XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 22:40

Politoloq Şahin Cəfərli:“Hazırkı durum hərbi əməliyyat üçün uyğun deyil”

Trampın ABŞ hərbi kontingentinin tezliklə Suriyadan çıxacağı barədə bəyanatından sonra PYD-YPG qruplaşmasının qısamüddətli operativ hədəfi özünü və nəzarətindəki əraziləri Türkiyənin gözlənilən hücumundan mümkün qədər qorumaqdan ibarət idi. Bu səbəblə, onlar dərhal bütün tərəflərlə əlaqə yaratdılar və Suriya, Rusiya, İran, Fransa,  Britaniya hökumətləri ilə təmasa keçib, kömək istədilər. Yəni Türkiyə gəlməsin deyə onlar istənilən qüvvə və istənilən dövlətlə əlaqəyə hazır olduqlarını nümayiş etdirdilər. Əsəd hökuməti kürdlərin müraciətinə müsbət reaksiya verdi və Menbiç istiqamətinə öz qüvvələrini göndərdi. Çünki yaranmış vəziyyət Əsədə sərf edirdi, Amerika himayəsindən məhrum olmaq təhlükəsi qarşısında kürdlər Şam rejiminin şərtlərini qəbul etməyə məhkum durumda qalmışdılar.

Strateq.az bildirir ki, bu sözləri politoloq Şahin Cəfərli Suriyadakı mövcud vəziyyət və YPG problemi ilə bağlı “Eurasia Diary”yə danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Suriyanın şimal-şərq hissəsindəki bəzi neft-qaz yataqları kürdlərin nəzarətindədir və mərkəzi hökumət bu əraziləri çoxdan təhvil almaq istəyir: “Rusiya və İrana gəldikdə isə, onlar Türkiyədən fərqli olaraq, PYD-YPG-ni terror təşkilatı saymırlar. Astana formatı çərçivəsində bu ölkələrlə yaxın tərəfdaşlığına baxmayaraq, Ankara Moskva ilə Tehranın silahlı kürd qruplaşmasını terror təşkilatı kimi tanımasına nail ola bilməyib. Moskvada hətta PYD-nin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Ş.Cəfərli qeyd edib ki, Türkiyənin Qərbdən olan müttəfiqləri də adıçəkilən təşkilatı terrorçu saymırlar. Bu, şübhəsiz ki, Türkiyənin YPG-yə qarşı hərəkət imkanlarını məhdudlaşdıran amildir və o mənaya gəlir ki, Suriya probleminin siyasi çözümü barədə yekun müzakirələr başlayanda PYD Suriya kürdləri adından çıxış edə və öz şərtlərini irəli sürə biləcək: Böyük ehtimalla, YPG-nin silahlı dəstələri gələcəkdə vahid Suriya ordusunun tərkibinə daxil olacaq. Trampın son açıqlaması isə kürdləri bir qədər arxayınlaşdırdı. O bildirdi ki, ABŞ əsgərləri Suriyadan tez müddətdə deyil, müəyyən zaman ərzində çıxacaqlar. Tramp qeyd etdi ki, ABŞ hərbi kontingenti çıxdıqdan sonra da kürdlərə dəstək davam edəcək. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları zamanı əldə olunan razılaşmalara ziddir.

Politoloqun sözlərinmə görə, prezident Tramp Suriyadan çəkilmə qərarını müvafiq dövlət qurumları ilə, Konqreslə, NATO üzrə müttəfiq ölkələrlə məasləhətləşmə aparmadan, spontan şəkildə qəbul etmişdi. Təsadüfi deyil ki, onun qərarına həmin mərkəzlərdən – ABŞ-ın dövlət qurumlarından, Konqresdən, mediadan və müttəfiq ölkələrdən etirazlar gəldi: Nəticədə Tramp geri addım atmalı oldu. Yaxın günlərdə Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyəyə səfər edəcək. Bu səfər istər Suriyanın şimalındakı vəziyyət, istərsə də ABŞ-Türkiyə ikitərəfli münasibətlərinin bundan sonrakı inkişafı baxımından əhəmiyyətli olacaq. Hazırkı durum ondan ibarətdir ki, Türkiyənin Menbiç və Fərat çayının şərqində həyata keçirməyi düşündüyü hərbi əməliyyat üçün böyük maneələr var. Konyuktur bu əməliyyat üçün hələ ki uyğun deyil.