XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 12:55

Politoloq Arzu Nağıyev:"Paşinyan həm müharibədən, həm də sülhdən qorxur”

“Mövcud gərginliklərə baxmayaraq, danışıqların davam etdirilməsi yaxşı haldır. Təəssüf ki, BMT və ATƏT səviyyəsində yenə də deklorativ bəyanatlar səslənir, qəbul olunan qətnamələr yerinə yetirilmir və ümumiyyətlə, icra mexanizmi yoxdur”.

Bu sözləri politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyan Nyu-Yorkdakı sessiyaya getməzdən əvvəl Azərbaycana müharibə elan edib, BMT-dəki çıxışında isə münaqişənin sülh yolu ilə həllindən danışıb: “Bir tərəfdən Azərbaycanı sülhə çağırır, bildirir ki, Qarabağ Azərbaycanın tərkibində olmamalıdır. Eyni zamanda ermənilərin Dağlıq Qarabağda Azərbaycanın tərkibində yaşamaq istəmədikləri və guya Bakının münaqişə tərəfi kimi Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlara başlamalı olduğu ilə bağlı fikirlər səsləndirməklə bütün dünyanın fikrini yayındırmaq istəyir. Belə bir paradoks yaranır: Ermənistan müharibə istəmir və eyni zamanda sülh danışıqlarına getmir. Deməli, Paşinyanın daxili və xarici siyasəti absurddur, həm müharibədən, həm də sülhdən qorxur”.

A.Nağıyevin fikrincə, Ermənistan rəhbərliyinin əsas məqsədi vaxtı uzatmaq və seçkilərə qədər Qarabağ “kartı”ndan öz məqsədləri üçün istifadə etməkdir. Ancaq politoloq danışıqlarda daha açıq və aydın mövqenin ifadə olunmasını zəruri sayır: “Görüşləri davam etdirmək üçün konkret suallar qoyulmalı və cavab alınmalıdır. Əks halda, görüşlər naminə görüşlərin keçirilməsi də məqsədəuyğun deyil”.

Qeyd edək ki, Azərbaycan XİN Paşinyanın sərsəm bəyanatını cavabsız qoymayıb. “İlkin təəssürat ondan ibarətdir ki, Ermənistanın baş naziri özünün adlandırdığı ”məxməri inqilab”ın hələ də təsiri altındadır, populist və olduqca ziddiyyətli ritorikadan çıxış edərək BMT Baş Assambleyasını Gümrü və İrəvan küçələri ilə səhv salıb”. Bu barədə BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyətinin bəyanatında deyilir. Ermənistanın baş naziri sessiyadakı çıxışında deyib ki, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində ola bilməz. Onun fikrincə, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması yeni “erməni soyqırımı” deməkdir. Azərbaycan XİN-in yaydığı sənəddə deyilir ki, Ermənistan baş nazirinin bəyanatı Azərbaycana qarşı müharibənin başlanılması, onun ağır nəticələrinə görə məsuliyyəti və faktları rədd etmək üçün növbəti uğursuz cəhddir.  Bakı Azərbaycanın konstitusional və hüquqi çərçivəsi daxilində Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının bərabər və tam iştirakı ilə digər məsələlərin cavablandırılması üçün lazımi şərtləri yaradacaq. “Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və belə olaraq qalacaqdır. Azərbaycan torpaqlarının hərbi işğalı müvəqqətidir və heç vaxt Ermənistan tərəfindən arzu edilən nəticələri verməyəcək. İrəvan öz xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaq kimi faydasız cəhdlərindən əl çəkməli, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə əməl etməlidir”, bəyanatda qeyd edilir. Deməli, danışıqlar ancaq bu şərtlər daxilində davam etdirilə bilər. Əks halda, söz Azərbaycan əsgərinin olacaq”.