Avropa Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 3 şikayətin kommunikasiyasına başlayıb. Şikayətçilər arasında jurnalistlər və vəkillər də var. Şikayətlərdə ədalətli məhkəmə, şəxsi həyatın toxunulmazlığı, səmərəli hüquqi müdafiə vasitələri, mülkiyyət hüquqlarının pozulduğu iddia olunur.
Strateq.az xəbər verir ki, bu barədə media eksperti Xalid Ağəliyev məlumat verib.
Onun bildirdiyinə görə, araşdırılan işlərdən birində şikayətçi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovdur. Onlar AİHM-ə şikayətlərində iddia ediblər ki, Ə.Zeynallı həbsdə olarkən onun vəkili ilə konfidensial söhbət etmək hüququ pozulub.
Digər şikayəti jurnalist Zəka Mirağayevin vəkilləri göndəriblər. Həmin şikayətdə 2012-ci ildə jurnalistin yaşadığı mənzildə axtarış aparılmasından, ona məxsus dini ədəbiyyatın götürülüməsindən bəhs edilir. Jurnalistin vəkilləri iddia edirlər ki, axtarış və götürmə qanunsuz olub, olayla bağlı məhkəmələrdə ədalətli araşdırma hüququ pozulub.
AİHM-in araşdırdığı digər işdə şikayətçi özəl şirkət sahibi olan Aqşin Qarayevdir. Şikayətə görə, A.Qarayevin satın aldığı qaz turbinlərinin üzərinə hansısa cinayət işi ilə əlaqədar olaraq 13 ildən artıqdır ki, qanunsuz həbs qoyulub.