XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 15:54

MÜXALİFƏT NİYƏ BİRLƏŞƏ VƏ UĞUR QAZANA BİLMİR? –Sərdar Cəlaloğlu səbəbləri yazdı və çıxış yolunu göstərdi

Sərdar CƏLALOĞLU, ADP sədri

***

ADP sədri Sərdar Cəlaloğlunun bu mövzuda qələmə aldığı yazının birinci hissəsi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

SƏRDAR CƏLALOĞLU MÜXALİFƏTİN UĞURSUZLUQ SƏBƏBLƏRİNİ AÇIR:

***

II hissə

Zorakılıqla qeyri-zorakılığın uyuşmazlığı

 

Birlik yaradarkən, tək bir istisnaya əməl etmək lazımdır: qeyri-zorakılıq tərəfdarları heç bir halda zorakılıq tərəfdarları ilə birləşməməlidir. 

Müxalifətin birliyindən danışarkən, bilmək lazımdır ki, qeyri-zorakı müqavimət tərəfdarları zorakı mübarizə tərəfdarları ilə hər hansı bir əməkdaşlıqdan imtina etməlidir. Azərbaycanda iqtidara qarşı zorakı mübarizə aparan (ən azı belə çağırış edən) qüvvələrə demokratik müxalifətin aşkar və ya gizli dəstək verməsi ilk növbədə qeyri-zorakı mübarizəni nəticəsiz etmişdir.

Dinc-demokratik mübarizə ilə bağlı Qandinin fikirləri problemi aydınlaşdırmağa imkan verdiyindən, mən Qandinin fikirləri əsasında məsələni şərh etmək istəyirəm. Qandi eyni məqsəd güdən, amma zorakı üsul və metodlar seçmiş qüvvələrlə hər hansı bir əməkdaşlığı yolverilməz hesab edir. O yazır: “Ən xeyirxah niyyətlərlə tətbiq olunsa belə, zorakı üsulların barşmaz düşməniyəm. Buna görə, mənimlə zorakılıq tərəfdarları arasında, həqiqətən, ümumi heç nə ola bilməz”.

 

Özü üçün çalışan başqası üçün heç nə edə bilməz

 

Eqoizm varlığın mövcudluğunun əsasıdır. Amma insan şüurlu və ictimai varlıq olduğundan, o, yalnız ictimai mövcudluq forması seçdikdə həqiqi insan ola bilər. Bu da hər bir adamdan özü naminə yox, başqaları naminə yaşamaq tələb edir.

Qandiyə görə, cəmiyyəti dəyişdirmək istəyən insan “şöhrət qazanmaq üçün yox, elə məhz inkişaf üçün səy etməlidir. Bu, inkişaf, irəliləmə və çiçəklənmə üçün zəruri şərtdir”.

Əgər hər hansı bir lider ölkədə apardığı mübarizəni öz şohrəti, özünün və ya partiyasının reytinqinin artması, özünün irəliləməsi üçün edirsə, onda heç vaxt inkişaf baş verməz.

Müxalifətin nailiyyətsizliyinin birinci səbəbi budur. Heç kəs kölgədə qalmaqla inkişafa cəhd etmək istəmir. Buna görə də, “mən”in şöhrəti önə çıxarılır, bu da digər “mən”lərdə qısqanclıq və ya ən azından əks-mənəmlik yaradır. El arasında buna “din davası yox, un davası” deyirlər.

Fərdin şöhrət qazanmaq cəhdi bütün hallarda ictimai irliləyişə mane olur. “Mənim ətrafımda birləşin”, “Mənim dediklərimi rəhbər tutun”, “Məni dəstəkləyin” kimi sarsaq iddialar bu günə kimi Azərbaycanda siyasi inkaşafa imkan verməyib. Bu gün Azərbaycan müxalifətində şöhrət qazanmaq xəstəliyi geniş yayılıb və bu xəstəlik müxalifətin birləşməməsinin ciddi səbəblərindən biridir.

Qandiyə görə, “həqiqət, səbr, fədakarlıq, sevinmək, zülmə qarşı qeyri-zorakı müqavimət göstərmək sadəcə mənəvi ideyalar yox, hər şeydən əvvəl insan birliyinə nail olmaq real həyatın mühüm tərkib hissəsi olmalıdır”. 

Stalinin belə bir məşhur sözü var: “Bir nəfərin ölümü faciə, milyonların məhv olması statistikadır”. Azərbaycan müxalifətində özünün bir üzvünün repressiyaya məruz qalması bütün millətin repressiyasından o qədər mühüm əhəmiyyətli hesab olunur ki, həmin fərdi repressiyadan xilas etmək naminə millətin repressiyasına dözümlülük nümayiş etdirilir. Əgər kimsə fədakarlığı, özünü qurban verməyi həyatının tərkib hissəsi hesab edirsə, o adamı heç bir repressiya seçdiyi yoldan saxlaya bilməz.

Qandiyə görə, “qeyri-zorakı müqavimət şəffaf olmalıdır, qeyri-zorakı müqavimət açıq üsyandır və bu mübarizədə məxfilik böyük səhvdir”. Bu gün müxalif partiyaların siyasi fəaliyyətində, xüsusən hakimiyyətə müqavimətində də şəffaflıq yoxdur, çünki psixoloji zorakılıq burulğanına düşmüş insanlar şəffaf mövqe sərgiləməkdən yayınırlar. Sosial şəbəkələrdə aparılan anonim mübarizə bunun sübutlarından biridir.

