XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

14 Oktyabr 2018 - 11:53

Məhəmməd Əmin Rəsulzadənin 1927-ci ildə oxuduğu mühazirə:“Mədəni millətlər arasında tüfeyli deyil, dəyərli üzv olmağa çalışmalıyıq”  

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir.

Professor Şirməmməd Hüseynov  1927-ci ildə “Azəri gənclər birliyi” yığıncağında M.Ə.Rəsulzadənin oxuduğu “Qərbdə və Şərqdə milli məsələ” adlı mühazirəsini “525-ci qəzet”ə təqdim edib.

Strateq.az məqaləni oxucularına təqdim edir:

“SIRA ŞƏRQİNDİR

Milliyyət məsələsi Avropada həll edilmişsə də, bütün dünyada daha həll edilməmişdir. Milliyyət davasının Fransa və Amerika ixtilallarındakı bəşəri fikirlərdən istifadə etdigi yuxarıdan bəri təfsil etdigimiz vaqeələrlə sabitdir.

Müstəmləkə inqilabısının ən böyük mürşidi bulunan Müttəhid Amerika Cümhuriyyətinin qəhrəman müəssisi Vaşinqton nitqlərindən birində “Biz hürriyyət və birlik toxumunu saçdıq, bu toxum bütün dünyada çiçəklənəcək. Bir gün gəlir ki, müttəhid Amerika hökumətlərinə nazir olaraq Müttəhid Avropa təəssüs edər və Amerika hökumətləri bütün cahana örnək olur!”

Vaşinqtonun bu sözlərindəki məna, bədə kəndisindən bəhs etdigimiz Monroenin məşhur bəyannaməsində yer verilmiş, nihayət bu “tez” (ideya) Rəis Vilsonun nitq və bəyannamələrində tərvic edilmişdir. Vilsona görə Amerika ənənəyi siyasiyyəsini təşkil edən əsas ikidir. Xaricən hər millətin kəndi müqəddəratını həllə səlahiyyətdar olması və daxilən də vətəndaşların tabe olduqları hökuməti bizzat təyin etmələri. Birinci məbdə (prinsip) beynəlmiləl münasibatda hürriyyətdən, dövlətin millətləri mexanik qüvvətlə istiladan imtinandan, ikinci məbdə də hər məmləkət daxilində demokrasi rejiminin təsisindən ibarətdir. “Bən təklif ediyorum ki, – Vilson diyor – bütün millətlər (dövlətlər) digər bir milləti kəndisinə tabe olmaq üçün təzyiq və icbar etməsin, hər millət kəndi idarəsini bizzat kəndi təyin eyləsin və təklif ediyoram ki, tabelər mətbuları (başçıları) bulunan idarənin şəkil və mahiyyətini bizzat kəndiləri təyin eyləsinlər”.

Vaşinqton bütün cahandan bəhs edərkən Avropanın Amerikaya bənzəyəcəgini söyləmiş və bununla iktifa eyləmişdir (kifayətlənmişdir). Vaşinqton proğramını tərvic edən Monroe və Vilson kibi rəislər, fikirlərini bütün cahanı ehtiva edər bir şəkildə ifadə etməklə bərabər, tətbiqatda yalnız Amerika və Avropa sahəsi ilə iktifa eyləmişlərdir. Avropadakı ən radikal və sosyalist cərəyanlar belə aləmşümul mülahizə və projelərində Avropa və Amerika qitələrindən dışarıyı qəst etməmişlərdir. Avropadakı radikal əmələ cərəyanlarını belə, Şərqdəki hərəkat, avropalılara təəlluq edən şu və ya bu məsələyə toxunduracağı məzərrət və fayda nisbətində əlaqədar etmiş, hadisə o nöqtədən təqdir edilmişdir.

Yalnız bu hərbdən sonradır ki, “cahanı-mədəniyyət” milliyyət məsələsinin sırf Amerika və Avropaya münhəsir bir məsələ olmadığını görmüş, kəndisini müəzzəm bir hərəkat qarşısında bulmuşdur.

