XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 09:19

Deputat Norveç səfirliyinin bağlanmasına sərt reaksiya verdi:“Azərbaycan XİN-inin yanlışlıqları olub”

“Səfirliyin bağlanma səbəblərini Norveçdən yaxşı bilən yoxdur. Bizim Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ən azından danışıqlar, yazışmalar aparmalı, vəziyyəti öyrənməlidir. Bu müxtəlif səbəblərdən ola bilər. Əgər biz tərəfdən narazılıq varsa, bu, mütləq araşdırılmalı və narazılıq aradan qaldırılmalıdır.

Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev musavat.com-a açıqlamasında bildirib. Deputatın sözlərinə görə, islahatlar baxımından belə bir qərar alıb, Bakıda səfirliyi bağlayıb, Tiflisdə açırlarsa, maddi cəhətdən bu bir o qədər də fərq etmir: “Götürülən xətt münasibətlə bağlıdırsa, Azərbaycan tərəfin Avropa təsisatları ilə əlaqələri çox normaldır. Rəsmi Bakı Avropaya inteqrasiya etməyi əsas götürüb. İstənilən halda bütün mənalarda bu məsələ aydınlaşdırılmalıdır. Biz Norveç də daxil olmaqla NATO-ya üzv olan ölkələrlə ciddi şəkildə əməkdaşlıq etməliyik. Hər zaman prinsipial mövqeyim belə olub ki, Azərbaycan NATO-ya üzv olmaq üçün birmənalı şəkildə müraciət etməli, Qərblə birlikdə bir sıra məsələləri həyata keçirməlidir. Artıq cəhənnəmə gedənlə yoldaş olmaq olmaz. Bölgədə şərtlər var və bu səbəbdən Azərbaycan bəzi məsələlərdə tərəddüdlər edir. Gürcüstanın bizim davranışlardan fərqli olaraq açıq mesajları var idi. Göründüyü qədəri ilə Gürcüstanda prezident seçkilərinin ikinci turundan sonra qərbmeylli siyasətçinin rəhbərliyə gələcəyini düşünürlər. Bildiyiniz kimi, ABŞ və NATO gəmiləri Gürcüstan sərhədlərinə yaxınlaşıblar.

F.Quliyev bildirib ki, rəsmi Tiflis bizdən fərqli olaraq mövqeyini açıq şəkildə ortaya qoyub. Qərbə inteqrasiya etmək və NATO-ya üzv olmaq istəyir: “Bunun da əhəmiyyəti özünü göstərir. Məlum səbəblərdən tərəddüdlərimiz olsa da, bu tipli ölkələrlə münasibətlərin normal səviyyədə saxlanılması üçün çabalar sərf etmək lazımdır. Düşünürəm ki, bu məsələdə Xarici İşlər Nazirliyinin müəyyən yanlışlıqları olub. Çünki belə bir qərar verilənə qədər bu məsələlər müzakirə edilib. Ən azından rəyi dəyişmək mümkün idi. Birqütblü dünyanın aradan qaldırıldığı və çoxqütblü dünyanın yarandığı barədə cəfəng  fikirlər səslənir. Çünki Rusiya, İranın heç bir gücü yoxdur. Bunlar sanksiyalara məruz qalmış dövlətlərdir. Artıq Azərbaycan kimi ölkələr yeni dünya düzənində yerini müəyyən etsə, konkret dostlarını müəyyənləşdirsə, düşmənlərini dəqiqləşdirsə, daha doğru olar. Belə bir vəziyyətdə qalmaqla Qarabağda nəyə nail olmuşuq? Bu məsələdə ehtiyatlı davrandıqca daha çox üstümüzə gəliblər. Fərqli mövqelər qoymağın zamanıdır”.

Deputat qeyd edib ki, bəziləri bloklara qoşulmamağımızı vacib sayırlar. Hətta bəziləri də var ki, Rusiyanın nəzarətində olan birliklərə üzv olmağımızı, hətta Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatında müşahidəçi qismində iştirakımızı deyirlər: “Mən bunların tamamilə əleyhinəyəm. Azərbaycanın Norveçlə münasibətlərinə Norveçin Türkiyədəki səfirliyinin cavabdeh olacağına gəlincə deyə bilərəm ki, belə variantlar olur. Müəyyən ölkələr bir dövlətdə səfirlik qururlar və həmin səfirlik digər ölkələrlə də əlaqələr qurur. Biz də ölkələr var ki, səfirliyimizi qurmuşuq və həmin səfirlik digər dövlətlərlə də əlaqələrini qurur. Bunlar diplomatiyada olan şeylərdir. Amma hər halda hazır bir səfirliyin ölkəmizdən digər ölkəyə aparılmasının qarşısının alınmasının tərəfdarıyam. Məncə müəyyən diplomatik tədbirlərlə bunun qarşısını almaq mümkündür”.