XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2015 - 04:21

“Müsavatın indiki rəhbərliyini legitim hesab etmirəm”
Vurğun Əyyub Müsavat rəhbərliyinə meydan oxudu
Müsavat Partiyası Məclisinin sabiq üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyub “Reytinq” qəzetinə müsahibəsində üzvü olduğu Müsavat Partiyasının rəhbərliyinə meydan oxuyub. V.Əyyub bildirib ki, qurultaydan bəri onu partiyadan uzaqlaşdırmağa cəhd göstərilib, amma rayon təşkilatlarının üzvləri tərəfindən bu cəhdlərin qarşısı alınıb: “Hesab edirəm ki, məni partiyadan uzaqlaşdırmaq elə də asan məsələ deyil. Bu fikrə düşənlər unutmamalıdırlar ki, Vurğun Əyyub Müsavat Partiyasının bərpa mərkəzinin üzvlərindən biridir. Bir də mən hesab etmirəm ki, müsavatçılıq ancaq Müsavat adında partiyanın üzvü olmaqla ölçülür”.
V.Əyyub Müsavatın hazırkı rəhbərliyinin legitimliyini tanımadığını yenidən bəyan edib, eyni zamanda deyib ki, deputatlığa namizədlərin Müsavat Partiyası qarşısında öhdəlik götürməsinin tələb olunduğu təlimat mənasız sənəddir: “Mən Müsavatın indiki rəhbərliyini legitim hesab etmirəm. Ona görə də onların verdiyi qərarlar məni maraqlandırmır. Hər bir partiya üzvü partiyaya qəbul olunarkən üzərinə öhdəlik götürmüş olur. Ona görə də mən həmin təlimatı mənasız bir sənəd hesab edirəm və ona əməl etmək niyyətim yoxdur”.
Müsavat başqanının müavini Elman Fəttah isə “Yeni Müsavat”a açıqlamasında Vurğun Əyyubun əsassız yerə xoflandığını bildirdi: “Vurğun Əyyub heç bir əsas olmadan özündən xoflanır. Vurğun Əyyubun partiyadan çıxarılması kimi məsələ partiyada müzakirə mövzusu deyil. Vurğun Əyyub Müsavatın minlərlə sıravi üzvündən biridir. Onun özündən müştəbeh şəkildə partiyadakı nüfuzu ilə bağlı şişirtmələri də əsası olmayan müştəbehlikdən irəli gəlir. Müsavat Partiyası nizamnamə ilə idarə olunur və nizamnamədə göstərilməyib ki, kimsə keçmişdə hansısa müsbət bir işin iştirakçısı olubsa sonradan nizamnaməni pozmasına göz yumulmalıdır. Nizamnamə pozuntusuna yol verən partiya üzvünün məsələsi partiyanın rayon təşkilatında müzakirə edilir, məsələ orada aydınlaşdırılır, uyğun olsa partiyanın mərkəzi orqanlarına şikayət ünvanlanır və məsələ orada araşdırılaraq müvafiq qərar verilir. Vurğun Əyyubun nizamnamə pozuntusu törədib-törətmədiyi nə vaxtsa partiyanın müvafiq rayon təşkilatında və partiyanın strukturlarının hər hansı birində müzakirəyə çıxarılacaqsa, nəticəsindən asılı olaraq biz buna münasibət bildirərik. Bu isə mən bilən yoxdur. Yəni Vurğun Əyyubun xoflanmasına əsas yoxdur”.
E.Fəttah onu da dedi ki, Vurğun Əyyub tək deyil, onun kimi bir neçə nəfər də var ki, Müsavatın Nizamnaməsinin və rəhbərliyinin demokratikliyindən sui-istifadə etməklə məşğuldurlar: “Həmin şəxslər Müsavat üzvü olduqlarını iddia edərək bütün fəaliyyətlərini Müsavata qarşı yönəltməkdə davam edirlər. Bu mənəvi məsələdir.
Müsavatın Nizamnaməsində var ki, üzvlər partiyanın strukturlarının qərarlarını tənqid edə bilərlər. Görünür, bu maddənin istismarı ilə məşğul olan bir neçə nəfərdən biri də Vurğun bəydir. Uğurlar olsun”.