Bu gün bir çoxları iqtidarın zülmünə qarşı istənilən zorakılığın haqlı olduğunu düşünür və bunu bir çox insanlar hətta açıq şəkildə elan edirlər. Qandiyə görə, “ən böyük nəticələr belə, zorakılığın tətbiqinə haqq qazandıra bilməz, çünki bu kimi üsullar ən xeyirxah məqsədləri belə ləkələyir”. Suriya müxalifətinin Suriyanı Əsəd rejimindən azad etmək üçün silaha əl atmasının Suruya dövlətini və xlqını necə məhv etdiyini hamı görür, bu da Qandinin nə qədər uzaqgörən olduğunu bir daha sübut edir.

 

Güzəşt yoxdursa, qələbə də yoxdur

 

Bu gün ən ciddi problemlərdən biri də iqtidara, o cümlədən öz cəbhəsindəki digər güclərə hər hansı bir məsələdə güzəştə gedib-getməmək məsələsidir. Müxalifətin birləşməməsinin ciddi səbəblərdən biri də qarşılıqlı güzəşt şüurunun olmamasıdır. Müxalif güclərin əksəriyyəti birtərəfli güzəşt şərti ilə biləşməyə razılıq verir ki, belə birlik aqreqat yaratdığından heç bir fayda vermir.

C.Kinə görə, “dövlət və vətəndaş çəmiyyəti bir-biri üçün demokratikləşmənin şərti olmalıdır”. Məncə, bizim kimi ölkələrdə hakimiyyət və müxalifət – əgər həqiqətən səmimi şəkildə, dövlətçlik mövqeyindən çıxış edirlərsə, bir-biri üçün milli müstəqilliyin və suverenliyin şərti olmalıdır. Əks halda tərəflərin biri təkləndikdə müstəqillik və suverenliyi qorumaq mümkün olmaz. Bu gün Azərbaycanda iqtidara güzəştsiz mövqe tutanlar güzəştli mövqe tutanlardan daha çox sevilir, dəstəklənir, həqiqi xalqçı kimi qəbul edilir. Eləcə də iqtidarda müxalifətə daha amansız davrananlar az qala iqtidarın dayaqları hesab edilir. Bəs həqiqət necədir?

Qandi sübut edir ki, heç bir güzəştsiz mübarizə üsulunda qələbə yoxdur. Bəzi müxalif qüvvələr vaxtında iqtidara müəyyən məsələlərdə güzəştə getsəydi, biz bu günkü Azərbaycanda yaşamazdıq. Məsələn, 2005-ci il parlament seçkilərində müxalifətə hakimiyyətin təklif etdiyi 35 mandatla razılaşılsaydı, bu gün Azərbaycan Parlamenti milli maraqların müdafiəçisinə çevrilərdi. Təəssüf ki, güzəştsiz mövqe qələbəyə aparan yolun qarşısını birdəfəlik kəsdi. Burada iqtidara güzəştə getmək, Qandinin təbirincə desək, “güzəşt olunmayan ərazi”nin qorunmasını tələb edir. Azərbaycan müxalifətinin güzəşt olunmayan ərazisi suverenlik, müstəqillik, iç savaşdan qaçmaq, Qarabağın qaytarılması və tədrici demokratikləşmə ola bilər – hansı ki, bunda güzəştə getmək müxalifətin xəyanəti olar.

Təəssüf ki, bəzi müxalif güclər hakimiyyəti başqalarına güzəştə getməməyi müstəqilliyi, suverenliyi güzəştə getməkdən daha əhəmiyyətli hesab edir. Yəni öz güzəşt ərazilərini yanlış müəyyən edir və onu qorumaqda güzəştsiz mövqe nümayiş etdirir ki, bu da demoqogiyadan başqa bir şey deyil.

Politologiya elmi sübut edib ki, hakimiyyətdə təmsil olunmaq istəyən, lakin buna nail olmayan istənilən güc demoqogiyaya meyllənir. Azərbaycanda demokrartiya adı altında aparılan işin də bu mənada demokratiya ilə heç bir əlaqəsi yoxdur.

Bəzi müxaliflər isə iqtidara güzəştə gedərkən, özlərinin güzəştsiz ərazisini qorumurlar, nəticədə güzəştə gedərkən özlərini iqtidara təhvil verirlər. Bunun acı nəticəsi bu gün parlamentdə təmsil olunan bəzi “müxalif” partiya liderləridir. Bu, sirr deyil ki, iqtidarla əməkdaşlıq edən və güzəştsiz ərazisini qorumayan bir çox keçmiş müxalifətçilər bu gün milli maraqlara və müxalifətə qarşı iqtidardan daha amansız mövqe sərgiləməkdədirlər.

 

Siyasi dialoq siyasi uğurun açarıdır

 

2015-ci ildə elan edilmiş ADP-nin iqtidarla dialoq kursu ona qarşı hər cür ittihamlara əsas vermişdir. Siyasi dialoq lazımdırmı? 