Əvət, məsələyi avropalıların “eqosentrik” görüşlərindən təcrid və aləmşümul bir nəzərlə tədqiq edərsək, əsl milliyyət məsələsinin bundan sonra həll ediləcəginə hökm etməliyiz. Türk dünyasını qəbzəsində (ovcunda) bulunduran qızıl bolşevizm yalancı bütün şüarına rəğmən, milliyyət məsələsini həll etmiş degildir. Sovet Federasyonunun nə kibi sentralist və milliyyət düşməni zalım bir idarə olduğunu biliyorsunuz. Millətlər Cəmiyyətinin qaliblər arasında bulduğu yeni müstəmləkələr haqqında tətbiq etdigi sistemin, əski müstəmləkələr sistemindən şəklən fərqli olmaqla bərabər, yeni müstəmləkə sistemi olduğu məlumdur. Burada dəyişən yalnız kəlimədir. Müstəmləkə yerinə “mandat” deyilmişdir. Təbiidir ki, bənligini istehsal (hazırlayan) və tamamilə təşəkkül etmiş bir milləti, bu kibi məhdud şəkillərlə aldatmaq olmaz.

Şərq məmləkətlərinin, bilxassə Türk ellərinin, Avropa millətlərinin XVIII və XIX əsrlərdə keçirdikləri milli cidal və ixtilal dövrünə girdiklərində şübhə yoxdur. XIX əsr Avropa millətləri üçün nə idisə XX əsr də Şərq millətləri üçün odur.

“Milliyyət” kəlməsi ilə “millət” kəlməsi arasında fərq vardır. Hürriyyət və istiqlalını kəsb (əldə) etmək yolunda əzm və israr göstərməyən bir cəmiyyət milliyyət olsa da millət degildir. Millət, istiqlalı ilə yaşamaq əzminə qərar vermiş milliyyətdir. Türkiyənin göstərdiyi xarüqə Asiya İstiqlal hərbi kibi, şanlı misallar varkən Türk və Şərq millətlərinin də artıq bir millət olaraq meydana çıxdıqlarına şübhə ediləməz.

Şərqdə və bilxassə Türk və İslam dünyasında zühur edən milliyyət cərəyanlarının və milli cidalların mahiyyət və həqiqətini tamamilə qavraya bilmək üçün məsələyi ayrıca tədqiq etmək lazım. Bu bəhsə başqa bir müsahibədə övdət etməyə çalışacağız. Şimdilik şu qədər söyləyə biliriz ki, Avropadakı milliyyət cərəyanlarında təsbid edilən 3 mühüm dövrü Şərq hərəkatları pək qısa bir zamanda keçiriyorlar.

Avropa milliyyətpərvərligi, verdigimiz təfsilatdan da seziləcəgi vəchilə 3 dövr keçirmişdir:

  1. Fransa ixtilal məktəbinin təsirində bulunan rasyonalizm dövrü. Bu dövrdə milli hərəkat yalnız hüquqi-təbiiyə nöqteyi-nəzərindən görülüyor, milliyyəti müəyyən qanunlar təhdində yaşamağa qərar vermiş siyasi bir zümrə ədd ediyorlardı. Madam ki, insan hürdür, dövlət də hürr insanların muradi ümumisinə müvafiq hürr bir müəssisə olmalıdır, deniliyordu.
  2. Alman filoloji məktəbinin təsiri ilə zühur edən irqçilik dövrü (rasizm). Bu dövrdə milliyyət məbdəi (prinsipi) romantik bir həyəcanla müdafiə olunaraq, milliyyətin şəxslərin iradəsilə degil, irq və mənşə vəhdətindən mütəvəllid olduğu iləri sürülüyordu.
  3. Üçüncü dövrdə bu iki nəzəriyyənin etilafından (birləşməsindən) hasil olma əsri hars nəzəriyyəsi hakim oluyor ki, milliyyəti eyni şərait təhdində bulunan insanlar zümrəsindən mütəvəllid (əmələ gələn) cəmiyyət məhsulu ədd edərək, irq nəzəriyyəsindəki kollektivizm şərtini ifa etməklə bərabər, milliyyəti müstəhsəyə dönmüş bir müəssisə halında görəməz, onun tərəqqi və təkamül edər bir müəssisə olduğunu və milliyyət davasının insani demokratik prinsiplərlə müttəfiq olduğunu iddia edər.

