XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 16:44

Həbsxanadan Məmməd İbrahimə mənfi xasiyyətnamə verilib –"Vəhhabiliyə meyillidir..."

AXCP sədrinin müşaviri, 3 illik həbs cəzasının başa çatmasına 2 gün qalmış haqqında yenidən cinayət işi başlanan Məmməd İbrahim haqqında mənfi xasiyyətnamə verilib.

Strateq.az azadlıq.org-a istinadən xəbər verir ki, 16 Saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin müdiri Emin Şıxəliyevin imzaladığı xasiyyətnamədə M.İbrahim haqqında yazılıb ki, o, vəhhabiliyə meyllidir, müəssisədə məhkumlar arasında dövlətçilik və iqtidar əleyhinə təbliğat aparıb və s. Ona görə də M.İbrahimin vəkilləri dekabrın 25-də məhkəmədə vəsatət qaldırıb ki, E.Şıxəliyev çağrılıb dindirilsin, hansı əsasla onun haqqında belə bir xasiyyətnamə verdiyini izah etsin, sübutları varsa, ortaya qoysun.

M.İbrahimin həbsdən çıxmasına 2 gün qalmış onun yatağından bıçaq tiyəsi tapılması iddiasıyla bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baxılır. Şahid qismində tanınan müəssisə əməkdaşları məhkəmədə dindirilsə də, məhkumlar prosesə gəlmirlər. Vəkillər də tələb edir ki, istintaqda hal şahidi kimi dindirilmiş məhkumlar mütləq məhkəməyə də gəlib ifadə versinlər. Çünki onların istintaqdakı ifadələriylə bağlı ciddi şübhələr var.

Söhbət 3 nəfər məhkumdan gedir. Onların da ikisi M.İbrahim haqqında istintaqda ifadə verəndən sonra azadlığa buraxılıb, biri də məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Hakim bildirib ki, azadlığa çıxanların yerini müəyyənləşdirmək mümkün olmayıb. Amma məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şahid çağrılıb dindiriləcək.

AXCP funksioneri haqqında mənfi rəy vermiş E.Şıxəliyevə gəlincə, hakim onun dindirilməsi barədə vəsatəti rədd edib. Deyib ki, onun bu işə aidiyyəti yoxdur. Vəkillər bu fikirlə razılaşmayıb. Bildiriblər ki, o, belə xasiyyətnamə verməklə məhkəmədə öncədən M.İbrahim haqqında mənfi fikir formalaşdırıb: «Üstəlik, xasiyyətnamədə yazılanlar da həqiqətəuyğun deyil, böhtandır».

Hakim cavabında deyib ki, buna qiymət vermək məhkəmənin səlahiyyətindədir.

Məhkəmə yanvarın 8-də davam edəcək.