XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 09:20

Qazaxıstan:qüdrəti xalqının düşüncəsində olan ölkə...

Mütəllim RƏHİMLİ

 

Qazaxıstanın liman şəhəri olan Aktauda təyyarədən düşəndən sonra əvvəlki paytaxt Alma-ataya “hələ 3 saatdan çox təyyarə yolu var” düşüncəsi ilk baxışdaca bu ölkənin əzəmətini göstərir. Sözsüz, bir ölkə üçün ərazinin bu qədər böyüklüyü ciddi üstünlükdür. Elə bu faktor regionda bir-biri ilə qarşılıqlı əlaqədə olan dövlətlər içərisində Qazaxıstanın strateji potensialına əhəmiyyətli təsir göstərən sistem elementlərinin ən böyüyüdür.

Yeri gəlmişkən qeyd edək ki, ərazisinin böyüklüyünə  görə, Qazaxıstan 197 ölkə arasında 9-cu yeri tutur.

Keçmiş sovetlər birliyinə kapitalizmin ziddiyətlərini dadmadan qoşulan Qazaxıstan dövlət kimi, milli kimliyini də sosializm düşərgəsində dərk edib. Lakin uzun əsrlər qıpçaq türklərinin imperiya yaradıcısı olmaları və ona rəhbərlik etmələri bugünkü qazaxların davranışlarında açıq-aşkar hiss olunur. Adi vətəndaşın hərəkətlərindən də görsənir ki, onlar yeni yaranan xalq deyil, uzun tarixə söykənən kökləri var. Bunu təvazökar davranışlarından, hadisələrə sanballı baxışlarından və milli dəyərlərini qoruyub saxlamalarından da hiss etmək olar.

Sadə qazaxın münasibət və hərəkətlərindən bəlli olur ki, onların hazırda böyük bir əraziyə sahib olmaları, milli dövlət qurmaları, etnik rəngarənglikdə bütün tərəfləri qane edən ortam taparaq uğur qazanmaları hər hansı dövlət başçısının ayağına yazıla bilməz. Əgər belə bir fikir varsa, bu, yaltaqlıqdan başqa bir şey ola bilməz. Ancaq bunu xüsusi vurğulamaq vacibdir ki, paytaxtın Alma-atadan Astanaya köçürülməsi ilə bağlı prezident Nazarbayevin cəsarətli addımı ölkəyə qarşı ərazi iddialarının və oyunlarının qarşısını alıb.

Qazaxıstanda qazaxlar (əhalinin 63%-ni təşkil edir), ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla, 131 müxtəlif etnik qrup yaşayır. Əhalinin təqribən 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir. Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir. Kiçikdən yaşlıya hamı 2 dildə danışır – rus və qazax. Rus dilində danışmaq isə elitarlıq sayılır. Bunu Qazaxıstan kübarlarının toplaşdığı məkanlarda da müşahidə etmək mümkündür. Təbii ki, son vaxtlar ingilis dilinə marağın da yarandığını görmək mümkündür. Lakin bu, Azərbaycanda olduğu qədər geniş miqyaslı deyil.

Əhalinin rus dilinə meyli nə qədər çox olsa da, milli ənənələrinə, adətlərinə, mədəniyyətlərinə bağlılığı da bir o qədər böyükdür. Qazaxlarda xalq çalğı ansamblının müşayiəti ilə kоllektiv halda хоr mahnıları ifa оlunmur. Daha geniş yayılmış və daha çox sevilən хalq çalğı aləti dоmbırdır. Üçgünclü kоrpusa malik dоmbır iki simlidir. Simlər əsasən qоyun bağırsaqlarından hazırlanıb düzəldilir. Adama elə gəlir ki, Qazaxıstanda bu musiqi alətini sevməyən şəxs yoxdur. Və elə bu məqamda düşünürsən ki, özünü Avropasayağı və müasir göstərmək üçün saza qulaq asmağı aşağılıq və geridəqalmışlıq hesab edən azərbaycanlıların sayı getdikcə artmaqdadır.

Qazaxlar evlərinin, geyimlərin və müxtəlif  bədii sənət növlərinin bəzədilməsində əl işlərindən geniş istifadə edirlər. Bu sənət növü özünü xalçaçılıq və keçəçilik sənətində daha qabarıq fоrmada göstərir. Qazax qadınları öz paltarlarının və məişət əşyalarının bəzədilməsi zamanı rəngli saplarla işlənən tikməçilik sənətindən istifadə edirlər. Оnlar tikməçilikdə ipək, yun, qızılı və gümüşü saplarla işləyərək gözəl sənət nümunələri yaradırdılar. Qazaxlar məişətdə işlədilən qablara da bəzək vurur, ancaq kumıs içilən qabı isə xüsusilə gözəl naxışlayırlar.

