın İsrailə güzəştlərini, səxavətini sadalasalar da, onlar “İl-20” insidentinin qarşılığında Kremlin hansı addımlar atmasına dair heç bir tövsiyə və ya eyham səsləndirməyiblər.

KİV-lərin tonu ümumən sərt olmaqdan daha çox naxələfliyi gözə soxma səviyyəsindədir. Sanki sonluq Ermitajda sərgilənən Rembrantın “Azmış oğulun qayıdışı” rəsmini təkrarlamalıdır.

Şübhəsiz, əhalisinin üçdə biri “rusdilli” olan İsrailə münasibətdə Rusiya sovet dövrünün siyasətinə qayıtmaq istəmir. O çağlarda sözügedən tərəflər fərqli səngərlərdə yer almışdı. Amma bu gün İsraildəki sabit yumşaq gücü ilə “Ərzi məvud” (“Vəd edilən torpaq”) “sərhədsiz rus dünyası”nın bir parçası sayılır.

Tam fərqli meyarlarla ölçülməli əlaqələrdə başqa hansı birləşdirici amillər var?

Rusiya statusu mübahisəli olan Qüdsün bir hissəsini İsrailin paytaxtı kimi rəsmən tanıyan ilk dövlətdir. Lakin ABŞ səfirliyini “Beytül-Müqəddəs”ə köçürən Tramp kimi şəhərin “bölünməzlik prinsipi”ni məqbul hesab etmir.

2017-ci ildə 2.493.794.900 $-a (2016 ilə müqayisədə, 13,93% artım – 304.872.908 $) çatmış ticarət dövriyyəsi Rusiya-İsrail zəncirbəndinin mühüm həlqəsi sayıla bilməz. Hətta ABŞ sanksiyalarından can qurtarmaq üçün bəzən, məsələn, Abramoviç kimi, İsraili son sığınacaq seçən mənşəcə yəhudi oliqarxlar da təyinedici amil deyil.

Unudulmamalı digər amil Qüdsün xristian bölümündə böyük mülkləri olan rus pravoslav kilsəsinin mövcudluğudur. Özünü “Üçüncü Roma”, yəni Bizans varisi adlandıran Rusiya hələ Osmanlı dönəmindən Yaxın Şərqdə dindaş-məzhəbdaşlarının himayəçisi rolunu icra edir.

Lakin xüsusi əlaqələrin daha çox strateji baxışlar və təxəyyüllə formalaşması ağlabatandır. İsrail təpədən-dırnağa ABŞ-la müttəfiqlik sarmaşığına bürünsə də, Rusiya ilə siyasi-diplomatik eşqbazlıq edir. Moskva nakam aşiq kimi, Vaşinqton-Təl-Əviv nikahının pozulmasına hər zaman ümid yeri saxlayır.

Eyni sözləri ABŞ-dan heç vəchlə qopmayan Körfəz ölkələrinə münasibətdə də demək mümkündür. Son illərdə İsraillə gizli-aşkar yaxınlaşmış ərəb monarxiyaları Moskva ilə əməkdaşlığı gücləndirir.

Qısası, Kreml Suriya və İranla, Tehran rəsmilərinin təbirincə, “həm şərik, həm rəqib” kimi çıxış edərək, bölgədə daha çox tarazlaşdırıcı aktyor kimi fəaliyyət göstərir.

Doğrudur, politoloqların yarızarafat “Vilayəti-Putin” adlandırdığı İranın Rusiya ilə müttəfiqliyi, İsrailin Suriya ərazisindəki obyektlərinə sərbəst şəkildə endirilən zərbələr nəzərə alınmaqla, bəzən çoxlu suallar, şübhələr, o cümlədən Tehranda Moskvaya etimadsızlıq yaradır. Lakin “İl-20”-nin vurulması və 15 rus hərbçisinin ölümündən sonra Suriya səmasının İsrailin hava hücumlarına tam bağlanması ehtimalı var. Birbaşa olmasa da, dolayısı ilə.

Bu, əlbəttə, İrana Suriyada tam fəaliyyət sərbəstliyi və onun Colan Təpələrindəki təmas xəttinə yenidən qayıdışı anlamına gəlmir.

Maraqlı budur ki, Rusiya Baş Qərargahının bəyanatında İsrail təyyarələrinin bombaladığı obyektlərin İran və ya “Hizbullah”a aidiyyətinə və hərbi məqsədli olduğuna dair bircə kəlmə belə yoxdur. Sənəddə hədəfə alınmış məkanda “sənaye obyektləri”nin yerləşdiyi qeyd olunur.

Əvvəllər təxminən 400 milyon dollarlıq müqavilədən, yəni Suriya hava hücumundan müdafiə qüvvələrinin “S-400” raketləri ilə təchizatından imtina edən Rusiya artıq Şama “S-300” raketləri və digər hərbi qurğular verməyə razıdır. Müdafiə naziri Sergey Şoyqunun bu açıqlamasından sonra Moskvanın daha hansı addım atacağı, hərbi itkilərə görə təzminat istəyəcəyi və ya qisas əməliyyatı keçirib-keçirməyəcəyi müəmma olaraq qalır. Halbuki Müdafiə Nazirliyinin ilk bəyanatında Rusiyanın İsrailə cavab vermək hüququ vurğulanırdı.

2015-ci ilin noyabrında bir hərbi təyyarəsinin vurulması və təyyarəçinin ölümünə görə Kreml, əlaqələrin kəsilməsi və embarqo ilə, Ankaranı divara dirəmiş, yalnız Ərdoğanın rəsmi üzrxahlığı və kompensasiya müqabilində Türkiyəyə barışıq elan etmişdi. 2018-ci ilin sentyabrında bir hava gəmisi və 15 hərbçisini itirən Rusiyanın İsraillə həlim davranışı Moskvanın prestiji və Putinin şəxsi nüfuzuna sağalmaz zərbə vura bilər.

“Yaxın Şərqin yeni çarı” hələ ki susur. Bəlkə də yaxın günlərdə BMT-nin toplantısında Suriya mövzusunu çıxışının ana xətti edəcəyi indidən məlum olan xarici işlər naziri Sergey Lavrov bu intizara son qoyacaq.