XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2018 - 18:42

QÜDRƏT HƏSƏNQULİYEVDƏN ARAZ ƏLİZADƏYƏ SƏRT CAVAB:“Onun kimliyi Azərbaycanda hər kəsə bəllidir”

“İşğal olunmuş ərazilərimizin hüquqi statusu ilə bağlı qanun qəbul etməliyik. Eyni problemləri yaşayan digər keçmiş sovet respublikalarında bu qanunlar qəbul olunub. Biz görürük ki, hər gün işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi talan edən şirkətlərin sayı artır.

Strateq.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının ilk plenar iclasında səsləndirib.

Onun sözlərinə görə, işğal altındakı yaşayış məntəqələrində ermənilər, erməni diasporası məktəblər tikir, yollar çəkir, həmin ərazilərdə məskunlaşdırma işləri aparırlar. Odur ki, oradakı rejimin hüquqi statusu ilə bağlı müvafiq qanun qəbul olunmalıdır: “Bundan sonra da həmin o şirkətlər barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülməlidir”.

Deputat daha sonra Qarabağ münaqişəsi ilə bağlı son duruma toxunub: “Hamımız bilirik ki, bizim torpaqlarımızın işğal altında qalmasının səbəbkarı bizim düşmən elan etdiyimiz Ermənistan deyil. Ermənistan olsaydı, biz bu problemi çoxdan həll etmiş olardıq. Qarabağ məsələsini siyasi məqsədlər üçün istifadəyə cəhd edən bəzi insanlar zaman-zaman bununla bağlı manipulyasiya etmək istəyirlər ki, niyə biz Ermənistanın öhdəsindən gələ bilmirik? Axı söhbət ondan gedir ki, bu işğalın arxasında Rusiya dayanıb və mən hər zaman söyləmişəm ki, danışıqlar Rusiya ilə aparılmalıdır. Biz onu da düşünməliyik. Həmin adamlar da insanlarda xüsusi olaraq əlavə əsəb gərginliyi yaratmaq əvəzinə, bu barədə düşünməlidirlər. Biz nə qədər hərbi potensialımızı artırsaq da, əgər Rusiya Ermənistana dəstək verəcəksə, bizim o torpaqları hərb yolu ilə azad etmək imkanlarımız ciddi şəkildə şübhə altında olacaq. Ola bilər ki, bizim yeni ərazilərimiz də bu cütlük tərəfindən işğal olunsun. Ona görə də daha təmkinli siyasət yürütmək lazımdır. Mən də o fikirdəyəm ki, parlamentdə də müzakirələr aparılmalıdır, Dağlıq Qarabağ məsələsi ilə bağlı müvafiq komitə yaradılmalıdır. Hökumət Rusiya ilə aparılan danışıqlarla bağlı parlamentə də məlumat verməlidir”.

Daha sonra millət vəkili əlavə edib ki, payız sessiyasınını gündəliyinə ciddi qanun layihələri daxil edilib: “İkinci söyləmək istədiyim məsələ ümumtəhsil haqqında qanun layihəsi ilə bağlıdır. Bu yaxınlarda bizim hörmətli təhsil naziri Azərbaycanda rus dilinin öyrənilməsi ilə bağlı xüsusi əmr imzaladı. Azərbaycanda kifayət qədər rusdilli məktəblər var. Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Azərbaycanın kənd təsərrüfatı məhsulları əsasən Rusiyaya ixrac olunur. Yəni Rusiya böyük ölkədir və bizim qonşumuzdur. Bu dilin öyrənilməsinin qətiyyən əleyhinə deyiləm. Əslində, hesab edirəm ki, nə qədər çox insan rus dilində danışa bilsə, bir o qədər faydalıdır. Mən vaxtilə sovet ordusunda hərbi xidmətdə olarkən, görürdüm ki, ermənilər və gürcülərin əksəriyyəti rus dilində danışırlar. Amma azərbaycanlılara gəldikdə, yalnız Bakı şəhərindən olanların müyyən hissəsi, bir də Gəncə və Sumqayıtdan müəyyən sayda insanlar rus dilində danışa bilirdilər. Amma hazırda Azərbaycanda elm adamlarının çoxu beynəlxalq dil olan ingilis dilini bilmir. Hətta diplomatlarımızın arasında ingilis dilini bilməyənlər var. İqtidarlı-müxalifətli siyasətçilərin çoxu ingilis dilində akademik səviyyədə danışa bilmir. Amma hesab edirik ki, ermənilərlə gürcülər bu dili daha yaxşı mənimsəyirlər.

Mən hesab edirəm ki, Azərbaycanda beynəlxalq dil olan ingilis dilinin mənimsənilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul edilməli və təhsil nazirinin növbəti əmri bu barədə olmalıdır. Bizim ingilis dilinə çox böyük ehtiyacımız var. Yenə də deyirəm, sovet dövründə rus dilini öyrənməliydik, onda da yaxşı öyrənmədik. Allah rəhmət eləsin, mərhum prezident Heydər Əliyev yaxşı ki, azərbaycanlıları Rusiyanın müxtəlif universitetlərində təhsil almağa göndərirdi…”.

Millət vəkili həmçinin “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi ilə bağlı da fikirlərini bölüşüb və bu zaman onun əvvəlki çıxışına münasibət bildirmiş deputat Araz Əlizadənin “…Qüdrət Həsənquliyev Azərbaycan xalqında qorxu xofu yaradaraq Rusiya ilə danışıqlar aparmağı təklif edir. Xalqda ruh düşkünlüyü yaradır. Buna yol vermək olmaz” fikirlərinə də sərt cavab verib: “Mən bu memorandumla tanış oldum, alqışlayıram və dəstəkləyirəm. Hər zaman biz söyləmişik ki, Türkiyə ilə xüsusilə müdafiə sənayesində əməkdaşlıq genişləndirilməlidir. Sentyabrın 15-də, bilirsiniz ki, Bakının işğaldan azad olunması ilə bağlı möhtəşəm bir parad keçirildi. Bu, buradakı rusiyayönümlü siyasətçiləri xeyli qıcıqlandırmışdı, o cümlədən əminəm ki, Araz Əlizadəni… Araz Əlizadəni qıcıqlandıran mənim çıxışımdakı o məsələ deyil ki, biz Rusiya-Ermənistan ittifaqına qalib gələ bilmərik. Onu qıcıqlandıran odur ki, mən söylədim, bu konfliktin arxasında Rusiya dayanır. Onun Mütəllibovla əlaqəsi, vaxtilə 90-cı illərdə parlamentdə etdiyi çıxışı, Mütəllibovun Moskvada sığınacaq tapması… – biz bunun hamısını bilirik. İndi bu cür çıxışlar keçmişini Araz Əlizadəyə unutdura bilməz. Onun kimliyi Azərbaycanda hər kəsə bəllidir. Hamı bilir ki, o hara, hansı qüvvələrə bağlıdır. Ona görə də mən əməkdaşlıq sazişini çox yüksək qiymələndirirəm və hesab edirəm ki, Türkyə ilə hərbi əməkdaşlıq daha da genişləndirilməlidir və buna da səs verəcəyəm”.