XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 15:11

Tofiq Zülfüqarov:“İşğalçı Ermənistan bizə heç bir seçim qoymadı...”

“Ermənistan tərəfi kompramisə getmək niyyətində deyil”.

Bu sözləri “hafta.az”a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri  Tofiq Zülfüqarov Ermənistan baş naziri Paşinyanın son bəyanatlarını şərh edərkən deyib.

“Nəzəriyyə baxımından iki yol var; ya siyasi danışıqlar yolu, ya da hərbi yolla bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Başa düşməliyik ki, işğal olunmuş rayonlar bizdən güc yolu ilə alınıb. Ermənilər bizə imkan verməyəcək ki, biz həmin torpaqları sülh yolu ilə qaytaraq. Belə olan təqdirdə yalnız bir çıxış yolu qalır, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa etməliyik” – deyə o vurğulayıb.

Tofiq Zülfüqarov Paşinyanın “vaxt gələcək Dağlıq Qarabağ və işğal edilmiş yeddi rayon da Ermənistana birləşdiriləcək” bəyanatının arxasında birbaşa müharibəyə təhrik çağırışının dayanmadığını bildirib: “Təbii ki, onun bu bəyanatları birbaşa təhrik deyil. Əslində müharibə bitməyib, davam edir. Sadəcə olaraq cəbhə xəttində uzunmüddətli atəşkəs olunub. Müharibə indi də davam edir. Qarşı tərəf dəfələrlə bəyan edib ki, onlar heç bir halda işğal etdikləri əraziləri qaytarmayacaqlar. Belə olan təqdirdə Azərbaycana heç bir seçim qoymurlar. Bu disskusiya nəyə görə vacibdir? Ölkə prezidentinin Milli Məclisdə çıxışından gəlinən qənaət budur; Azərbaycan dünyaya axırıncı dəfə göstərmək istəyir ki, bizə məsləhət olunan hər bir şeyi etmişik. Vasitəçilər nə demişdilərsə yerinə yetirmişik. Məsələn, danışıqlar aparmışıq, uzunmüddətli atəşkəs rejiminə sadiq qalmışıq, 1 milyondan artıq məcburi köçkünün dözülməz şəraitinə, mənəvi əzab-əziyyətinə baxmayaraq, siyasi prosesi aparmaq istəmişik və s. Amma bütün bunların fonunda işğalçı dövlət bizə heç bir seçim yeri qoymadı. Faktiki olaraq ermənilər bizi kapitulyasiya olmağa məcbur edir. Bu da mümkün deyil”.

Tofiq Zülfüqarovun sözlərinə görə, ilkin dönəmlərdə Ermənistanın yeni hökümətinə bəzi ümidlər vardı. Onlar acınacaqlı vəziyyətləri görüblər və həmin acınacaqlı vəziyyətin nəticəsində hakimiyyətə gəliblər. Düşünmək olardı ki, onlar acınacaqlı vəziyyəti tənqid ediblərsə, deməli real siyasət yürütmək imkanları da vardı: “Amma göünən odur ki, hazırki Paşinyan höküməti, onun tərəfdarları vaxtilə Sərkisyan hakimiyyətini tənqid edərkən hakimiyyətə gəlmək üçün bundan vasitə kimi istifadə ediblər. Ermənistanda hazırkı hökumət rəhbəri də yaxşı anlayır ki, ölkəsinin acınacaqlı durumda olmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir. İqtisadi böhran vəziyyəti ilə bağlı Paşinyan Sərkisyan hökümətini tənqid edirdi. O, yaxşı anlayır ki, bunun əsas səbəbi Dağlıq Qarabağ problemidir. Hara baxsan Ermənistanın əsas probleminin işğalçılıq siyasətindən qaynaqlandığını görürsən. Əgər sən bunu dəyişmək istəmirsənsə, onda hansı siyasi perspektivdən danışmaq olar?! Təbii ki, bütün bunlara cavab olaraq Azərbaycan tərəfi bəyanatlar verir. Beynəlxalq ictimaiyyətə göstərir ki, bizim səbrimiz tükənib. Yəni, lazımı imkanlardan istifadə edərək biz öz ərazi bütövlüyümüzü azad edəcəyik”.

Xatırladaq ki, Sentyabrın 21-də prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə Milli Məclisdə təntənəli çıxışı zamanı bəyan edib ki, işğalçı ölkə özünün işğalçılıq siyasətinə davam edərsə, o zaman digər mümkün variantlar işə düşəcək: “Əgər onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq”.