Görünür, Şərqə doğru getdikcə demokratik dəyərlər özünəməxsus baxışlar və idarəetmə sistemi ilə sərhədlənir. Bu mənada qazaxlar üçün ilk növbədə sosial dəyərlər üstünlük təşkil edir. Liberalizm, insan hüquq və azadlıqları onlar üçün sosial təminatdan xeyli aşağıdadır. İnsanların daha yaxşı yaşamaq istəkləri və arzuları hələ də bütün ölkə əhalisi üçün arzu olaraq qalır. Lakin bunu bacaranlar da var və onlar ya dövlət qurumlarında işləyənlərdir, ya da xüsusi statusa malik olaraq dəstəkli bizneslə məşğul olanlar. Ancaq bizim üçün qeyri-adi olmasa da, əsas və gəlirli biznes sferası hakimiyyətin əlindədir. Dövlət vəzifələrində işləyənlərin isə yaxşı yaşamaq üçün o qədər də yüksək olmayan maaşlarından əlavə qeyri-rəsmi “nəfəs” yerləri var. Bu “nəfəs”in hər an kəsilməsi qorxusu onunla yaşayanların içində bir gərginlik, tabeçilik və mütilik formalaşdırdığını da asanlıqla görmək mümkündür.

Qazaxıstan iqtisadiyyatı böyük həcmdə neft və qazdan asılır. Müstəqillik illərində neftdən çox böyük gəlirlər əldə edilmiş və bunun nəticəsində Qazaxıstan Asiyada ən yüksək həyat səviyyəsinə malik olan ölkələrdən birinə çevrilmişdir. Lakin 2015-ci ildə neftin qiymətinin aşağı düşməsi ilə milli valyuta olan tengə devalvasiyaya uğrayıb. Hökumət ölkə əhalisinin rifah səviyyəsini nisbətən qoruyub saxlamaq üçün devalvasiya ilə bərabər, infilyasiyanın da qarşısını almayıb. Ona görə də hazırda 1 dollar 370 tengəyə çatıb. Həyata keçirilən bu iqtisadi siyasət qazaxların sosial vəziyyətinin tamamilə pisləşməsinin qarşısını alıb və cəmiyyətdə bizdəki qədər gərginlik, narahatlıq, psixoloji sarsıntılar hiss olunmur.

Bəlkə də sosialist düşüncəsinin nəticəsidir ki, bu ölkədə şüarçılıq əsas yer tutur. Təhsil sferasında da belədir və “Boloniya prosesi” yeri gəldi-gəlmədi bu sahədə hər bir fikrin mübtədasını təşkil edir. Bu isə onu göstərir ki, Qazaxıstanda elm və təhsil ölkənin və xalqın  gələcəyi üçün əsas yeri tutmur və ora sərmayə qoyuluşu tələb olunan ehtiyacları ödəmir. Bu da əksər müsəlman ölkələrinin xarakterik xüsusiyyətlərinə uyğun gəlir. Elə bu zaman adam fikirləşir ki, görəsən türk dövlətləri üçün bu istiqamətdə qəbul edilmiş qərar daxildən gəlir, yoxsa xarici təsirlərin məhsuludur?

Geosiyasi üstünlüyə malik Qazaxıstan türk dünyası üçün olduqca böyük güc və dayaq olaraq qalır. Bu yaxınlarda prezident Nazarbayevin fərmanı ilə ölkə latın əlifbasına keçib və öz soy-kökünə bir addım da yaxınlaşıb. Bu qərarın cəmiyyətdə, xüsusilə də ziyalılar arasında sevinclə qarşılanmaqla yanaşı, gərginlik yaratdığı da müşahidə edilir. Çünki qazaxların istifadə etdiyi kiril əlifbasında olan 42 hərfi əvəzləyərək öyrənmək onlara o qədər də asan gəlmir. Lakin bu qərardan narazı olan yoxdur, çünki qazaxlar özlərinin kökünü təşkil edən türk xalqları ilə birlikdə olmağı daha üstün sayırlar. 2018-ci il oktyabrın 11-13-də Alma-atada türk dünyasının elm adamlarının beşinci dəfə Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpozi­umuna toplaşması da vahid əlifbanın və türk ləhcələrində ümumi anlaşmanın yaranmasına xidmət etmək məqsədi güdürdü.

Elə bu yolda da Qazaxıstanlı soydaşlarımıza uğurlar arzulayırıq!