Siyasi dialoq iqtidarla ünsiyyət və təmas yaratmağa xidmət edir. Qandi güzəştdən imtina ilə ünsiyyətdən imtinanı qarışdırmamağı tələb edir. Azərbaycanda iqtidarla istənilən leqal ünsiyyət xəyanət hesab olunur. Halbuki güzəştə getmədən iqtidarla ünsiyyət qeyri-zorakı müqavimətin tələbidir və belə ünsiyyət Azərbaycanda inkişafa, irəliləyişə xidmət edə bilər. Bəzi destruktiv kult nümayəndələri ünsiyyəti güzəştə getmək kimi cəmiyyətə çatdırdığından, bir çoxları iqtidarla ünsiyyətə girməyi xainlik hesab edir və müxalifətdaxili mübarzədə yalan kampaniyasında kimsə iqtidarla ünsiyyətə girməsinə görə ittiham edilir. Halbuki güzəşt ərazisini qorumaqla iqtidarla ünsiyyət yaradan güc ölkənin inkşafina xidmət edir.

Əməkdaşlıq qeyri-zorakı müqavimətin dəyişməz prinsipi deyil. Müəyyən mərhələdə əksinə, iqtidarla hər hansı bir əməkdaşlıqdan imtina etmək lazımdır. Azərbaycanın klassik müxalifəti iqtidarla əməkdaşlıq tələb olunan vəziyyətlərdə bundan imtina etmiş, əksinə əməkdaşlıq yolverilməz olduğu vaxtlarda leqal və ya qeyri-leqal əməkdaşlıq etmişdir ki, bu da hakimiyyətin dəyişdirilməməsinin əsas səbəblərindədir.

Burada “iqtidarla ünsiyyət”lə “iqtidarla əməkdaşlıq” arasındakı fərqi ayırmaq lazımdır. Azərbaycanda ən ciddi problem iqtidarla ünsiyyətin dərhal iqtidarla əməkdaşlığa keçməsidir. Qandi qeyri-əməkdaşlığı qeyri-zorakı müqavimətin pik nöqtəsi adlandırırdı. Qandi deyir: “Əgər insanlar əməkdaşlıq etməsə, onda hökümət nə edə bilər?” Əməkdaşlıqdan imtina hakimiyyəti formallaşdırır, onun tabeçiliyindən çıxmağa və onu ofsayt vəziyyətə salmağa səbəb olur. Belə iqtdar mövcud olur, amma funksiyalaşa bilmir. Əməkdaşlıqdan imtina milli çərçivədə olmadıqca ciddi nəticələr vermir. Burada məqsəd hakimiyyəti məhv etmək yox, onun mənasız bir şey olduğunu sübut etməkdir. İqtidarla əməkdalıqdan imtina prosesin sonunda özünü doğrulda bilər.

Əməkdaşlıqdan imtina yalnız faydasız əməkdaşlığı nəzərdə tutur. Tutaq ki, iqtidar xalqın xeyrinə hansı addım atırsa, bu zaman əməkdaşlıqdan imtina olmaz. Məsələn, Qarabağ probleminin xalqımızın xeyrinə, ədalətli həlli istiqamətində iqtidarla əməkdaşlıq vacibdir.

Güzəşt yalnız iqtidara münasibətdə olmamalıdır. Müxalif birliklər də qarşılıqlı güzəştsiz yarana bilməz və bu birliyin yaranması ünsiyyətsiz mümkün ola bilməz. Bir çox hallarda hətta parlament seçkilərində namizədlik yerlərinin bir-birinə güzəştə gedilməməsi yaranmış blokları ya parçalamış, ya da zəiflətmişdir.

Müxalifətin bir-biri ilə ünsiyyət qurmaması birliyin yolundakı ən böyük problemlərindən biridir. Çünki bəzən problemlər eyni bir məsələnin birgə müzakirə edilməməsindən meydana çıxır. Bu, həm də iqtidar-müxalifət münasibətlərinə aiddir. Bəlkə də konkret məsələdə əks tərəf daha ciddi arqumentlərlə haqlıdır, amma onun arqumentləri opponentə məlum olmadığından mövqeyi də qəbul edilmir.

 

Siyasətdə kəmiyyət və keyfiyyət

 

Bəzi partiyalar saylarının çoxluğunu əsas gətirib, cəmiyyətdə əlavə imtiyazlara idda edirlər. Amma təcrübə göstərir ki, on üzvü olan partiya ilə on min üzvü olan partiyanın əldə etdiyi nəticələr eynidir. Buradan da sual meydana çıxır: say çoxluğunun siyasi iş üçün nə kimi əhəmiyyəti vardır?

Azərbaycan müxalifətinə qoşulan insanların böyük əksəriyyəti qisamüddətli uğur gözlədiyindən, belə uğur olmadıqda dərhal müxtəlif bəhanələrlə müxalifətin siralarını tərk etmişdir. Bu da bəzilərinin “din davası yox, un davası” apardığını göstərir. Halbuki dəyişilmələr din uğrunda, yəni ideyalar uğrunda mübarizədən meydana çıxır. Bunun qarşısını almaq üçün müxalif partiyalar həqiqətəuyğun olmayan vədlər verməklə, həmin insanları öz sıralarında saxlamağa cəhd edir.

Keyfiyyətsiz kəmiyyətin siyasət üçün heç bir mənası yoxdur. “Toplananların yerini dəyişdikdə cəm dəyişmir” – prinsipi siyasətdə də özünü doğruldur. İqtidardan keyfiyyətcə fərqlənməyən qüvvələrin hakimiyyətə gəlməsi də xalqa heç nə verməz və belə dəyişilmələrin heç bir mənası yoxdur.

