XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2018 - 15:38

İrana qarşı sanksiyalar Azərbaycanla əlaqələrə maneə  törədəcəkmi? –EKSPERT RƏYLƏRİ

  “Hər bir halda ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar Azərbaycanın bu ölkə ilə əlaqələrinə və əməkdaşlığına maneələr törədəcək”.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bu gün, noyabrın 5-dən ABŞ-ın İranla bağlı qüvvəyə minən sanksiyalarının regiona təsirlərini şərh edərkən bildirib. Politoloq deyib ki, İran Azərbaycanla BP-nin operatorluğu ilə Xəzər dənizində neft yataqlarının birgə istismarı barədə layihələr həyata keçirmək istəyirdi: “İndi həmin layihələr havadan asılı qalır və sanksiyaların davam etməsinin nə qədər çəkəcəyi məlum deyil”.

O vurğulayıb ki, bundan əlavə, ABŞ bu sanksiyalara məhəl qoymayaraq İranla əməkdaşlıq edən ölkələrin SWIFT-bank əməliyyatları sistemindən ayrılmasını istəyəcək: “Bu isə o deməkdir ki, İranla bank əməliyyatları aparmaq qadağandır. Kimlərsə gəlib fərdi şəkildə, nağd pula nələrisə alıb İrana və sairə apara bilər. Amma dövlətlərarası bank vasitəsilə əməliyyatlardan söhbət belə gedə bilməz”. Deputat deyib ki, «Şimal-Cənub» nəqliyyat dəhlizinə gəlincə, burada fəaliyyəti sıfıra endirmək mümkün olmasa da, layihə ən azı xeyli yubanacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli də deyib ki, bu sanksiyaların Azərbaycana dolayı təsiri ola bilər. O da xüsusilə «Şimal-Cənub» nəqliyyat dəhlizi məsələsi üzərində dayanır. “Amma İran neftinin bazardan tam sıxışdırılaraq çıxarılması gündəmdə deyil. 8 ölkə İrandan neft ala bilər, amma bununla belə son günlər dünya bazarında neftin ucuzlaşması baş verir”,-deyə ekspert bildirib.

N.Cəfərli vurğulayır ki, əgər İran şirkətləri sanksiyalarla üzləşəcəksə, o zaman bu, adıçəkilən nəqliyyat dəhlizi layihəsinə mənfi mənada ciddi təsir göstərəcək: “Bu nəqliyyat dəhlizi daha çox iki dövlətə, İran və Rusiyaya lazımdır. Hər iki dövlətlə də ABŞ-ın problemləri var, ona görə də bu layihə işlənməz hala da gələ bilər”, – ekspert belə deyib. N.Cəfərli bildirib ki, Azərbaycanın «Şahdəniz» qazını Avropaya nəql edəcək «Cənub Qaz Dəhlizi» isə Qərbə lazımlı layihə olduğundan heç bir sanksiya altına düşmür.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, İrana yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə şamil olunmayıb. İran Milli Neft Şirkəti (NIOC) «Şahdəniz» layihəsində 10 faizlik paya sahibdir. ABŞ-ın İrana avqustun əvvəlində tətbiq etdiyi ilk sanksiya paketi də “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməyib.

2015-ci ildə İran və «altılıq ölkələri» – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya, ABŞ arasında Birgə Hərtərəfli Fəaliyyət Planı qəbul edilmişdi. Həmin il iyulun 20-də planı BMT Təhlükəsizlik Şurası da təsdiq etmişdi. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv olunurdu. Ancaq 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Bundan sonra ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planından çıxaraq İrana sanksiyaları bərpa edib.