Vladimir Putin 2000-ci ildə hakimiyyətə gələndə Rusiyayla bağlı həm ölkəiçi, həm də kənarda səslənən təhlillər rejimin iki əsas yozumuna söykənirdi. Birinci arqument bu idi, Rusiya mafiya dövlətidir və hakim elitanın əsas məqsədi ölkədən pul oğurlayaraq xaricdə gizlətmək, yaxud xərcləməkdir. İkinci cəbhə isə iddia edirdi ki, Putin öz populyarlığının girovudur və Rusiyada atılan hər bir addım onun reytinqini yüksəltməyi hədəfləyir. “Karnegi” fondunun saytında Alexander Baunov yazır ki, bu izahlar reallıqla kökündən ziddiyyət təşkil edir. Müəllifin fikrincə, Kremlin motivlərini anlamaqdan ötrü onun özünün bu miflərш necə dağıtdığını görmək lazımdır.
Düzdür, Kremllə işləyənlər arasında korrupsiya geniş yayılıb. Onlar ölkənin idarə olunmasından qazanır, qazanclarını ofşor banklarda və Londonun əmlak bazarında yerləşdirir, övladlarını Qərb məktəblərində oxumağa göndərirlər. Lakin müəllif yazır ki, Rusiya elitası doğrudan da öz rifahını düşünən mafiya ölkəsi olsaydı, xaricdəki investisiya və xərcləmələrinə zərbə vuracaq addım atmazdı. Di gəl, Rusiya elitası Putinin xarici siyasət macəralarına, özəlliklə də Krımın ilhaqına dəstək verib, sonucda isə bu addım acı sanksiyalara yol açıb.
Və əlbəttə ki, Putin bir çox siyasətçilər kimi öz populyarlığını düşünür. Elə Krımın ilhaqında əsas məqsədlərdən biri də onun düşməkdə olan reytinqini qaldırmaq idi. Amma son hadisələr göstərdi ki, prezident təkcə populyarlığını düşünmür. İyulda parlament pensiya yaşının artırılmasına səs verdi və bu, ölkədə narazılığa yol açdı. Rəy sorğuları rusiyalıların 90 faizinin bu addımlara qarşı çıxdığını üzə çıxarıb. Ancaq Kreml islahatı gerçəkləşdirməkdə israrlıdır. Və bu, Putinin ölkədə xoş qarşılanmayan ilk addımı deyil. Bəzi vergilərin tətbiqi də etirazlar doğurmuşdu.
Bəs onda Rusiya rejimi bu risklərə niyə gedir? “Çünki Rusiya Filippin, yaxud Qvatemala deyil. Rusiya elitasının qlobal ambisiyaları var. Cənab Putin və yaxınları inanırlar ki, Rusiya bütün dünyaya iqtisadi, hərbi və siyasi gücünü sərgiləməlidir”, – müəllif yazır.
“Hətta ölkəiçi məsələlərdə belə cənab Putin və müttəfiqləri Rusiyanın dünyadakı yerini saxlamağa çalışırlar. Rusiyada pensiya yaşı bir çox inkişaf etmiş ölkələrdən aşağıdır və bu sistemə xərclənən məbləğin gələcəkdə şişəcəyi gözlənir. Hökumət bunu iqtisadiyyata yük hesab etdiyindən islahatlar aparmaqda qərarlıdır – rusiyalıların çoxunun xoşuna gəlməsə belə”, – məqalədə vurğulanır. (azadlıq.org)