Smadar Perri
“Yediot Ahronot” (İsrail)
Kral Sarayında Camal Xaşuqci jurnalistlər, cangüdənlər və iki saray rəsmisinin əhatəsində mənə dedi: “Qulaq as, israillilərdən xoşum gəlmir, amma gəl danışaq”. O, adımı, “Yediot Ahronot” qəzetində işlədiyimi və hətta “Ərəb Dünyasında çox gəzib-dolaşdığımı” bilirdi.
Altı, ya da yeddi dəfə görüşmüşük, sanki təsadüfən, hər kərə də “sakit guşədə söhbət etmək” üçün bir yer axtarırdı.
Bir dəfə dedim ki, söhbətdə iştirak edəcək Livan, yaxud Dubaydan ümumi bir dost dəvət etmək yaxşı olardı. Camal dedi ki, “ehtiyac yoxdur. Mən səni eşitmək istəyirəm, sən də yəqin ki, məni”. Dərhal da əlavə elədi: “Bu, yazı üçün deyil, nə adım çəkilməli, nə də Səudiyyə mənbəyi olduğu açıqlanmalıdır”.
Camal Xaşuqcinin Səudiyyə hökuməti tərəfindən vəhşicəsinə qətlə yetirilməsi xəbərini aldıqdan sonra görüşlərimizlə bağlı qeydlərimi üzə çıxardım. Vəd etdiyimi kimi onlardan istifadə etməmişəm və bu qeydləri yalnız indi siyirmədən çıxarıram.
Ərəb Dünyasında və ya Avropadakı görüşlərimizə, adətən, tünd kostyum (göy pencək və boz şalvarla) gələn Xaşuqci həmişə səbirsiz olardı. Onunla ilk dəfə görüşəndə Səudiyyənin “əl-Vətən” qəzetinin redaktoru idi. Daha sonra Səudiyyə Ərəbistanının ABŞ və Böyük Britaniya səfiri olmuş sabiq kəşfiyyat şefi şahzadə Türki əl-Feysəlin müşaviri və etibarlı şəxsi oldu. Vəzifədən kənarlaşdırılana qədər Xaşuqci Səudiyyə kral sarayının təsis etdiyi “əl-Həyat”da da işləyib.
Xaşuqci ilə son görüşümüz gənc vəliəhd Məhəmməd bin Salmanın yüksəlişinə qədər olub.
“Mən xüsusi çəkisi olan jurnalistəm, – deyə Xaşuqci hökumət dəyişikliyindən əvvəl mənə dedi. – Bir tərəfdən, rəsmi xətti izləyirəm, digər tərəfdən, müəyyən fəaliyyət sərbəstliyim var. Düşüncələrimi sərbəst yazır, əcnəbilərlə görüşürəm və hətta sizinlə söhbət edə bilirəm. Hökumətimi təmsil etmək və bunun bir hissəsi olmaqdan qürur duyuram”.
Camal Xaşuqci Yaxın Şərqdəki sülhün perspektivləri ilə bağlı çox realist və ümidsiz idi. “Məncə, heç kim, həqiqətdə Yaxın Şərqdə əsl sülh prosesini təbliğ etmək istəmir. Bu, heç kimin maraqlarına cavab vermir. Nə İsrailin, nə fələstinlilərin, nə İordaniyanın, nə də Misirin. İranlılar düşmənimizdir, onlarla mübarizəni davam edəcəyik və qalib olmağa çalışacağıq. İranlılardan daha zənginik. Ümid edirəm ki, orada hökumət nəhayət, dəyişəcək və başqa bir rejim ortaya çıxacaq”.
Xaşuqci görüşlərimizin birində mənə demişdi: “Baş nazir Benyamin Netanyahuya gəlincə, onu sevmirəm, amma ciddi yanaşıram. O, çox ağıllı, savadlıdır, ingilis dilində mükəmməl danışır. Danışıqları və görüşləri, adətən, gizli saxlayan Ərəb Dünyasından fərqli olaraq, bilirəm ki, sizin üçün bu məsələ sadədir, xüsusilə də liderin özü Ərəb Dünyası ilə qarşılaşmalarını göstərmək istəyirsə. Hətta əgər digər tərəf görüşlər barədə hesabatın dərci ilə razı deyilsə, Netanyahu və ətrafı materialları əldə etmək və açıqlamaq üçün patent tapa bilər. Bu sayaq xəbərlərin İsrail mətbuatında olması lazım deyil. Siz də, biz də bilirik ki, xəbərlər şişirdilə, təsdiqlənmədiyi halda belə, dünya KİV-lərinin başlıqları ola bilər. Şəxsi təcrübəmdən İsrailin Körfəz KİV-lərində belə şeyləri gördükdə, qəzəbləndiyindən xəbərdaram”.
Bir dəfə o izah etdi ki, “ümumiyyətlə, Ərəb Dünyasında, hətta İsraillə sülh müqavilələri imzalayan Misir və İordaniya kimi ölkələrdə İsrail heç vaxt qəbul edilməyəcək”.
Xaşuqci şahzadə Turki əl-Feysəl haqqında çox danışırdı. Səudiyyə Ərəbistanında kəşfiyyat rəhbəri, Vaşinqton və Londonda səfir vəzifəsində çalışdığı dövrdə, Camal onun məsləhətçisi idi. Həmişə şahzadəni tərifləyirdi.
“Maraqlı, çoxbilmiş və açıq adamdır. İsraillilərlə vaxtaşırı görüşür və bu, gizli saxlanılır, sızmaya, əlbəttə, biz tərəfdən yol verilmir”, – dedim.
“Şahzadə Turki bunu edirsə, onunla razılaşıram, bu yığıncaqlarda çox şey öyrənəcəyini başa düşürəm və onun israilli həmsöhbətləri də eyni dərəcə nəsə öyrənirlər”.
Bir kərə soruşdum: “İsrail ziyarət etmək istərdinizmi?”
Acı-acı güldü. “Mən Qərbi Şəriyyədə, ya da Qəzzada fələstinlilərlə təmasda olmaq istərdim. amma İsrailə səfər etmək istəmirəm. Gizli səfər edə bilmərəm, çünki üstü açılsa, bunu izah edə bilməyəcəyəm”.
Tərcümə: Strateq.az