XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2018 - 00:07

Sabiq dövlət müşavirindən Fransanın “erməni sevgisi”nə şərh:"Bütün bunlar hamısı Makronun yürütdüyü siyasətin nəticəsidir..."

“Fransa son zamanlar sözün həqiqi mənasında insanın əsəblərini tarıma çəkən addımlar atmaqdadır. Mən bunu birbaşa Fransa Prezidenti Emmanuel Makronun şəxsiyyəti, onun Ermənistana bəslədiyi münasibətlə əlaqələndirirəm”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bu məsələlər hamısı bir-birinin ardınca baş verir:

“Hamısında da erməni amili ön plana çıxır. Məsələn, oktyabr ayında İrəvanda Frankofoniya sammiti adı altında fransız dilində danışan xalqların dövlət başçılarının toplantısı keçirildi. Zəif və heç bir uyğun şəraiti olmayan bir ölkənin paytaxtında belə bir tədbirin keçirilməsi sadəcə olaraq həmin dövləti populyarlaşdırmaq, onun beynəlxalq arenadakı imicini yüksəltmək məqsədi güdürdü. Makronun özünün də ora gəlməsi, üstəlik Kanadanın baş nazirini də toplantıya dəvət etməsi göstərirdi ki, hər şey Ermənistanın, eləcə də Nikol Paşinyanın imicinin artırılmasına yönəldilib. Bunun ardınca Fransanın aparıcı bələdiyyələrinin bir çox üzvü Dağlıq Qarabağa gəldi və orada qondarma rejimin bələdiyyələri ilə müqavilələr imzaladı. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin bələdiyyələ sədrlərinin bura gəlib belə bir sənəd imzalamaları yenə də Ermənistanın, eləcə də separatçı rejimin populyarlaşdırılmasına yönəlmiş bir addımdır. Bu yenə də Azərbaycana meydan oxumaq, ölkəmizlə müqayisədə Ermənistanı ucaltmağa, onun imicini yüksəltməyə hesablanmış bir addım idi. Hansı ki, hiddətlə pislənilməlidir”.

Q.Hüseynli qeyd edib ki, indi isə separatçı rejimin başçısı Bako Saakyan Fransaya səfər edib:
“Onun hansı səlahiyyətlə, hansı statusla və hansı pasportla Parisə getməsi çox ciddi araşdırma mənbəyi olmalıdır. Fransa açıq surətdə açıq kartlarla oynamağa başlayıb və separatçı rejimi müdafiə etmək məsələsində rekord vurmaq niyyətindədidr. Bütün bunlar hamısı Makronun yürütdüyü siyasətin nəticəsidir. Özü də Azərbaycana gəlməyə söz vermiş Makron bunu yerinə yetirmədi. Onsuz da onun Azərbaycana gəlib-gəlməməsi bizim üçün böyük əhəmiyyət daşımır. Amma sadəcə olaraq onun açıq-aşkar anti-islam, xristian təəssübkeşliyinə söykənən addımlar atması insanda hiddət doğurur”.

Politoloq bildirib ki, Azərbaycan bu məsələlərə xüsusi prinsipiallıqla yanaşmalı və qəti surətdə Fransanın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırıması barədə ATƏT qarşısında vəsatət qaldırmalıdır:

“Yalnız bu yolla bu təcrübəsiz və naşı prezidentə öz vəzifəsini və dövləti necə idarə etməyi başa salmaq olar”.