Bu gün “mənim sayım çoxdur, deməli, mən haqlıyam” fikri cəmiyyətdə hökm sürür. Dünya tarixi təcrübəsi sübut edib ki, həqiqət, bir qayda olaraq, azlıqda saxlanır, nəinki çoxluqda. Sayı çox partiyalar, yoxsa düzgün siyasi kurs seçmiş partiyalar güclüdür? Qeyri-zorakılığa əsasən, “fiziki gücə görə kimsə haqlı ola bilməz, haqlı olduğuna görə güclü olmaq olar”. Buradan da aydın olur ki, sayı çox olanlar yox, haqqa yaxın olanlar güclüdür. Bilmək lazımdır ki, keyfiyyət kəmiyyəti əvəz edə bilər, amma kəmiyyət heç bir halda keyfiyyəti əvəz etmir. Məhz buna görə, Azərbaycanda çoxsaylı müxalif partiyalar azsaylı partiyalardan fərqli uğur əldə edə bilmir, çünki bu qruplar üçün kəmiyyət keyfiyyətə görə prioritet verilir. Buna görə də siyasətin nə olduğunu anlamayan insanlardan ibarət oxlokratik partiyalar meydana çıxır ki, inkişafımızın qarşısında duran əngəllərdən də biri keyfiyyətsiz çoxsaylılıqdır.

Bu gün Azərbaycan müxalifəti əvvəlki illərdəki gücündən məhrum olmuş və kiçilmiş şəkildə mübarizəni davam etdirməkdədir. Bu da bir çoxlarında dinc mübarizənin heç bir fayda vermədiyi üçün zorakı mübarizəyə əl atmağa meyl yaradır. Bu problemlə Qandi də üz-üzə qalmışdır. Qandi yazır: “Son iyirmi ildə ümidsiz azlıqda qalıb gülüş obyektinə çevrilsək də, ruh qalamızı itirməməyi öyrənməyə cəhd göstərmişik. Haqlı olduğumuzda əminliklə əqidəmizin üstündə möhkəm durmağı öyrənmişik”.

Bəs Azərbaycanda nə baş verir? Müxalifət kiçildikcə onun sıralarından bəzi insanlar müxalifət cəbhəsini tərk edir, ya bitərəf qalır, ya da iqtidarın tərəfinə keçir. Əslində, kiçik bir qrupda öz əqidəsini qoruyan şəxs nəhəng qruplarda əqidəsiz olanlardan daha güclü və şərəfli mövqe sərgiləyir. Buradan da sübut olunur ki, azlıqda qalmaq öz mövqeyindən imtina etməyə əsas vermir. Tarix sübut edib ki, həqiqət çox vaxt azlığa xas olub, bəşərin dəyişilməsi də bəzən bir nəfərdən başlayıb. Qandi öz əqidəsinə sadiq insanları başqa məsələləri vaxtın axarına buraxmağa çağırır. Bu gün bəzi insanlar “ömür keçir” deyə əqidəsini dəyişdirməklə başqa məsələləri həll etməyə üstünlük verir. Azərbaycanda partiyalara sayına görə qiymət vermək ənənəvi çoxsaylı, amma xalqa xidmət etməyən qüvvələri önə çıxarıb.

Bu gün ən mübahisəli məsələrdən biri də düz olduqda belə, “başqaları nə düşünər?” mühakiməsi ilə düz yoldan imtina edilməsidir. Azərbaycan liderlərinin, demək olar ki, hamısı bu problemlə üz-üzədir. Bir çoxları xalqın nə düşünəcəyini nəzərə alaraq, həqiqətdən imtina edir, yalanın arxasınca gedir. Xalqın nə düşünməsi lideri maraqlandırmalıdır, ancaq o mənada ki, yanlış düşüncəni dəyşdirsin. Buna görə daha çox xalqa nəsə vermək lideri düşündürməlidir. “Nəsə” dedikdə ideyadan tutmuş iqtisadi maraqlaradək hər şey nəzərdə tutulur.

Məncə, xalqa siyasi bilik vermək, yüksək ideyalar vermək ona beş-on manat pul verməkdən daha vacibdir. Unutmaq olmaz ki, sosial-iqtisadi maraqlara prioritet vermək siyasi maraqları arxana plana itələyir. Uzun illər xalqa heç bir şey vermədən, onu mübarizəyə qoşmaq olmaz. Məhz buna görə, ən kiçik, kosmetik nailiyyət belə, müxalifət üçün mühüm əhəmiyyət kəsb etməlidir. Amma bizdə “çox şey alınmırsa, az da lazım deyil” və ya “ya hər şey, ya heç nə” məntiqi ilə mübarizə əslində geniş xalq kütlələrini siyasi səhnədən çıxarıb. Qandi deyir: “Bütün fikirlərimi cəmiyyətin bölüşdürəcəyini gözləməyəcəyəm. Mən elə indi və özümdən başlayacağam”.

Azərbaycanda təşkil edilən siyasi diskussiyalara nəzər salsaq, kiminsə özündən başladığını görmək mümkün deyil. Hamı başqasından başlamağa cəhd etdiyindən, intriqa, dedi-qodu, qeybət siyasi mübarizəni əvəz eləyib. İnsanlar ona görə özündən başlayır ki, tək qalmaqdan qorxur. Halbuki qeyri-zorakı müqavimət cəsurların, qorxmazların mübarizə üsuludur. Əgər sən təklikdə mübarizədən qorxursansa, heç vaxt qeyri-zorakı mübarizə apara bilməzsən. Qandi deyirdi: “İstər dünya, istər dini tarix sübut edir ki, bütün dünyanın dəyişilməsi bir insanın dyişilməsindən başlayır”. Əgər Məhəmməd peyğəmbərə peyğəmbərlik verilməsəydi və o, adi insandan peyğəmbərə çevrilməsəydi, bu gün dünyada İslam dini olmazdı. Buna görə də Quranda cəmiyyətlərin dəyşilməsi onların arasından birini Allahın dəyişdirməsi ilə həyata kecirildiyi bəyan edilir.

