XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

22 Oktyabr 2018 - 21:54

Politoloqdan Boltonun Cənubi Qafqaza gəlişinə maraqlı şərh:"Qarabağ məsələsinin bu səfərə dəxli yoxdur, gəlir ki, görsün..."

Bolton regiona ABŞ-ın maraqlarını, məqsəd və məramlarını həyata keçirmək üçün gəlir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərini şərh edən Z.Əlizadə onun bu səfərlə öz vəzifəsini icra etdiyini vurğulayıb:

“Bolton prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviridir. Mühüm məsələləri o hazırlayır və Donald Trampa məruzə edir. İndi gəlir ki, görsün, İrana qarşı hansısa cəbhə yarada bilirmi? Ona anti-İran məsələsində Azərbaycandan çətin ki, xeyir gələ. Rusiyaya isə yaxın və orta mənzilli raketlərin ləğv edilməsinə dair müqavilədən çıxmaqla bağlı mövqeləri müəyyənləşdirməyə gəlir. Həmçinin, səfər zamanı Suriya və Ukraynadakı vəziyyət müzakirə olunacaq. Gürcüstan və Ermənistan da eyni regiondur. Bütün bu regionda yalnız və yalnız Amerikanın maraqlarını təmin etmək onun başlıca vəzifəsidir. Boltonun səfərinin əsas məqsədi Amerikanın milli maraqlarını təmin etmək üçün bu 3 ölkədən – Azərbaycan, Gürcüstan və Ermənistandan istifadə imkanlarını aramaqdır”.

Səfərin Donald Tramp administrasiyasından indiyədək regiona gerçəkləşən ən yüksək səfər olduğunu vurğulayan Z.Əlizadə daha öncə köməkçinin birinci, ikinci və üçüncü müavinlərinin bölgəyə səfərlər etdiyini söyləyib:

“Görünür, indi bütün məlumatları toplayıblar və hesab ediblər ki, daha ağır çəkili diplomatı göndərmək lazımdır. Məqsəd də odur ki, yüksək çinli diplomatı göndərməklə istədiklərinə nail olsunlar. Ancaq mən düşünürəm ki, onlar Azərbaycanda və Ermənistanda istəklərinə çətin nail olsunlar. Çünki həm Ermənistan, həm də Azərbaycan Qarabağ probleminə görə Rusiya ilə münasibətləri normal məcrada saxlamağa məcburdurlar. Gürcüstanın isə imkanları çox məhduddur.

O ki qaldı Qarabağ məsələsinə… Malı mala qatmaq lazım deyil. Bolton Amerikanın maraqlarını təmin etməyə gəlir. Qarabağ məsələsinin bura dəxli yoxdur. Digər tərəfdən, Amerika Qarabağ məsələsinin həlli üçün nə edə bilər? Rusiya bazası Gümrüdə, əfsuslar olsun ki, erməni qoşunları da hələlik Qarabağdadır. Amerika bizim üçün nə edə bilər?!”

Qeyd edək ki, D.Tramp 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanmış yaxın və orta mənzilli raketlərin ləğv edilməsinə dair müqavilədən çıxacağını C.Boltonun səfər proqramı dəqiqləşəndən sonra bəyan etdi. Buna görə Moskvada hətta, Vladimir Putinin Boltonla görüşünün ləğv olunması təşəbbüsləri meydana gəldi. Bu məsələyə də münasibət bildirən Z.Əlizadə D.Trampın məqsədinin ABŞ-ın dünyadakı tək, yeganə ağalığını təmin etməkdən ibarət olduğunu vurğulayıb:

“Buna görə də əvvəlki administrasiyaların bağladığı bütün müqavilələrdən mütəmadi olaraq çıxır. Bundan öncə o, Sakit Okean İqtisadi Müqaviləsindən, NAFTA-dan, Atlantik Okeanı İqtisadi Müqaviləsindən çıxdı, İranla nüvə sazişini ləğv etdi. İndi isə Rusiya ilə yaxın və orta mənzilli raketlərin ləğv edilməsinə dair müqavilədən çıxacağını bildirir. Bütün müqavilələri pozur. Yəni, o demək istəyir ki, “ağanəzərəm, belə gəzərəm”. Nə istəsəm, eləyəcəm. İndi görək, dünyanın reaksiyası necə olacaq. Hər halda Çin ona məhəl qoymur, eyni səviyyədə cavab verir. Rusiya da öz tədbirlərini görür. Avropada da Amerika siyasətinə qəzəb artır. Belə getsə, Tramp bir azdan tək qalacaq. Özü üçün danışıb özü qulaq asacaq. Çünki hər halda bütün dünyanı belə saya almamaq düzgün deyil”.