XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 16:49

“Putinin Paşinyana güzəşt edəcəyi ağlabatan deyil” –Zərdüşt Əlizadə

“Nikol Paşinyan Moskva səfəri zamanı qarşısına qoyduğu məqsədlərə nail ola bilməyəcək. Ermənistan 100 faiz Rusiyadan asılıdır. Bu asılılığın 20 faizini Rusiya təşkil edibsə, 80 faizini ermənilər edib. Ermənilər öz milli şüurunda özləri üçün Rusiya adlı qəfəs qurub və uzun illərdir ki, bu qəfəsin içində yaşayırlar. Qəfəsin içində olduğun təqdirdə manevr imkanların məhdud olmalıdır”.

Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Ermənistan Baş naziri Nikol Paşinyanın bu gün Moskvaya səfər etməsi və prezident Putinlə aparacağı danışıqları şərh edərkən deyib.

Politoloq qeyd edib ki, erməni lider ölkəsində keçirilən parlament seçkilərindən sonra Rusiyaya səfər edir: “Daxildə erməni əhali ona böyük ümidlər bəsləyir. Putinlə danışıqlarda iqtisadi məsələlər və Qarabağ münaqişəsini müzakirə edəcək. Rusiya hətta öz müttəfiqlərinə iqtisadi sahədə güzəştə getmək istəmir. Paşinyanla görüşdən əvvəl Putin Belarus prezidenti Lukaşenko ilə də görüşüb. Lukaşenko təklif etdi ki, neftin qiymətini Belarusa Rusiya daxili bazarında satılan qiymətlə satsın. Putinin də mövqeyi belə oldu ki, neft və qaz sizə Avropada olan qiymətdən ucuz, amma Rusiyada olan qiymətdən də baha satılacaq. Rusiya istəmir ki, bir neçə milyard dolları bağışlasın, heç nədən versin. Bu halda Putin nədən Ermənistana satılan neft və qazın qiymətini endirsin, heç nədən pulları bağışlasın? Ermənistan hansı məsələdə Rusiyanı hədələyə və Moskva bu səbəbdən geri çəkilərək neft-qazın qiymətini aşağı sala bilər? Belə bir şey yoxdur. Putin etmək istəsə, simvolik bir güzəşt edə bilər. Amma Belarusa güzəşt etməyən Putinin Paşinyana güzəşt edəcəyi də ağlabatan deyil. Üstəlik nəzərə almaq lazımdır ki, Rusiya Ermənistana qazı başqa metodla satır. Yəni “Qazprom”un törəmə şirkəti Ermənistanda qazı satır. Qazı 200 dollara alıb 250 dollara satırlar. Erməni və rus işbazlar beləcə böyük qazanc əldə edirlər. Ukrayna ilə də eyni sxem işləyirdi. Bu, həm də oğurluq sxemidir”.

Z. Əlizadəyə görə, Paşinyan Qarabağ mövzusunda danışıqlar zamanı da istədiyinə nail ola bilməyəcək: “Ermənistan istəyir ki, hərbi qələbəsini rəsmiləşdirərək, Qarabağı özünə birləşdirsin. Əgər bu mümkün deyilsə, Qarabağ Ermənistanın cibində “müstəqil” dövlət olsun. Rusiya Ermənistanın bu istəyinə tüpürmək belə istəmir. Rusiyanın məqsədi münaqişənin qalmasıdır. Yəni münaqişənin forması dəyişə bilər, amma məzmunu qalsın. Çünki bu, qarmaqdır. Bu qarmaq Ermənistana keçirilib və əldə saxlanılır. Üstəlik, Ermənistanın pulu olmadığından aldığı silahlara görə Rusiya qarşısında borcu artır. Bu halda niyə Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdır?

Paşinyan Qarabağ təklifini edə, Qarabağın ona verilməsini istəyə bilər. Amma Putindən rədd cavabı alacaq. Bunun qarşılığında NATO sözünü dilinə gətirsə, Rusiyadan düymə basılacaq və Paşinyan devriləcək. Üstəlik, Azərbaycan bir neçə rayonu əldə edə bilər. Bunu bildiyinə görə, Paşinyan Rusiya ilə dostluq xəttini seçəcək. Çünki vəzifədə qalmaq istəyir. Qarabağa görə, vəzifəsini itirməyə dəyərmi?

Məncə, onun baxışınca, yox. Bu mənada Moskva danışıqlarında Paşinyanın nəsə əldə edəcəyini gözləməyə dəyməz. Zərrə qədər də uğur əldə edə bilməyəcək. İqtisadi məsələlər və qaz mövzusunda simvolik güzəşt əldə edə bilər, amma Qarabağ mövzusunda heç nə əldə etməyəcək. Ən yaxşı halda bu danışıqlarda Nikol üçün yeni tələ qurula bilər. Qəfəsin içində oturan Paşinyanın ölkəsinin siyasi oriyentasiyasını dəyişmək imkanı isə sadəcə yoxdur. Ən yaxşı halda, qəfəsin damından sallana bilər. Nə qədər ki, Qarabağ münaqişəsi-qəfəs var, böyük addımlar atmaq mümkünsüzdür”.