“Nəzərə alsaq ki, qardaş Azərbaycan münaqişə vəziyyətindədir, demək mümkündür ki, istənilən ölkənin regionda təhlükəsizliyi, sülhü, əməkdaşlığı möhkəmləndirmək üçün qəbul edəcəyi addımlar əhəmiyyətlidir”.
Bunu 1news.az-a Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) nümkün üzvlüyü barədə danışarkən deyib. O bildirib ki, hər şey suveren ölkənin istəyindən və iradəsindən asılıdır: “Hər hansı bir təşkilata üzvlük ölkənin suveren hüququdur. Yəni, hər şey suveren ölkələrin özündən asılıdır. Təəssüf ki, bütün Qafqaz ölkələri hamısı zaman-zaman münaqişəyə cəlb olunublar. Qazaxıstan bu ölkələrə dost, qardaş münasibət bəsləyir və istənilən qarşıdurmanın əleyhinədir. Bizim mövqeyimiz belədir ki, bütün məsələlər sülh, qarşılıqlı anlaşma, etimad və razılaşma əsasında həllini tapsın. Qazaxıstan beynəlxalq təşkilatlar və KTMT çərçivəsində bunun üçün bütün səyləri göstərir”.
Dekabrın 6-da Sankt Peterburqda KTMT baş katibinin seçilməsinə dair görüşə gəlincə, XİN rəhbəri baş katiblə bağlı qərarın üzv dövlətlər arasında normal ruhda, qarşılıqlı hörmət əsasında qəbul ediləcəyinə əminliyini ifadə edib.