XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 14:59

Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib –Üç qanun layihəsi müzakirə edilib

 Oktyabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyini təqdim edib.

Komitə sədri “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, bu ilin fevralında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qəbul edilib. Həmin sənədə əsasən bələdiyyələr bundan sonra daşınmaz əmlakı əldə etmək üçün bilavasitə reyestrə müraciət edə bilərlər: “Bu, vacib bir layihədir. Ona görə ki, daşınmaz əmlakdan vergi tutulması bələdiyyələr üçün vacib gəlir mənbələrindən biri olmalıdır. Amma əfsuslar olsun ki, indiyədək olmayıb. Çünki bələdiyyələrin əhalinin ixtiyarında olan daşınmaz əmlakın sahəsi barədə məlumatı yox idi. Mövcud qanunda nəzərdə tutulur ki, bələdiyyələr yazılı surətdə, ya da elektron qaydada müraciət edə bilərdilər və müraciətə görə onlara tam məlumat verilməli idi. Hazırda həmin qanunun 8.0.1-ci və 8.0.2-ci maddələrində nəzərdə tutulmuş vergilərin yığılması üçün bələdiyyələr ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyən edilməsi məqsədilə daşınmaz əmlakın dövlət reyestrindən qanunla müəyyənləşdirilmiş qaydada məlumat ala bilərlər”.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2018-ci il 13 fevral tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.

Sonra “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirilib. Qeyd olunub ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Bildirilib ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə 4-cü maddəyə yuxarıda göstərilən dəyişikliyin edilməsi təklif olunur.

Bundan əlavə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Bildirilib ki, bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.

Diqqətə çatdırılıb ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 29 dekabr tarixli Qanuna uyğun olaraq hazırlanıb və yerli (bələdiyyə) büdcədə qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması məqsədilə zəruri xərclərin nəzərdə tutulmasını təsbit edir.

Hər üç qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib.