XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 12:09

Alman siyasətçinin “Der Spiegel”-də mühüm mesajları:"Rusiyanın diz çökdürülməsi ağıllı iş deyil" (Təhlil)

 

ABŞ Almaniyaya təzyiqi artırır, ölkəni “Şimal axını – 2” qaz kəmərinin tikintisini dayandırmağa çağırır. “Yaşıllar” partiyasından Bundestaqın deputatı, Xarici Məsələlər üzrə Komitə üzvü Yurgen Trittin “Der Spiegel” qəzetinə müsahibəsində Berlinin Vaşinqtona niyə müqavimət göstərməli olduğuna aydınlıq gətirib. Siyasətçi ilə nəşrin jurnalisti Benyamin Bidder söhbətləşib.

“Əslində AB-də qaza tələbat artmağa davam edir. Ona görə qaz kəmərinə 10 milyard avro dəyərində investisiyaların özünü doğruldacağı mümkündür. Ancaq hələlik buna tam əmin deyiləm”, – deyə siyasətçi bildirib.

Tritten vurğulayıb ki, “Şimal axını – 2” layihəsinə qarşı çıxanların əsas arqumenti – “ruslardan asılılıq artacaq” – doğru deyil. “Qaz kəməri qarşılıqlı asılılığa gətirib çıxaracaq, çünki istehsalçı ilə istehlakçı arasında əlaqə çox böyükdür. İstehlakçının başqa mənbələri varsa, istehsalçı daha asılı vəziyyətdədir. Avropa ABŞ və Qətərdən maye təbii qaza asanlıqla keçə bilsə, onda istehlakçısını dəyişmək Rusiyaya elə də asan olmayacaq. Onda Çinə yeni qaz kəməri çəkmək lazım gələcək”,- o qeyd edib.

“Avropa həmrəyliyi mövcuddur, – həmsöhbət vurğulayıb. – Şərqi Avropa ölkələrindən heç biri Rusiyanın təzyiqi altına düşə bilməz. Buna təminat verilir. Bu gün Şərqə revers qaz tədarükü üçün Avropada ümumi qaz şəbəkəsi və infrastruktur var”.

“Vaşinqtonda bütün partiyalarda ümumi bir fikir üstünlük təşkil edir ki, “Şimal axını” şər qüvvədir. (…) Söhbət Amerika maye qazının Avropaya tədarük edilməsindən gedir. Amerikalılar bunu məmnuniyyətlə belə təqdim etsələr belə, məsələ təkcə siyasi mübahisədə deyil. Söhbət həmçinin mühüm iqtisadi maraqlardan, enerji siyasətində Amerikanı əsas ölkə etməkdən gedir”, – deyə siyasətçi qeyd edib.

“ABŞ-da belə bir fikir geniş yayılıb ki, Rusiyanı iqtisadi baxımdan diz çökdürmək mümkündür. Avropalıların çoxu bunu bir qayda olaraq başqa cür görür, – deyə Trittin aydınlıq gətirib. – Onlar qonşuluqda nüvə silahına malik, iflasa uğramış ölkə görmək istəmirlər. Ola bilsin, ABŞ və bir çox avropalıların mövqeləri arasında əsas fərq bundan ibarətdir.  Rusiyanı uzun müddət ərzində diz çökdürməyin ağıllı iş olduğunu düşünmürük”.

Trittin  qeyd edib ki, Rusiya “bizim qonşumuzdur, ancaq özünü pis aparan qonşudur”. “Rejimin dərindən kök salan avtokratik xarakterini lazımınca qiymətləndirməliyik. Əlbəttə, onunla əməkdaşlıq etmək lazımdır, amma onun bizim üçün, məsələn, ABŞ kimi eyni əhəmiyyət kəsb edən tərəfdaş olmasına yol vermək olmaz. Ölkənin prezidenti kiminsə xoşuna gəlməyə bilər, ancaq ABŞ hüquq dövlətidir”, – deyən siyasətçi əmindir.

“Demək olar bütün Avropa ölkələri və ABŞ 2000-ci il Putinin prezidentlik fəaliyyətinə başlamasını müsbət qarşılayıb. Onda arqument kimi müəyyən sabitliyin geri qayıtması səsləndirilib. Onlar Putinin bu təhlükəsizliyə fövqəladə vəziyyətin, Çeçenistanda müharibələrin köməyi ilə nail olduğunu görmək istəməyiblər. (…) Sabitliyin öz bədəli var. İndi isə hamı birdən Putinin bütün rus cəmiyyətinə fövqəladə vəziyyət elan etməsindən qorxuya düşüb. O, 1990-cı illərdə öz aralarında münaqişə aparan mafiya klanlarını dövlət tərəfindən idarə edilən xüsusi xidmət klanları ilə əvəzləyib”, – deyə Trittin əlavə edib.

Rusiya ilə bağlı strategiyaya toxunan deputat “qonşuluq siyasətində şəffaflığın”, “birgə maraqların olduğu sahələrdə əməkdaşlığın” vacibliyini vurğulayıb. “Münaqişə o yerdə baş verir ki, qonşu bizim maraqlarımıza qarşı fəaliyyət göstərir, – deputat bildirib. – Burada Amerikadan fərqlənirik. ABŞ iqtisadi cəhətdən Rusiyanı əldən salmaq istəyir (…). AB əksinə, məhdud iqtisadi əməkdaşlığa ümid edir, çünki Rusiyada rejimin iflasa uğrayacağı təqdirdə nəticələri aradan qaldırmalı olacağından qorxur. Ekspertlərin hamısı deyir ki, Putin indi devrilsə, Rusiyanın başqa ölkələrə münasibəti daha millətçi və təcavüzkar xarakter daşımağa başlayacaq”, – Trittin deyib.

“Dəyişiklik istəyi varsa, onda əsas sual belə səslənir: Rusiyada iqtisadiyyatın diverfikasiyasına necə nail olmalı? Axı bir qayda olaraq, onun ardınca siyasi hakimiyyətin diverfikasiyası gəlir. Ona görə Putin iqtisadi təfavütlə belə ehtiyatlı davranır. Əksinə, məsələn, Rusiya xam malının ixracına qadağalar yolu ilə ölkəni viran qoymaq üçün nəzərdə tutulan siyasət birmənalı şəkildə rus iqtisadiyyatının əsaslarının genişləndirilməsinə gətirib çıxarmayacaq. Bu, sadəcə dövlət kapitalizmini möhkəmlədəcək”, – alman deputat belə hesab edir.

(X-pressa.net)