Türkiyə həyati-siyasiyyəsini Şərq cərəyanlarının tipik bir misalı olaraq alırsaq bu 3 tipik nəzəriyyənin müxtəlif zamanlarda təsir yapmış olduğunu görürüz:

Tənzimat, Fransız rasyonalizminin təhti-təsirində idi.

İttihad və Tərəqqi zamanındakı Türkçülük, alman filoloji məktəbinin təsis etdigi irq nəzəriyyəsini tərviç edərdi.

Cümhuriyyət Türkiyəsi isə bəzi ifrad və təfridlərdən sərfi-nəzər hars nəzəriyyəsinə müstənid əsri idealını təqib etməkdədir. Bu nəzəriyyə bizi alman filoloji məktəbinin oyanmaq üzrə bulunan millətlərə romantiq bir həyəcan verdigi mühəqqəq bulunan xalqiyyat, ətiqiyyət sahəsində icra etdigi elmi tədqiqat üsulundan müstəğni (ehtiyacsız) etmədigi kibi, milli bir hərəkata müvəffəqiyyəti təmin edən xalqçılıq əsası ilə də sıxı-sıxıya rəbt edər. Milliyyətpərvərlik bu nəzəriyyəyə görə demokratik və inqilabi bir cərəyandır.

Alacağımız Dərs

Hala tarixi düşmənin qəhhar (güclü, məhv edən) pəncəsindən qurtulamayan bir Azərbaycan, bir Türkistan, bir Kazan və sairə Türk qövmlərinə Avropa milliyyətpərvərligini tədqiq nəticəsində alınacaq pək mühüm dərslər vardır.

İctimai mücadilə məhkum, fəqət həqiqi həyata malik siniflərə istinad edən fikri cərəyanlar, hürriyyəti hədəf ittixaz etdikləri kütlənin bütün kin və nifrətini demokrasi əlehdarı zalım aristokrasiyə qarşı cəlb etdikləri nə qədər təbii isə, hürriyyət və istiqlalını istihdaf edən məhkum bir millətin də kəndisini əsarəti altında bulunduran qüvvətə, yalançı və müstövli millətə qarşı eyni hissi ədavət və kinlə mücəhhəz olması qayət təbiidir. Bu təbii saiqəylədir ki, alman ittihadının taktiki fransız düşmanlığı, slav ittihadının taqtiki alman və türk düşmənligi, İtalya itdihadının taqtiki Avstriya düşmənligi olmuşdu.

Bu təcrübəyə nəzərən bizim də proğramımız milli harsımızı tədqiq ilə Türkcəmizi sevmək, milliyyətimizi anlamaq, milli xüsusiyyət və mənliyimizi elmi surətdə öyrənmək olmalıdır. Mədəni millətlər arasında tüfeyli degil, dəyərli bir üzviyyət olmağa çalışmaqla bərabər biz, milliyyətpərvərligi irticai mənada alma-malı, onun həddi zatında demokratik və inqilabi bir cərəyan olduğunu dərk etməli, insani qayələrə milli demokratik yollardan daha səri gediləcəgini təqdirə qadir olmalıyız.

Taktiqə gəlincə, Avropadakı milliyyətpərvər cərəyanlarda gördügümüz kibi, milliyyət və istiqlalımızın yolu üzərində duran tarixi düşməndən tamamilə xilas olmadıqca, müqəddəs mücadilənin böyük mənfəəti naminə, kəndimizdə rus əleyhdarlığı fikrini tərbiyə etməli, Türklüyün əbədi düşməni müstövli (işğalçı) rusluğun, yalnız siyasi degil, harsı hər türlü təsirlərinə dəxi amansız bir mücadilə elan etməliyiz!”

Məhəmməd Əmin Rəsulzadə

“Yeni Qafqasiya” 16 nisan (aprel) 1927-ci il N14