XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2018 - 14:54

Sarkisyanın müavini Paşinyanı “topa tutdu”:"Biz bu il ən böyük zərbəni YUNESKO-da aldıq"

Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanı, hökumətin işinin optimallaşdırması layihəsinə, xüsusən də Mədəniyyət Nazirliyinin ləğv edilməsinə görə tənqid edib.

Erməni KİV-inin yaydığı məlumata görə, A.Aşotyan Azərbaycandan YUNESKO səviyyəsində məğlubiyyət haqda da xatırladıb.

“Yunanıstanda, İtaliyada və ya Serbiyada heç kəsin ağlına “mədəniyyəti bağlamaq” gəlməz. Erməni-Azərbaycan qarşıdurmasında biz bu il ən böyük zərbəni YUNESKO-da aldıq, o vaxt ki, bizimkilərin fəaliyyətsizliyinə və diletantlığına görə, azərbaycanlılar özlərinin “köçəri”yə oxşar rəqsini qeydiyyata aldıra bildilər. Halbuki keçən il bizim səylərimizlə “köçəri” artıq erməni qeyri-maddi mədəni irs nümunəsi kimi qeydə alınmışdı. Bu məsələdə ən təhlükəli məqam odur ki, azərbaycanlılar onu– diqqət – Naxçıvan ərazisindən rəqs kimi qeydə aldırdılar. Anlayırsınız ki, nə baş verir?”, – deyə A.Aşotyan bildirib.

 

Qeyd edək ki, Azərbaycan milli rəqsləri “Yallı (Köçəri, Tənzərə) və Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, YUNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu haqda qərar YUNESKO-nun noyabrın sonunda Port-Luidə (Mavrikiya) keçirilmiş qeyri-maddi mirasın mühafizəsi üzrə Hökümətlərarası komitəsinin 13-cü sessiyasının gedişatında qəbul edilib. Bu, faktiki olaraq bu rəqslərin Azərbaycana aid olduğunun tanınması deməkdir.

Azərbaycanın ərizəsi Mədəniyyət Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin birgə işi nəticəsində təqdim edilmişdi. Naxçıvanın təqdimatında əsas məqsəd Azərbaycanın bu qədim tarixi bölgəsinin əhalisinin ənənələri və folkloru haqqında dünyaya daha çox məlumat çatdırılmasına kömək etmək və bu ənənələri YUNESKO səviyyəsində qorumaq idi.

Erməni tərəfi “Yalli” rəqsinin YUNESKO siyahısına daxil edilməsinə mane olmaq istədi, lakin bu təxribat cəhdinin qarşısı alındı.

Artıq Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti, tarda ifa, qadın baş örpəyi kəlağayının və onun simvolikasının istehsalı və daşınması, Lahıcda mis avadanlığın istehsalı, Novruz (Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyə ilə birgə sifariş), lavaşın hazırlanması və verilməsi ənənələri, kamançanın istehsalı və onda ifaçılıq sənətinin ənənələri (İranla birgə) YUNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

 

Ermənistandakı vəziyyətə qayıdaraq, qeyd etməyə dəyər ki, Mədəniyyət və Diaspora nazirliklərinin bir qrup əməkdaşı bu qurumların gözlənilən yenidən qurulmasına etiraz edirlər.

Gözlənilir ki, Mədəniyyət Nazirliyinin səlahiyyətləri Təhsil və Elm Nazirliyi ilə Şəhərsalma üzrə Komitə arasında qismən bölünəcək, Diaspora Nazirliyi isə ləğv ediləcək.

“Təhsil və Elm Nazirliyi özü-özlüyündə saysız-hesabsız funksiyalarla fövqəladə yüklənmiş böyük bir qurumdur, hansı ki, gündüz və gecə işləyərək, öz funksiyalarını güclə yerinə yetirə bilir. O, şəxsiyyətlərdən asılı olmayaraq, yeni yükləri çəkə bilməyəcək”, -deyə A.Aşotyan vurğulayıb.

Diaspora Nazirliyi haqqında danışarkən A.Aşotyan qeyd edib ki, o, iki əsas səbəbdən yaradılmışdı: birincisi, Xarici İşlər Nazirliyi diasporanın potensialını tamamilə reallaşdıra bilmirdi; ikincisi – bu, erməni-türk və erməni-Azərbaycan münasibətləri kontekstində çağırışlar nəzərə alınaraq, ciddi xarici siyasi sifariş idi… (virtualaz.org)