Yanukoviç hakimiyyətinin devrilməsindən sonra Ukrayna-Avropa Birliyinin ilk zirvə toplantısı Kiyevdə keçirildi. Zirvə toplantısında Ukrayna-Avropa arasındakı əlaqələrlə yanaşı, ölkənin şərqində baş verən hadisələr də müzakirə olundu. Ukraynanın yeni prezidenti Petro Poroşenko toplantıda çıxış edərək ölkəsinin AB-nə inteqrasiyası önündə dayanan bütün əngəllərin tez bir zamanda aşılacağına və imzalanan Ortaqlıq Anlaşmasının tez bir zamanda həyata keçiriləcəyinə ümid etdiyini bildirdi. Poroşenko həmçinin növbəti 5 il ərzində boyunlarına götürdükləri öhdəlikləri uğurla yerinə yetirəcəkləri və bundan sonra birliyə üzv olmaq üçün müraciət edəcəkləri barədə fəxri qonaqlarına muştuluq verməyi də unutmadı.
Ukrayna tərəfinin hesabatlarını dərin bir filosof ədasıyla dinləyən və xoşuna gələn cümlələri eşidəndə başını yelləyə-yelləyə məmnuniyyətini ifadə edən Avropa Şurasının sədri Jean-Claude Juncker də ölkənin Avropa Birliyinə doğru irəliləyişini təqdirlə qarşıladı və bu marşrutda ilk dayanacağın Avropanın sərbəst ticarət bölgəsinə girmək olduğunu ukraynalılara xatırlatdı. Cənab Juncker həmçinin 2016-cı ilə qədər bu məsələdə lazımi islahatların keçirilməsinin vacibliyinə toxundu.
Kiyevdə Avropa Birliyinə inteqrasiya müzakirə olunduğu bir vaxtda ölkənin şərqi rus tanklarının tırtılları altında tapdanır, qərbində isə Balkan dövlətləri gündəlik çörək pullarını necə qazanacaqları barədə düşünürdülər. Halbuki, bu ölkələr də bir neçə il bundan əvvəl Avropa Birliyinə girən kimi, Avropa standartlarında həyat sürəcəklərinə ümid etmişdilər. Bu zamana qədər isə qitənin qərbinə gedənlər böyük ilgiylə qarşılanır, şənlərinə verilən ziyafətlərdə yuxarı başda oturdulurdular.
Giriş prosesi tamamlandıqdan sonra isə hər şey dəyişdi. Əvvəl onlara “gəl-gəl” deyən Qərbi Avropalılar öz şərqli qitədaşlarına altdan yuxarı baxmağa başladılar. Qərbin sənaye müəssisələriylə rəqabətə davam gətirə bilməyən qitənin şərqliləri iqtisadiyyatları tamamilə çökmüş vəziyyətə düşdülər. Yeni ağaları onların yavan çörəyinə yağ sürtməyə xəsislik etdi. Beləcə şərqdən qərbə köçlər bağladı.
Eyni qitədə yaşamalarına baxmayaraq, sanki, yeni dünyaya səfər etmiş zavallılara Qərbi Avropada da iş yerləri tapılmadı. İçərilərindən bəzi mütəxəssislər bəlkə işləmək imkanı əldə etsələr də, onlar belə, xeyli ucuz qiymətə əməklərini satmağa məcbur oldular. çünki Avropanın öz baha qiymətə işləyən mütəxəssis orudusu var idi və heç kim yerli işçini atıb yerinə özgə ölkə vətəndaşı götürməzdi. üstəlik, Qərbi Avropa ölkələrində Afrika və Yaxın Şərqdən qaçıb gələn ürəyin istədiyi qədər muzdur və kölə tapmaq mümkündür. Hansı kı, bu kölələr günün 20 saatını dayanmadan işləməyə, qarşılaşdıqları hər haqsızlığa dözməyə və susmağa məcburdurlar. Əks təqdirdə, gizləndikləri Avropada mövcudluqları hiss edilər və onlar yenidən gəldikləri cəhənnəmə göndərilə bilərlər.
