XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 Oktyabr 2018 - 11:07

Ekspertlər Boltonun Cənubi Qafqaza səfəri haqda:"Azərbaycan strateji seçimini etməli olacaq"

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiyaya səfərə gəlir. Rusiyadan isə onun Cənubi Qafqazın hər üç ölkəsinə gələcəyi planlaşdırılıb. İrana qarşı ən sərt mövqeyi ilə seçilən Con Boltonun bölgəyə səfərinin bundan sonrakı proseslərə ciddi təsir edəcəyi bildirilir.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirib ki, artıq həm qlobal, həm də regional miqyasda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Ona görə də hər bir region, xüsusən də hər bir ölkə uğrunda geopolitik mübarizə qızışıb. Bu baxımdan indiki halda Con Boltonun səfəri çox ciddi əhəmiyyət kəsb edən, çox mühüm məsələlərin müzakirəsinin keçiriləcəyi səfər olacaq: “İndiki yaranmış vəziyyətdə Cənubi Qafqazın önəmi artıb və getdikcə də artacaq. Ümumiyyətlə, Avrasiyanın üç əsas geostrateji regionu var. Biri Balkanlar, biri Qafqazlar, digəri Əfqanıstan-Tacikistan-Qaraqorum keçidi üçbucağıdır. Bu üç region, ümumiyyətlə, strateji əhəmiyyəti yüksək olan regionlardır. Onsuz da strateji əhəmiyyətli olan Cənubi Qafqaz regionu uğrunda mübarizə geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması ilə daha da kəskinləşir. Con Boltonun səfəri bu mübarizənin tərkib hissəsidir. Con Boltonun səfəri bu baxımdan mühüm əhəmiyyətli səfərdir”.

S.Əkbərin sözlərinə görə, indi ABŞ-ın strateji gündəliyində iki məsələ var: Rusiya və Çin. Operativ taktiki gündəliyində isə yenə iki məsələ var: İran və Şimali Koreya. Operativ taktiki planda Şimali Koreya məsələsi artıq arxa plana keçib, İran məsələsi isə ön plana keçib. O baxımdan Con Boltonun bölgəyə səfərini iki kontekstdə dəyərləndirmək lazımdır: “Birincisi, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması kontekstində, ikincisi, İran məsələsinin operativ taktiki planda gündəliyin prioritet məsələsi olması”.

Konkret Azərbaycana gəldikdə, S.Əkbər xatırlatdı ki, Azərbaycan Rusiya ilə İran arasında yerləşən, hər iki dövlətlə həmsərhəd olan ölkədir. Nəzərə alsaq ki, İran məsələsi operativ taktiki planda gündəliyə gəlib, onda Azərbaycanın önəminin daha da artmış olduğunu anlamalıyıq. Azərbaycanın önəmi həm ABŞ, həm İran, həm Rusiya, həm Çin, həm Avropa İttifaqı üçün artıb: “Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan məsələsi həm də İrandaxili amildir. Müxtəlif dəyərləndirmələr üzrə müasir İranın əhalisinin 43-45 faizi Azərbaycan türkləridir. O baxımdan Azərbaycan məsələsi təkcə Azərbaycan Respublikası məsələsi deyil. Bütöv yanaşsaq, İran məsələsi həm də Azərbaycan məsələsidir. Ona görə də Azərbaycanın önəmi ABŞ üçün xüsusilə artıb. Nəzərə alsaq ki, Gürcüstan artıq öz seçimini edib, Ermənistanda son siyasi dəyişikliklər Amerikanın regionda öz maraqlarını inkişaf etdirmək üçün əlverişli şərait yaradır. Qalır bir Azərbaycan. Sadaladığım bütün bu amillər baxımında Boltonun Azərbaycana səfəri çox mühümdür. Azərbaycanın Rusiyaya yaxınlaşması, şübhəsiz, Vaşinqtonda izlənilir və bunun qarşısını almaq istəyində olmaları mümkündür. Artıq elə bir mərhələ gəlib çatıb ki, Azərbaycan ilk növbədə strateji seçim etməlidir. Azərbaycan strateji seçimini etməsə, tərəflərin hər ikisinin gözündə etimad və etibarını itirə bilər. Xüsusilə tərəflər razılığa gəlməyəcəklərsə. Məsələn, tutaq ki, İran məsələsində Amerika ilə Rusiya heç olmasa bir çərçivə anlaşması əldə edə bilərsə, o zaman Azərbaycan manevrlərini müəyyən müddət də davam etdirə bilər. Yox, əgər onlar İran məsələsində heç bir razılığa gələ bilməzlərsə, o zaman artıq tərəflərdən hər biri Azərbaycanın hansı tərəfdə olmasında seçim etməsini tələb eləyəcəklər. Ona görə də Azərbaycan strateji seçimini etməli olacaq. İran məsələsində Azərbaycanın müəyyən güzəştə getməli olacağını düşünürəm. Rusiya ilə ABŞ arasında İran məsələsində anlaşma olmayacaqsa, Azərbaycan çətin vəziyyətə düşəcək”.

Rusiyalı politoloq Yevgeni Mixaylov isə “Report”a açıqlamasında deyib ki, Con Boltonun səfəri Qərbin gərginliyə təkan verən siyasətinin bir parçasıdır: “Azərbaycan Rusiya ilə münasibətlərinə yüksək dəyər verir və ABŞ-a görə onları qurban verməz. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər getdikcə yaxşılaşır. Rusiya Dağlıq Qarabağ münaqişəsini yumşaldaraq həll etməyə çalışdığı halda, Qərbdən gələn açıqlamalar tərəfləri toqquşmalara təhrik edir”.

Rusiyalı politoloqun fikrincə, daha çox tanışlıq məqsədilə səfərə gələn C.Bolton Rusiyanın Azərbaycanla münasibətlərinə ciddi yanaşdığını görüb tərəflərə vədlər verməyə çalışacaq: “Eyni zamanda Ermənistanın qərbyönümlü oyun oynaması ABŞ-ın idarəolunan xaos doktrinasını işə saldığını göstərir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”