 

Allahdan qorxan heç nədən və heç kimdən qorxmaz

 

Qeyri-zorakı mübarizəni aparanlar qorxmaz insanlar olmalıdır. Qandi yazır: “Qorxmazlığı öyrənsəniz heç kəs sizi boyun əyməyə məcbur edə bilməz. Amma siz qorxaqsınızsa, sizdən tələb olunmadıqda belə, özünüz başınızı əyməyə cəhd edəcəksiniz”.

Xiyabaniyə görə, “Qorxu bütün insani naqisliklərin anasıdır”.

Mən qorxunu “daxili həbsxana” adlandırıram. O insan ki qorxaqdır, o, özünü özündə həbs edir və heç vaxt azadlıq mübarizəsində iştirak etmir. Daxili həbsxana o halda yaranır ki, insanlar konkret həbsxanalara düşməkdən qorxurlar.

Qandi zorakılıqla qorxaqlığı birlikdə inkar edirdi. Amma qorxaqlıq və ya zorakılıq seçimi qarşısında məhz zorakılığı seçməyi məqsədəmüvafiq hesab edirdi. Buna görə də Qandi qeyri-zorakı mübarizədə zərurətə görə zorakılığın tətbiq edilməsini düzgün hesab edirdi.

“Qurani-Kərim” də bizə yalnız Allahdan qorxmağı, Onun qarşısında baş əyməyi və Ondan başqa heç kəsdən qorxmamağı və baş əyməməyi tələb edir. “Allahdan qoxmaq” bir istedaddır, hansı ki, belə insan heç nədən qorxmur. Azadlığı yalnız belə insanlar dəyərləndirə və əldə edə bilər. Unutmaq olmaz ki, azad olmaq varlı olmaq demək deyil. Buna görə də öz kasıbçılığında azadlıq istəyən insan həqiqi azadlıq aşiqi sayıla bilər.

 

Məzlumluq zalımlılığın şərtidir

 

Tabe olan yoxdursa, tabe edən də yoxdur. Məzlum yoxdursa, zalım də yoxdur. Kölə yoxdursa, ağa da yoxdur. Ov yoxdursa, ovçu da yoxdur… Buradan aydın olur ki, zülmə məruz qalanlar müqavimət göstərmədikdə, özləri zülmkara xidmət edir. Zülmə uyğunlaşmaq qədər təhlükəli sindrom yoxdur.

Bu gün Azərbaycanda zülmə uyğunlaşmaq prosesi gedir. Buna görə məzlumlar zalımlara haqq qazandırır. Qandiyə görə, “insanları könüllü itaətə məcbur etmək olmaz”. Çünki könüllülüklə məcburiyyət bir-birinə əksilik təşkil edir. Nə üçün məcburiyyətlə itaət alınmır? Birincisi, məcburi tabeçilik səthi, zahiridir. İkincisi, belə tabeçilik sürəkli məcburiyyət tələb edir ki, bu da məcbur edənin resurslarını qısa müddətdə tükəndirir. Amma insanlar könüllü itaət etdikdə, heç bir sərfiyyata yer qalmır… Məcburiyyət aradan qalxanda itaətsizlik baş qaldırdığından, bütün məcburi itaət tələb edən cəmiyyətlərdə qeyri-sabitlik hökm sürür. Həqiqi sabitlik insanların könüllü tabeçiliyində meydana çıxır.

Qandiyə görə, “hakimiyyətə nə qədər az tabe olarsan, onun gücü bir o qədər zəif olar”. Əslində, bu gün xalqın böyük bir hissəsi könüllü olararaq rejimə tabe olduğundan, hakimiyyət olduqca güclü görünür və həqiqətən də güclüdür. Çünki hakimiyyətin gücü könüllü kölə olmaq istəyənlərin çoxluğu ilə bağlıdır.

Bu gün iqtidar vətəndaşlara onların iştirakı ilə zülm edir. Seçkini müəllimlər saxtalaşdırır, qanunları hüquq-mühafizə orqanları pozur, ölkə iqtisadiyyatını iş adamları məhv edir, qanunları sadə vətəndaşlar hər addımda pozur. Özü qanunu pozan vətəndaş, əslində, məmurun qeyri-qanuni davranışlarına dözməlidir və dözür də. Deməli, iqtidara itaətsizlik genişlənməlidir. Bunu qanuna tabesizliklə qarışdırmaq olmaz. Əksinə, iqtidara tabe olmaq istəməyən qanuna tabe olmağa cəhd etməlidir. Burada bir şeyi nəzərə almaq lazımdır. Qandiyə görə, qanunlara itaət etmək özlüyündə vətəndaş itaətsizliyi deyil. Passiv müqavimət iştirakçıları bəzi qanunlara itaət edərkən bəzi qanunları pozmağa cəhd etməlidir və bu zaman “hansı qanunlara tabe olmaq, hansı qanunları pozmaq lazımdır” sualı meydana çıxır.

