XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 13:00

26 müxalifət partiyası yeni siyasi hərəkat yaradır –İsgəndər Həmidov vaxtı açıqladı

 “Yanvarın 5-də saat 12-də ADP sədri Sərdar Cəlaloğlunun kabinetində müxalifətin zirvə toplantısında yaradılmış İşçi Qrupunun iclası keçiriləcək. İşçi Qrupu bir neçə məsələni müzakirə edəcək. Birinci məsələ hərəkatın adı, ikinci məsələ bəyanatların hazırlanması, üçüncü məsələ hərəkatın rəsmi elan olunma tarixi-təsis konfransının təyini, dördüncü məsələ yeni müraciət edən üç partiyanın təmsilçilərini İşçi Qrupuna daxil etməkdir”.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, sabiq daxili işlər naziri  İsgəndər Həmidov bildirib.

Onun sözlərinə görə, hərəkatın adı ilə bağlı müxtəlif təkliflər var: “Məsələn, Azərbaycan Naminə Hərəkat adlandırılması təklifi var. Başqa bir variantda isə Azərbaycan və Qarabağ naminə Hərəkat adlandırılmasıdır. Başqa bir təklifdə Demokratiya Uğrunda Hərəkat nəzərdə tutulur. Hər bir halda hərəkat olması heç bir şübhə doğurmur. Hərəkatın adı yanvarın 5-də elan olunacaq. Şəxsi təklifim nəzərə alınsa, hərəkatın təsis konfransı yanvarın 26-da olacaq”.

İ.Həmidovun sözlərinə görə, İşçi Qrupunda hazırda 23 partiya var. Sosial Ədalət Partiyası, Azad Azərbaycan Partiyası və Millətçi Hərəkat Partiyası da müraciət edib. Yəqin onlar da qəbul ediləcək və 26 partiya olacaq. Sənədləri hazırlamaq üçün isə başqa bir qrup yaradılacaq.

Müsavat Partiyası və AXCP-nin yeni yaradılacaq hərəkatda təmsil olunub-olunmayacağına gəlincə, İ.Həmidov dedi ki, onlarla bu barədə hazırda danışıq aparılmır: “Biz onları özümüzə rəqib yox, müttəfiq görürük. Hazırda danışıqlar olmasa da yəqin ki, gələcəkdə bir yerdə olacağıq. Onlar gəlib hərəkatda tam bərabərhüquqlu iştirakçıya çevrilə bilərlər. Nə vaxt istəsələr gələ bilərlər. Çünki Azərbaycan naminə biz bir yerdə olmalıyıq. İndi onlar mübarizənin bir yolunu görürlər, biz isə mübarizəni bir yerdə aparmağı düzgün hesab edirik”.