Səbail Rayon Məhkəməsi dekabrın 7-də Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbs qəti-imkan tədbirinin ev dustaqlığıyla əvəz olunması ilə bağlı vəsatətini təmin etməyib.
Əbülfəz Sadıqbəylinin vəkili Osman Kazımlının sözlərinə görə müdafiə etdiyi şəxsin hərəkətində cinayət yoxdur.
O bildirib ki, bundan sonra növbəti hüququ addımlar atılacaq .
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Əbülfəz Sadıqbəyliyə cinayət məcəlləsinin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.
İttihama görə, müsavatçı “Nikoil bank”-ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, bankdan kreditilə aldığı “Niva” markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.
Gənc Müsavatçı ittihamı qəbul etmir. Müsavat partiyası da bəyanat verərək həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib.
(Amerikanın səsi)