“Təəssüf ki, Gürcüstan-Ermənistan müharibəsi bu gün unudulub, ya da onun barəsində heç danışılmır”.
Strateq.az xəbər verir ki, bu sözləri “Artparalel” teleradio-prodüser mərkəzinin direktoru, “Beynəlxalq Siyasi Münasibətlər və Politoloji Elmlər Mərkəzi”nin həmtəsisçisi və vitse-prezidenti Tengiz Txilava Modern.az-a müsahibəsində deyib:
“1918-ci il dekabrın 9-dan 10-na keçən gün Tiflisdəki Ermənistan səfirliyi ziyafət verir və həmin ziyafətə Gürcüstan hökumətinin üzvlərini də dəvət edir. Paralel olaraq, erməni ordusu sərhədi keçərək Gürcüstana hücum edir. Bu, hərbi toqquşma yox, məhz müharibə idi və hərbi dəniz qüvvələrini çıxmaq şərti ilə bütün ordu növləri hərbi əməliyyatlara cəlb olunmuşdu. Bu gün isə bu hadisələrdən heç danışılmır. Həmin dövrün mətbuatını oxuyan zaman isə sanki gürcülərdə inciklik duyulduğu, qonşu dövlətin xain hücumundan sarsıldığı hiss olunur. Amma müharibə bütün ölkəni bir bayraq altında birləşdirdi və 10 gün sonra ermənilər qaçmağa üz qoydular. Əgər ingilis komandanlığının sülh təkidi olmasaydı, gürcü ordusu İrəvanı da tutacaqdı. Həmin müharibədə bizim daha bir faciəmiz Marneuli rayonunun Trerakvi kəndi ilə bağlıdır. Həmin kənddə ermənilər keşişləri, qadınları, uşaqları və yaşlıları amansızlıqla qətlə yetirmişdilər. Aramızda müharibə olub. Bu, Gürcüstan-Ermənistan münasibətlərini xarakterizə edən hadisələrdən biridir”.
Tengiz Txilava vurğulayıb ki, açıq şəkildə Ermənistanın Gürcüstana düşmən ölkə olduğunu demək lazımdır:
“Bu, təkcə rus qoşunlarını ərazisində yerləşdirməsinə görə deyil. Ermənilər BMT-də hər dəfə Gürcüstandan olan qaçqınların Abxaziya və Cənubi Osetiyadakı yurdlarına dönməsini nəzərdə tutan qətnamələrə qarşı səs verirlər. Ümumilikdə, 9 dəfə Ermənistan bu qətnaməyə qarşı səs verib. Halbuki, Azərbaycan həmişə bu məsələdə Gürcüstanın xeyrinə səs verib. Qətnamə qəbul olunmaqla qaçqınlar yurdlarına geri dönəsi deyil, reallığı hər kəs anlayır, amma bunu simvolik jest də saymaq olardı. Ona görə də, Ermənistan dostluğa nə qədər and-aman etsə də, Gürcüstan üçün düşmən dövlətdir. Bu ölkə ilə bağlı heç bir illüziyam yoxdur”.