Beynəlxalq Əmək Təşkilatının araşdırmalarına görə, bu gün dünyada modern kölələrin sayı 12.3 milyondan artıqdır və onların əksəriyyəti də məhz Qərbi Avropa ölkələrində məskunlaşıb. Böyük qismi üçüncü dünya dövlətlərindən Avropanın parıltılı görüntüsünə pənah gətirən bu kölələr əsasən insan ticarətçisi və qadın alverçilərinin əlində pul dağarçığına çevriliblər. öz bədənlərini 18 saat satmaq məcburiyyətində qalan kölələrin qazandıqları pul da ürəkaçan səviyyədə deyil. 2006-cı ildə media vasitələrində işıqlandırılan 28 yaşlı şri-lankalı xidmətçi Solamatanın İngiltərədəki həyat hekayəsi Avropanın modern kölələri haqqında çox şeylər deyir. Məlumata görə, ayda sadəcə, 200 sterlinq qazanan Solamata sığındığı ailənin artıqlarıyla qidalanırmış. O da süfrələrində artıq qalanda. Qalmayanda isə zavalı şri-lankalı xidmətçi aylarla quru çörəyin ümidinə dolanırmış.
Qərbə ümid yolçuluğuna çıxan Şərqi Avropa ölkələrinin vətəndaşları da yerli işçilərlə yox, şri-lankalı Solamatayla yarışmalıdırlar. Di gəl ki, Solamata qədər də şanslı deyillər. Nədən ki, həmin zavallı xidmətçidən fərqli olaraq, onların məmləkətlərində buraxıb gəldikləri ailələri var və bu ailələr Avropa standartlarında yaşamasalar da istehlak etdikləri malları Avropa qiymətlərinə alırlar.
Qərblə amansız rəqabətdə bütün sənaye potensialını tükədən Şərqi avropalıların aqrar sahədə də yarışmaq imkanları yoxdur. Torpaqlarının daha verimli olmasına baxmayaraq, əkib becərdikləri məhsullarını su qiymətinə satmağa və ilboyu sərf etdikləri əməklərini Qərbin bahalı sənaye məhsullarına verməyə məcburdurlar. Hətta Günəş üzünə həsrət qalan Hollandiyanın parniklərində süni yollarla becərdikləri məhsullarının kəmiyyəti onlarla müqayisədə xeyli çoxdur. Rəqabət şərqliləri də öz məhsullarını dəyər-dəyməzinə mübadilə etmək məcburiyyətində qoyur və əksəriyyəti təsərrüfatını buraxıb şəhərlərə axışır. Bu durumda bütün iqtisadi potensiallarını itirən Şərq Blokunun keçmiş üzvlərinin indi insan ticarəti dəllallarının əlinə düşməkdən başqa çarələri qalmır. Avropaya ən çox ixrac etdikləri “məhsul” isə gözəl Balkan qızlarıdır.
Bəli, nə qədər acı olsa da, hümanizminə və demokraiyasına inandığımız Avropa standartları yeni koloniyalarına bu gerçəkləri gətirib. Mənə inanmırsınızsa, gəlin, Türkiyəli araşdırmaçı-yazar Kayahan Uğuru dinləyək: “Bolqarıstan, Rumıniya, Moldoviya kimi ölkələrdə kəndlərə bəzən konvoy halında lüks “JEEP”lər gəlir. Başlarında əsasən hollandiyalı bir patron, yanlarında isə Balkan ölkəsindən mühafizəçilər və yerli “işverənlər” olur. Onlar 14-15 yaşlarındakı qızları ailələrindən ayda 500 avroya icarəyə götürürlər. Kəndlilər o qızları bir daha görə bilmirlər. çünki onlar kölədir, ailələrinə vəd edilən pulu, gündəlik 50 avro kokain xərcini, 40 avroluq müştəri xidməti ödənişini, ayda 500 avro ev kirayəsini, qorumanın cibxərcliyini və nümayişə çıxarıldıqları vitrinlərin icarə haqlarını çıxarmaq üçün dayanmadan çalışmalıdırlar. Amsterdam, Anvers kimi mədəni şəhərlərdə qadınlar çılpaq vəziyyətd
ə gəlib-gedənlərə nümayiş etdirilirlər. Bu vitrinlərin 6 saatlıq kirayəsi isə 250 avrodur”.
