XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2018 - 14:14

“Qriboyedov klubu”, əsir və girovlar, partiyanın gələcək planları… –BQP-də toplantı oldu

Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun iclası keçirilib.

BQP-dən Strateq.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, partiyadaxili məsələlər, eləcə də digər məsələlər müzakirə edilib.

BQP başqanı, millət vəkili Fazil Mustafa iclas iştirakçıları qarşısında ictimai-siyasi vəziyyət mövzsunda geniş məruzə ilə çıxış edib, məruzəçi kimi dəvət olunduğu İstanbulda keçirilmiş Beynəlxalq konfrans, deputat kimi fəaliyyəti və iştirakçısı olduğu digər tədbirlər barədə Siyasi Qurula geniş məlumat verib.

İclasda partiyanın Ali Nəzarət Qurulunun (ANQ) bir sıra yerli təşkilatlarda apardığı yoxlamaların nəticələri barədə qurumun sədri R.İsmayılovun məlumatı dinlənilib.

Siyasi Qurulda həmçinin, İşçi Qrupu tərəfindən hazırlanan “Partiyanın 2019-cu ilə dair fəaliyyət istiqamətləri” layihəsinin ilkin variantı müzakirə edilib, düzəlişlər, əlavə və təkliflər nəzərə alınmaqla sənədin yekun variantının təsdiqinin növbəti iclasın gündəliyinə salınması haqqında qərar qəbul edilib.

Iclasda, bu yaxınlarda İrəvanda keçirilən “Lazarev klubu”nun iclası kəskin tənqid edilib: “Əsas hədəfi Ermənistana Qərbin təsirinin qarşısını almaq olsa da, səsləndirilən bəyanatların və Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, Azərbaycanının suverenliyinə və ərazi bütövlüyünə kobud hörmətsizlik nümunəsidir. Bu tədbirlərdə Rusiya Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulinin canfəşanlıq etməsi isə iki ölkə arasındakı münasibətlərə mənfi təsirdən başqa bir şey gətirmir. Ermənistanın qərbyönlü dairələri və geniş ictimai kəsimlərinin qarşı çıxdığı bu tədbirin də aqibətinin bundan əvvəl eyni məqsəd və formatda təşkil olunan “Qriboyedov klubu”nun aqibəti ilə eyni olacağı qaçılmazdır”.

Baş vermiş hadisə ilə bağlı MM-in və XİN-nin etirazları təqdir edilib, lakin bununla kifayətlənmənin doğru olmayacağı və Rusiyanın ziyalıları, ictimai-siyasi xadimləri və mediası ilə ardıcıl və sistemli iş aparılmasının və müntəzəm əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.

İclasda erməni əsirliyində olan Azərbaycan vətəndaşlarının azad edilməsi ilə bağlı səylərin artırılmasının vacibliyi vurğulanıb: “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanların sayı 7 dekabr 2018-ci il tarixinə 3888 nəfər olduğu, onlardan uşaqların sayının 71 nəfər, qadınların 266 nəfər, qocaların isə 326 nəfər olduğu qeyd edilir. Partiya olaraq ölkə rəsmilərinin əsir və girovların “Hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifini dəstəkləyir, erməni əsirlərinə burada yaratdığımız komfort şəraitdən fərqli olaraq, hər gün fiziki və mənəvi təzyiqlər altında ömür sürməyə məhkum edilən, işgəncə və məşəqqətlərdən əziyyət çəkən soydaşlarımızın erməni əsirliyindən bir an öncə qurtulması üçün hər anın dəyərləndirilməsi və bütün istiqamətlər üzrə zəruri addımların atılmasını vacib hesab edirik”.

Sonda cari məsələlər müzakirə edilib və partiya başqanı tərəfindən iclas iştirakçılarını maraqlandıran suallara cavab verilib.