XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 Oktyabr 2018 - 19:14

Corc Kent:"ABŞ Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində səylərini alqışlayır"

ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdikləri səyləri alqışlayır.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Bakıya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı deyib.

C.Kent Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov, Azərbaycanın bizness dairələrinin nümayəndələri, siyasi müxalifət və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirib.

Keçirdiyi görüşlər zamanı C.Kent bir sıra vacib məsələləri ünvanlayıb və Avropanın enerji təhlükəsizliyinə və Azərbaycanın iqtisadi müstəqilliyinə təminat verən “Cənub Qaz Dəhlizi” lahiyəsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanın Əfqanıstanda verdiyi mühüm töhfələri, bölgədə terrorçuluğa qarşı mübarizədə və İranın qeyri-qanuni yolla nüvə silahının əldə olunmasına qarşı beynəlxalq səylərdə paylaşdığımız məqsədləri müzakirə edib. Dövlət Katibinin köməkçisinin müavini həmçinin kənd təssərüfatı, turizm, nəqliyyat və loqistika, informasiya texnologiyaları sahələrinə yatırılan investisiyalar sayəsində Azərbaycanın iqtisadi diversifikasiya üçün ABŞ ilə apardığı əməkdaşlığı da müzakirə edib və bu sahədə ABŞ şirkətlərinin imkanlarını vurğulayıb.

C.Kent Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin gücün istifadə olunmaması və ərazi bütövlüyü, xalqların müqəddaratını müəyyənləşdirmək hüququnu əks etdirən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan dinc həllinə sadiqliyini təkrar edib. ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdikləri səyləri alqışlayır.

Rəsmi görüşlər zamanı C.Kent toplaşma azadlığı və qanunun aliliyi də daxil olmaqla fundamental azadlıqlara hörmətin, korrupsiyaya qarşı mübarizə, Azərbaycan xalqının firavanlığı və təhlükəsizliyinin təminatı və ikitərəfli münasibətlərin dərinləşməsinin vacibliyini vurğulayıb.