Qandiyə görə, “qanunun pozulması zorakılıq və ya aldatma ilə bağlıdırsa, onda vətəndaş müqaviməti ən azından cinayətkar fəaliyyətin növlərindən birinə çevrilir. Buradan aydın olur ki, arzuolunmaz qanunu pozarkən arzuolunan qanuna ciddi riayət etmək lazımdır. Məsələn, icazəsiz mitinqlər keçirərkən dağıdıcılığa və iğtişaşlara yol vermək olmaz. Belə etiraz aksiyaları ictimai asayiş gözlənilməklə həyata keçirilməlidir. “Qul-ağa” münasibəti iki tərəfin razılığını tələb edir. Ağa ağalığı ilə, qul, qul olması ilə razılaşmadığı andan, quldarlıq məhv olur. Amerikada qul üsyanların qələbə ilə başa çatması bəzi quldarların quldarlığın ləğvində aktiv mübarizə aparması ilə bağlı olmuşdur. Halbuki Spartak hərakatının məğlubiyyəti bütün quldarların quldarlıq quruluşunda yekdil mövqe nümaqiş etdirməsi olmuşdur. Bu nə deməkdir? Azərbaycan xalqı bugünkü idarəetməyə razı olduğuna gərə, bugünkü qüvvələr hakimiyyətdədir. Qandi bunu sinxron fəaliyyət adlandırır. Zülmkar zülm edir, məzlum zülmə dözür. Zülm aradan qalxmır. Qandiyə görə, istismar olunmağı istəyən olmasa, istismarçı ola bilməz. Qandi bunu narkotik alan insan məsəli ilə izah edirdi. O deyirdi: “Biri narkotika satırsa və o, məni zəhərləyirsə, mən bunu pulla ondan alıramsa, günahkar kimdir?” Bu gün hakimiyyət narkotik alverçisi kimi, zülm satır. İnsanlar həmin zülmü nəiniki dəf etmir, hətta onu böyük səylə alırlar. Sonra da zülmkarın günahkar olduğundan şikayətlənirlər. Sən zülmə dözməsən, kim sənə zülm edə bilər?!

Qandiyə görə, “zülmkarın hakimiyyəti məzlumun könülsüz olaraq ona verdiyi hədiyyədir”. Bu hədiyyəyə görə kim günahkardır: onu verən, yoxsa alan? Ardıcıl olaraq zülm edən insana tabe olan xalq günahkardır, yoxsa zülm etməkdə heç bir müqavimətə rast gəlməyn hakimiyyət? Qandi bunu yalançının birini aldatması məsəli ilə izah edir. Bizim əziz Peyğəmbərimizdən belə bir məsəl rəvayət olunur: buyurmuşdur ki, “əgər biri məni aldadırsa, o günahkardır, amma ikinci dəfə aldadırsa, mən günahkaram”. Qandi deyirdi: “Aldanan çox günahkardır, yoxsa aldadan?” Biz bu sualı belə ifadə edirik: zülmə məruz qalan günahkardır, yoxsa zülmkar?! Zülmə məruz qalanlar müqavimət göstərmədikdə başqalarının da zülmə məruz qalmasına yol açdığına görə ikiqat günahkardırlar.

 

Uğursuzluqdan başlanan uğur

 

Demokratiyanın simvolu Feniks – Simruq quşudu. Bu quş özü öz odundan yanıb, sonra öz külündən yenidən dirilən mifik bir canlıdır. Demokrtiya da məğlubiyyətindən yenidən qəlbəyə qalxan insanların seçimidir. Qeyri-zorakı mübarizə üğursuzluğa hazır olmağı və uğursuzluğa düçar olduqdan sonra özünü toparlamağı tələb edir.

Bu gün ən çox diskussiya edilən mövzulardan biri “konkret nəticəsi olmayan mübarizəni davam etdirmək, məsələn, qeyri-qanuni seçkilərdə iştirak etmək lazımdırmı?” məsələsidir. Hətta konkret nəticələr əldə edilmədiyindən, liderlərin istefası, müxalif qrupların buraxılması tələb olunur. Bu mövqe qeyri-zorakı mübarizə üsuluna görə yanlışdır və zorakı mübarizə üsullarına xasdır. Çünki insan uzun müddət zorakı mübarizə apara bilməz ya özü, ya opponenti bu mübarizədə qısa zaman kəsiyində məhvə məhkumdur.

Qandi bununla bağlı deyirdi: “Biz məqsədimizə yaxınlaşana qədər onun haqqında düzgün təsəvvürə malik olmalıyıq. Utopik ideyalara çatmağın mümkünsüzlüyünü nəzərə alıb, onlardan imtina etmək olmaz. Əslində, ideala çatmaq yox, ona yaxınlaşmağın özü dəyərdir… Planki fəth edilməsi mümkün olmayan zirvəyə qaldırmaqdan utanmaq lazım deyil. Həmin zirvəyə çatmaq ücün göstərilən uğursuz cəhdi isə iflas hesab etmək olmaz. Əgər siz kifayət qədər idealsınızsa, məqsədə çatmağı deyil, ona yaxınlaşmağı uğur saymaq lazımdır”. Bunu idmanda birinci yer uğrunda mübarizə aparanların ikinci, üçüncü yerlərə çıxarkən hiss etdikləri qürurla müqayisə etmək olar.

