XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 08:26

Deputatlar danışdı, spiker cavab verdi – Milli Məclis
Bu gün Milli Məclisin növbəti iclası keçirilir.
Spiker Oqtay Əsədovun sədrliyi ilə davam edən iclasda çıxış edən deputat Zahid Oruc Rusiya məkanında müxtəlif səbəblərdən yaşayan azərbaycanlıların vəziyyətindən danışıb: “Biz hər zaman istəmişik ki, bu məkanda Azərbaycan diaspor təşkilatları güclü olsun. çox təəssüf ki, “Milyarderlər İttifaqı” adlanan təşkilat yaranandan sonra burada olan Azərbaycan diaspora təşkilatları parçalanmağa və zəifləməyə başlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov da mənşəcə ermənidir. Bu fonda azərbaycanlıların güclü diaspor təşkilatları olarsa, bu, dövlətimiz üçün faydalı olar. Rusiyada olan azərbaycanlıların problemlərinin daha üst qurumlara çatdırılmasına kömək etmiş olar. Rusiyada Azərbaycan diaspor təşkilatları nə qədər güclü olarsa, bu, bütövlükdə ölkəmiz üçün faydalı olardı”.
Fəzail Ağamalı deyib ki, aprelin 24-də dünyanın diqqəti iki ölkəyə, Türkiyə və Ermənistana yönəlmişdi: “Bir tərəfdə şər, digər tərəfdə isə sülhə çağırışları özündə ehtiva edən tədbirlər təşkil olunurdu. Təbii ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, bu dəfə də Türkiyənin yanında yer alırdı. Bu tarixdən sonra bir daha bəlli oldu ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransa sülhün yanında deyillər. Onlar işğalçı Ermənistanın yanında yer aldılar”.
Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin 28 aprelində işğal olunmasını xatırlatdı. 28 aprel işğalı zamanı şəhid olanların ruhuna dua etdi. Daha sonar deputat Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nərgiz xanımın faciəli vəfatından danışdı, başsağlığı verdi.
Həmçinin Fazil bəy ölkə prezidentinə Tofiq Yaqubluya dəfndə iştirak üçün 7 günlük icazə verilməsinə görə təşəkkür etdi: “çox gözəl bir addımdır və hər kəs tərəfindən təqdir olunur. Mən istərdim ki, bu tribunadan istifadə edib cənab prezidentə müraciət edim: Cənab president, imkan varsa, onun əfv məsələsinə də baxılsın. Tofiq Yaqublu 2 il 4 ay həbsdə yatıb, 2 ildən bir az artıq cəzası qalır. Əfvlə bağlı addımın atılması siyasi qüvvələr arasında kin-küdurətin aradan qaldırılması, insanlar arasında səmimi münasibətlərin formalaşması üçün faydalı olardı. Xüsusilə də, Avropa Oyunları ərəfəsində bu, iqtidar üçün də faydalı addım olardı”.
F.Mustafa AŞPA-da ermənilərin 171 imza topladığını dedi: “Mən təklif edirəm ki, bizim XİN-də xüsusi bir bank yaradılsın. “Soyqırm”a dəstək verənlərin ölkəyə gəlib-getməsinə maneçiliklər yaradılsın”.
Spiker O.Əsədov isə dedi ki, bizim nümayəndə heyətinin fəaliyyəti nəticəsində AŞPA “soyqırım” haqda qərar qəbul edə bilmədi.
Lerik rayonundan deputat seçilmiş İqbal Məmmədov özünü “TMR”-in “president”i adlandıran Ələkrəm Hümbətovun ermənipərəst bəyanatına etiraz etdi: “Onun talış xalqının adından danışması məni də hiddətləndirdi. Ələkrəm Hümbətovun Azərbaycan xalqına etdiyi xəyanətlər bu gün də davam edir. Onun talış xalqı adından danaışmağa haqqı yoxdur. Sərsəm bəyanatlar verən Ələkrəm Hümbətov bu gün ölkəmizdəki inkişafı görmürmü? Ələkrəm Hümbətov talışlardan heç bir dəstək ala biləyib, bilməyəcək də…”
İqbal Ağazadə ilk Cümhuriyyətimizin süquta yetirilməsinin 95 illiyi münasibətilə xalqımıza başsağlığı verməklə bərabər, müstəqilliyimizin qorunması üçün milli birliyə ehtiyac olduğunu bildirdi: “İnşallah milli barış, milli birlik, dialoq mühitinin mövcudluğu şəraitində xalqımız bu faciəni bir daha yaşamaz”.
İ.Ağazadə də Tofiq Yaqublunun əfv olunması ilə bağlı prezidentə müraciət etdi: “Bu humanist addım atılarsa, ən azı bir ailənin faciəsinin üzərinə su çilənmiiş olar. Bu addım atılarsa, həm cəmiyyətimiz, həm müxalifət tərəfindən hörmətlə, sayğı ilə qarşılanar”.
İ.Ağazadə də Azərbaycan hökumətini Ə.Hümbətovun bəyanatları ilə bağl ciddi fəaliyyətə çağırdı: “Bu insan Avropada ona verilən hüquqlardan istifadə edib, Azərbaycanda qarşıdurma yaratmağa cəhd edir. Hökmən bunun cəzası olmalıdır, onunla bağlı Avropanın müvafiq qurumlarına müraciət olunmalıdır. O, mütəmadi olaraq Avropa təşkilatlarında çıxışlar edir, onun beynəlxalq təşkilatlara çıxışları məhdudlaşdırılmalıdır”.
O.Əsədov dedi ki, bir çox beynəlxalq təşkliatlar belə xəyanətkarları axtarırlar: “İkincisi də dövlət niyə belə cılız adama fikir verməlidir ki..?”
Aydın Mirzəzadə çanaqqala Zəfərinin 100 illik yubiley tədbirlərinin keçirilməsini yüksək dəyərləndirdi: “Bu tədbirin yüksək səviyyədə keçirilməsi Türkiyə və Azərbaycann dünyada və regionda artan nüfuzunu göstərdi”.
A.Mirzəzadə Avropa Oyunlarının məşəlinin yandırılmasını ikinci böyük hadisə adlandırdı: “Bu məşəlin yandırılması Azərbaycanın bu oyunlara layiq olduğunu sübut etdi”.
Elman Məmmədov çanaqqala Zəfərinin 100 illiyi ilə bağlı təbriklərini səsləndirdi, bu zəfərin qazanılmasında azərbaycanlı döyüşçülərin də iştirak etdiyini xatırlatdı: “Mən arzu edərdim ki, bir gün Qarabağın azadlıq gününü də qeyd edək və bu zəfərin qeyd olunmasında Türkiyə də Azərbaycanla birgə iştirak etsin”.
Ardınca E.Məmmədov Fransa və Rusiyanın ermənipərəst siyasətini pislədi, Jirinovskinin Putindən daha ağıllı və normal mövqe sərgilədiyini deyib, Rusiya hakimiyyətini sərt tənqid etdi.
Daha sonra AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ermənilərin AŞPA-dakı fəaliyyəti, “soyqırım”la bağlı imza toplamasından danışdı: “Əslində bu sessiya Ermənistanın məğlubiyyətini göstərdi”.
Musavat.com