XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 11:52

Sərdar Cəlaloğlu qalmaqala səbəb olan fotosundan danışdı:"Orada nə butulkanın olmasından, nə də götürülməsindən xəbərim olmayıb"

Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlunun İngiltərədə mühacir həyatı yaşayan qardaşı Qurban Məmmədovun “Azerifreedom” kanalında çıxdığı canlı yayımda görüntülərdəki araq butulkası diqqəti cəlb edib. Verilişin mövzusu “Din və siyasət” olub. Butulka veriliş gedə-gedə otaqdan götürülüb.

Məlumdur ki, ADP sədri namaz qılır, Qurana təfsir  yazır. Məhz bu səbəbdən S.Cəlaloğlunun canlı yayıma qoşulduğu otaqda araq butulkasının olması hər kəsdə təəccüb oyadıb. Partiya sədrinin ünvanına müxtəlif fikirlər səslənir.

Strateq.az bildirir ki, məsələ ilə bağlı S.Cəlaloğlu musavat.com-a danışıb. S.Cəlaloğlu araq butulkasının yer aldığı otağın ona məxsus olmadığını söylədi:“Canlı yayıma başqa bir şəxsin otağından qoşulmuşam. Orada nəyin olduğunu görməmişəm. Fikir də verməmişəm. Onun üçün də bu barədə bir söz deyə bilmərəm. Otağın mənə aidiyyəti yoxdur. Bizim internetlə verilişə qoşulmaq imkanlarımız olmadığı üçün xahiş etdim ki, o otaqda mənə şərait yaratsınlar. Həmin otaqda isə tamam başqa fəaliyyətlə məşğul olurlar. Canlı yayım vaxtı orada nə butulkanın olmasından, nə də götürülməsindən xəbərim olmayıb. Sizlər deyəndən sonra mən bunları eşidirəm. Diqqət edən görür ki, canlı yayımda interneti tənzimləyən də tamam başqa bir şəxsdir. Açığı, interneti tənzimləməkdən o qədər də başım çıxmır”.

ADP sədri burada şəxsinə qarşı hər hansı bir təxribatların olmadığını düşünür: “Burada heç bir təxribatdan söhbət gedə bilməz. Çünki həmin otağın məxsus olduğu şəxs və həmin otaqda olanlar bizə yaxın şəxslər olub. Təəssüflər olsun ki, bizim kimi cəmiyyətlərdə insanların hadisələrə baxışları qərəzlidir. Əleyhimə yazılan heç bir məlumatı oxumamışam. İstənilən halda insanların lehinə və əleyhinə yazılar ola bilər. Bu, normal bir haldır. Açığı, bu məsələnin bu qədər böyüməsində bir kampaniya görürəm, hökumət və özünü müxalifət adlandıran bəzi qüvvələr tərəfindən. Öz silahdaşlarına qarşı belə bir ”cihad” kampaniyası təşkil olunub. İstər xilaskar, istərsə də qəhrəman kimi çıxış elə, mütləq səni hədəfə alanlar olacaq. Heç kəs iddia edə bilməz ki, onun fikirlərini hamı qəbul etməlidir. Bu baxımdan şəxsimə qarşı olan fikirləri haradasa normal qəbul edirəm. Amma hər şey bir həddində olmalıdır. Turqut Özalın bir fikri var. O deyirdi ki, liderlər udduqlarını saymalıdır, uduzduqlarını deyil. Orada mən dinimiz haqqında 3-5 nəfərə nəyisə izah edə bilmişəmsə, bu mənim uduşumdur. Bu insan orada necə oturur, əl-qol hərəkətləri necədir, otaqda nələr var və s. kimi şeyləri düşünənlər olacaq. Burada da təəccüblü heç nə yoxdur”.

S.Cəlaloğlu 10 ildir içki içmədiyini bildirdi: “Məndə allergiya var. Bunu dostlarım yaxşı bilir. İçən vaxtlarımda belə 50 qramdan artıq içməmişəm. İçkiyə heç zaman meylli olmamışam. 10 il olar ki, ümumiyyətlə, içki içmirəm. Bir şeyi anlamıram ki, bizim insanlar nəyi müzakirə edirlər. Canlı yayımda qarşıma o məqsədi qoymuşdum ki, mümkün qədər insanlar Quranı elmi şəkildə dərk etsinlər. Bunun müqabilində insanların mənə qarşı olan iddialarını anlaya bilmirəm. Onlar məndən nə istəyirlər? Sərdarın otağında butulka olub, o, gəncliyində belə edib, yaxud belə olub və başqa şeyləri deməyin nə mənası var. Barəmdə deyilən fikirlərin əksəriyyəti qərəzin əlamətidir. İnsanların uğurlarını qısqananlar hər zaman olub, var və bundan sonra da olacaq. Mən siyasətçiyəm və bilirəm ki, atdığım hər addım əleyhdarlarımda qıcıq yaradır. Bundan mənə qarşı mənfi rəy yaratmaq üçün cəhdlər edilir. Bunu da normal qəbul edirəm. Əksinə, heç bir reaksiya olmasaydı, o zaman narahat olardım ki, insanlar nə üçün reaksiya vermirlər”.