Azərbaycan müxalifəti hər dəfə seçki uğursuzluğuna düçar olduqdan sonra özünü toparlamağa xeyli vaxt itirir. Bu da uğursuzluq, gözlənilən proseslərdən qaçma simptomu yaradır. Bu gün keçirilən prezident seçkilərində müxalifətin iştirak etməkdən imtinasının bir səbəbi var: qabaqcadan uğursuzluğa düçar olacağını bilmək. Qandi bu halda mütləq seçkilərdə iştirak etməyi tələb edir, hansı ki, uğursuzluq mübarizə aparanı yolundan saxlamamalıdır. Buradan da aydın olur ki, o vaxt müxalifət seçkiyə qatılır ki, qabaqcadan uğur qazanacağına, yəni seçilməsinə imkan veriləcəyinə arxayın olur. Bu da müxalifətin bir seçkilərdə iştirak edib, digərini boykot etməsinin əsil səbəbini açıq şəkildə göstərir. Prezident seçkilərində uğursuzluq olduğuna görə bu seçkilərdə iştirak etməyənlər eyni siyasi vəziyyətdə parlament seçkilərinə həvəslə qoşulurlar, çünki prezident seçkilərindən fərqli olaraq, parlament seçkilərində alver etməyə imkan yaranır.

Qandiya görə, dinc-demokratik mübarizənin əsas məsələsi ideya ilə onun həyata keçirilməsi arasında uyğunluğun olmasıdır. Bu gün hamı demokratik ideyaları dəstəklədiyini bəyan edir, amma həmin ideyaların icrasına baxdıqda demokratiyadan əsər-əlamət görünmür.

Bu gün seçkilərin heç bir nəticəsi olmadığından seçklilərdən, mitinqlərin heç bir nəticəsi olmadığından mitinqlərdən, müxalifətin heç bir uğuru olmadığından müxalifətdən imtina çağırışları eşidilməkdədir ki, bu, demokratiyanın nə olduğunu bilməyən insanlara xas çağırışlardır.

 

Ya fəaliyyət, ya ölüm!

 

İngiltərə Demokratiyanı Öyrənmə Mərkəzinin rəhbəri, politoloq Con Kin yazır: “Daha düzgün olar, etiraf edək ki, azadlıq – bu, ictimai və siyasi işlərdə daimi təşəbbüskar olmağa qabiliyyət deməkdir”.

Zorakı mübarizənin baş şüarı “Ya qələbə, ya ölüm”dür. Ona görə də mütləq qələbə variantı belələri üçün ideal variantdır və qələbəsiz fəaliyyətdən imtina edirlər. Bəs əsl həqiqət hardadır? Ən zəif bir gücdən bütün dünyanı idarə etmək iddiasına yüksələn faşizmi Mussolini belə xarakterizə edirdi: “Faşizm hər şeydən öncə fəaliyyətdir”. Bu, təkcə faşizmə aid deyil, həm də kiçik bir güclə nəhəng işlər görməyi qarşısına qoymuş hər bir gücə aiddir.

Azərbaycanda qeyri-zorakı mübarizəyə inamsızlıq bu mübarizənin nəticəsizliyi ilə bağlıdır. Bir çoxları “müxalifət 30 ildə heç bir şeyə nail olmadı” deyə müxalifətdən üz döndərir. Bəs bu vəziyyətə Qandi necə baxırdı? O yazır: “Məqsəd həmişə əlimizdən çıxır… Arzuya çataçaq məqsədin nailiyyətini deyil, səylərin özünü çatdırır. Maksimum səy göstərmək tam qələbə deməkdir… şüarımız “üğur” deyil, “cəhd göstərmək” olmalıdır”.

Bu gün Azərbaycanda heç kim bu şüarı qəbul etməyə hazır deyil və hamı uğursuz cəhdin əleyhinədir. Əslində, bu, istənilən yarışın şüarıdır. İdmançılar dəfələrlə məğlub olsalar da, heç vaxt yarışdan imtina etmirlər. Bu, qeyri-zorakı mübarənin baş prinsiplərindən biridir. Bu o demək deyil ki, uğur haqqında düşünmək lazım deyil. Cəhd əsas şüar olduqda uğur öz-özünə gec və ya tez onun arxasınca gəlir. Amma uğur əsas şüar olduqda, uğursuzluqda onun arxasınca cəhd gəlmir, çünki uğur arzu, cəhd əməli işdir. İnsanlar çox nadir halda arzularına cəhd edirlər.

Nə üçün uğursuz cəhd etmək lazımdır? Cəhd etməmək vaxt itkisinə səbəb olur. Qandi vaxt itkisini çox böyük yanlışlıq hesab edir və bunu “itirilmiş vaxtın facisəsi” kimi ifadə edir. Çörcil də belə hesab edirdi ki, siyasətin iki ciddi resursu var: vaxt və pul. O deyirdi ki, pulunuz azdırsa, vaxtınıza qənaət edin. Bu o deməkdir ki, heç vaxt vaxt itkisinə, gözləmə taktikasına yol vermək olmaz. Bəzi nəticəsi qabaqcadan məlum olan proseslərdə müxalifətin iştirak zərurəti də bununla bağlıdır. Çünki əgər əsas məsələ fəaliyyətdirsə, onda nəticəyə xüsusi önəm vermək mənasızdır.

Qeyri-zorakı mübarizənin qarşısında duran ciddi problemlərdən biri ümidsizlikdir – hansı ki, insanlar tezliklə dəyişilmələri görmədikdə ümidsizləşir və tamamilə yanlış qərarlar qəbul edirlər. Buna görə də “ümid axırıncı ölür” fikri meydana çıxıb – hansı ki, insan ölmədikcə ümidin ölməsi mümkün deyil. Bu da “ya ölüm, ya fəaliyyət” deməkdir.

