XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 13:03

“Bəlkə də Bolton ölkəsinə qayıdandan sonra müəyyən məsələlər həllini tapsın” –EKSPERT RƏYİ

“Azərbaycanın burada geostrateji mövqeyi, bir sıra layihələrdə iştirakı, regionda aparıcı oyunçuya çevrilməsi Amerikanı maraqlandırmaya bilməz. İndiki mərhələdə rəsmi Vaşinqton üçün təhlükəsizlik baxımından, həm də geostrateji münasibətlər kontekstində Azərbaycan-ABŞ münasibətləri hər halda böyük maraq doğurur. Bir çox məsələlər bizim rəsmilərimizlə, xüsusilə prezident İlham Əliyevlə müzakirə edildi. Azərbaycanın həm Dağlıq Qarabağla, həm də gələcək milli təhlükəsizlik baxımından prinsipial mövqeyi ilə bağlı məsələlər gündəmdə oldu”.

Strateq.az “Kaspi”yə istinadən bildirir ki, bu barədə politoloq Fikrət Sadıxov ABŞ prezidentinin müşaviri Boltonun Azərbaycana səfərini şərh edərkən deyib.

F.Sadıxov vurğuladı ki, “907-ci düzəliş” 1992-ci ildə qəbul edilmiş ədalətsiz qanundur: “Bu düzəlişi ABŞ-ın keçmiş prezidentləri müəyyən bir müddətə dondurublar və faktiki olaraq bu qanun işləmirdi. Əminəm ki, Boltonun Azərbaycana gəlişindən sonra “907-ci düzəliş” yenidən Tramp administrasiyası tərəfindən dondurulacaq. Çünki ABŞ Azərbaycanla strateji münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Əgər bu düzəliş dondurulmasa, əlbəttə ki, münasibətlər müəyyən problemlə üzləşə bilər. Məhz Boltonun müsahibəsi ona işarə edir ki, Tramp “907-ci düzəliş”i yenidən donduracaq və iki ölkə arasındakı münasibətlər konkret sahələr istiqamətində inkişaf edəcək, eləcə də strateji tərəfdaşlıq yüksək səviyyədə olacaq”.

Politoloq əmindir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı dövlət başçısı Boltona kifayət qədər dolğun məlumat verib: “İlk növbədə 4 qətnamənin BMT-də qəbul olunması, uzun illər ərzində danışıqların aparılması və sair digər məsələlər diqqətə çatdırıldı. ABŞ tərəfinin bu münaqişə ilə bağlı məlumatı var. Əminəm ki, ABŞ tərəfi buradan bir nəticə çıxarmalıdır. Onların mövqeyi daha qabarıq şəkildə bilinməlidir. Əlbəttə ki, bu məsələyə bir o qədər də optimist düşüncə ilə yanaşmıram və reallıqlar optimizmdən uzaqdır. Düşünürəm ki, ABŞ-la strateji münasibətlərin yaxşılaşmasını nəzərə alsaq, bu münaqişənin həllində Vaşinqton maraqlı olmalıdır. İstəmirik ki, bizə hansısa kömək etsinlər. Sadəcə, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli şəkildə mövqe nümayiş etdirsinlər. Burada Ermənistana təzyiq etməkdən söhbət gedir. Bəlkə də Con Bolton öz ölkəsinə qayıdandan sonra müəyyən məsələlər həllini tapa bilər. Azərbaycan-ABŞ strateji münasibətləri kontekstindən irəli gələn bir çox problemlər həll olunacaq. Amma Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə həll olunacağını əminliklə demək olmaz”.