Məsələyə bu aspektdən baxanda, 2008-ci ildən etibarən iqtisadi böhrana sürüklənən Qərbin nə məqsədlə Avropa Birliyi adı altında genişlənmək siyasəti yürütdüyü ortaya çıxır. Məqsəd heç də yeni koloniyalara demokratiya və rifah gətirmək deyil və ola da bilməz. Zira Avropanın özü bu gün iqtisadi və sosial problemlər içərisində üzür. Avropa Şurasının sədri Herman Van Rompuyun 2011-ci ilin 5 may tarixində dilə gətirdiyi bəzi gerçəklər bu iddianı tam çılpaqlığıyla gözlər önünə sərir. Yaşlı qitədə gənclərin işsizlik problemini dilə gətirən Herman bu səviyyənin İspaniyada 50%-dən artıq olduğunu bildirmişdi. Statistik məlumatlara görə, 2010-cu ildə bütün Avropa gəncləri arasında işsizlik 21%, 2011-ci ilin sonunda isə 22,1%-ə yüksəlmişdi. Bu durumda, təbii ki, Avropa ölkələri öz koloniyalarına iş artıran məkanlar kimi baxmalıdırlar. Əvvəl onların sərvətlərini müxtəlif yollarla Qərbə daşımalı, sonra isə özlərini kölə vitrinlərində alıcılara sunmalıdırlar.
Avropa iqtisadçılarının böhrandan çıxmaq üçün irəli sürdükləri yeni strateji raportları da bu ehtimalı qüvvətləndirir. Raportlara görə, qlobal iqtisadiyyatın böhran öncəsi durumu yenidən fəth etməsi üçün iki il ərzində ən azı 80 milyon yeni iş yerinin yaradılması tələb olunur. Ancaq iqtisadi böyümədə yavaşlama bu hədəfin yalnız yarısını həyata keçirməyə imkan verir. İnkişaf etmiş ölkələrdə gənclərin işlə təminatının böhran öncəsi həddə çatdırmaq isə 2016-ci ildən əvvəl mümkün deyil. (Qaynaq: http://www.sde.org.tr/tr/newsdetail/avrupa-birliginde-issizlik-sorunu-buyuyor/3205)
Avropa Birliyinin yeni sədri Jean-Claude Junckerin ukraynalı rəhbərlərə sərbəst ticarət bölgəsinə girmək üçün niyə 2016-cı ili hədəf göstərməsi bu raportların işığında daha aydın görünür. Məqsəd hələ də avropalı gənc işsizlərin sayını böhrandan öncəki duruma gətirmək və Avropa sənaye mallarının satıldığı yeni bazar əldə etməkdir. Daha sonra isə qul bazarlarının yeni əmtəələri də işçi təminatına vüsət verə bilər.
Sözsüz ki, bu fikirləri deyərkən bəndəniz “heç də Avropaya inteqrasiya etməyək” fikrini təlqin etmək istəmir. Biz də, ukraynalılar da istəsək də, istəməsək də qloballaşan iqtisadiyyatdan kənarda qala bilmərik. Sadəcə, inteqrasiya olunduğumuz zaman güclənmiş iqtisadi potensialla bu addımı atmalıyıq. Əks halda, daha sivil yaşayış standartları arzularkən yaşlı qitənin kölələrinə çevrilə bilərik.
Heydər Oğuz
Strateq.az