XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 16:56

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib –XİN-dən açıqlama

Bakıda Azərbaycan və Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci mərhələsi keçirilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Monteneqro tərəfindən isə XİN-in dövlət katibi Zoran Yankoviç rəhbərlik ediblər.

X.Xələfov məsləhətləşmələrin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək gələcəkdə mütəmadi xarakter alacağına və ikitərəfli əlaqələrə təkan verəcəyinə dair ümid ifadə edib. Dövlət başçıları arasındakı dialoqun yüksək səviyyədə olduğunu vurğulayan X.Xələfov ikitərəfli münasibətlərin təşviqi üçün XİN-lər tərəfindən də müvafiq töhfənin veriləcəyinə inamını bildirib.

Z.Yankoviç iki ölkə arasında mövcud siyasi münasibətlər və qarşılıqlı anlaşma barədə həmkarının fikirlərini bölüşdüyünü, müxtəlif formatlarda, o cümlədən parlamentlərarası əlaqələr, müvafiq nazirliklər və qurumlar arasında dialoqun intensiv və səmimi xarakter daşıdığını diqqətə çatdırıb. İqtisadi əlaqələrə toxunan qonaq Azərbaycanın 2017-ci ilin nəticələrinə görə Monteneqroya sərmayə qoyuluşunun həcmi baxımından üçüncü ölkə olduğunu vurğulayıb. O, Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu və bu məqsədlə, Monteneqro hökumətinin Bakıda diplomatik nümayəndəliyin açılması barədə siyasi qərar qəbul etdiyinə dair məlumat verib. Həmçinin qonaq Monteneqro Baş nazirinin Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı müvafiq işlərin aparılmasından bəhs edərək, adıçəkilən səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

X.Xələfov iki ölkənin beynəlxalq arenada tutduğu mövqelərin yaxınlığını məmnuniyyətlə qeyd edib. O, Azərbaycanın Cənubi Qafqazda lider olduğu və əksər irimiqyaslı layihələrin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirildirdiyindən geniş bəhs edib. Nazir müavini Azərbaycanın sərfəli tranzit imkanlarını təklif etdiyini bildirilb. X.Xələfov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının bölgədə aparılan əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qonşu dövlətlərdən yalnız Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətini davam etdirdiyinə görə sadalanan layihələrdən təcrid olunduğunu vurğulayıb.

Nazir müavini Azərbaycanla Monteneqro arasında ticarət dövriyyəsinin ikitərəfli münasibətlərin potensialına cavab vermədiyini, iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə hökumətlərarası komissiyanın fəaliyyətinin, biznes-forumların və digər tədbirlərin təşkilinin, qarşılıqlı sərmayələrin yatırılmasının vacibliyini qeyd edib.

Monteneqro XİN-in dövlət katibi ölkəsinin hər zaman Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsinin və şaxələndirilməsinin tərəfdarı olduğunu bildirib. O, Avropa İttifaqının yekdil mövqeyini dəstəkləyərək, ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizama salınması üzrə mövqeyinin dəyişilməz olduğunu vurğulayıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərməsi, ölkələr arasındamüqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.