Qandi bununla bağlı yazır: “Zülmət gözümdə tam qatılaşmayana qədər onun haqqında fikir söyləmərəm”.

Azərbaycanda tam aydın olmayan proseslərin gələcəyi ilə bağlı fikir söyləmək dəbdədir. Tələsmək olmaz. Quranda da insanların tələsməsi bir qüsur kimi xüsusilə qeyd edilmişdir. Heç kəs müxalifətin sabah ciddi dəyişiklikərə imza atmayacağını deyə bilməz. Çünki cəhd var və uğur cəhdin arxasınca mütləq gələcək. Əsas məsələ cəhdin fasiləsizliyidir. Buna görə Qandi belə bir şüar irəli sürürdü: “Ya fəaliyyət, ya ölüm”.

Qandinin şüarı qarşıdakı seçimin əhəmiyyətini və zəruri fədakarlığın səviyyəsini tam hərtərəfli çatdırdığı halda, “ya qələbə, ya ölüm” heç məna ifadə etmir. “Ya Qələbə, ya ölüm” insanlardan xüsusi ilhamlandırma və inandırma tələb etdiyi halda, “ya fəaliyyət, ya ölüm” şüarının belə bir tələbi yoxdur. Buna görə Qandi məsləhət görür ki, insanları ilhamlandırmağa (onlara çoxlu vədlər verməyə) və inandırmağa “onların şüuruna nəzarət etməyə” qənaət edin. Bu gün əksər müxalif partiyalar öz tərəfdarlarını “sabah hakimiyyətə gəlirik”, “bizi xaricdən dəstəkləyirlər”, “biz düz yoldayıq” kimi fikirlərlə inandırır və onları ruhlandırırlar – hansı ki, verilən vədlər həyata keçmədikcə, həmin insanlar müqavimət cəbhəsini tərk edir. İnsanlara qeyri-real ümidlər vermək və birdəfəlik mübarizəyə həvəsləndirmək olmaz. Mübarizə sürəkli olmalıdır. Belə adamlara isə boş ümidlər və mənasız lham lazım deyil. Onlar mübarizəni yaşam forması kimi qəbul edirlər. Belə adamlar çox olmadıqca, Azərbaycanda heç nə dəyişməyəcək!

 

“Mübahisələri axirətə saxlayın”

 

Bu gün Azərbaycanda müzakirə edilən ən mühüm məsələlərdən biri də “kim haqlıdır” sualıdır. Hər kəs özünü haqlı hesab edir, yəni heç kəs öz ayranının turş olduğunu ağlına gətirmir. Partiyalara oxşar dində də təriqətlər var və hər bir təriqət yalnız özünün düz yol olduğunu iddia edir. “Qurani-Kərim”də hansı təriqətin düz yolda olub-olmaması ilə bağlı mübahisələrin Allaha həvalə edilməsi və axirətə saxlanılması tələb edilir. Mübahisə məsələsi nə üçün bu qədər əhəmiyyətlidir?

İqtidarı tənqid məsələsi də qeyri-zorakı müqavimətdə mühüm rol oynayır. Bir qayda olaraq, iqtidar müxalifəti idarəetmə ilə bağlı mübahisələrə cəlb edir və müxalifət bu mübahisələrdə qalib gəlməyə cəhd edir. Bir çox halda müxalifətin özü belə, mübahisələr açmağa cəhd edir və hətta iqtidarı idarəetmə ilə bağlı açıq mübahisələrə çağırır. Biz prezident seçkilərində də belə mübahisələr açılmasına cəhdin şahidi olmuşuq. Halbuki Qandi deyirdi ki, “mübahisədə qalib gəlməyin ən qısa yolu ondan imtinadır”.

Beləliklə, aydın olur ki, əməkdaşlıqdan imtina həm də mübahisə etməkdən – nə düzdü, nə səhvdi – məsələsini aydınlaşdırmaqdan imtinanı tələb edir. Çünki mübahisə iqtidarı aktuallaşdırır və müxalifəti funksional asılılıq vəziyyətinə salır. Əslində, iqtidarı istər adi vaxtlar, istər seçkilərdə mübahisəyə çağırmaq (debata yox, cəhd etməyə) elə iqtidara könüllü tabe olmağın bir formasıdır. Buna görə də bəzi müxalif liderlərin iqtidarı mübahisə etməyə çağırması və ya seçkilərdə mübahisəyə üstünlük verməsi bu mənada səhvdir. Mübahisədən imtina sosial “ciu-citsu” üsulu kimi işləyir. Bu döyüş üsulu düşmənin gücünü özünə qarşı işlətməkdən ibarətdir. Bu üsul istənilən gücsüzün güclü tərəfə qalib gəlməsini saxlayır, cünki güclü tərəf öz gücü ilə məhv olur. Qandi bu üsulla iqtidarın repressiya siyasətini özünə qarşı işlədə bilmişdir. Belə ki, CAR-da olarkən o qədər hindlinin həbs olunmasına nail olmuşdur ki, sonra iqtidar bütün məhbusları buraxmaq məcburiyyətində qalmış, bununla da məğlub olmuşdur. Yəni repressiya gücü iqtidarın özünə yönəlmişdir.

Müxalifət qüvvələrinin öz aralarındakı mübahisə ikiqat ziyanlıdır. Çünki mübahisə edən tərəfin haqlı olduğu tam aydın olmadıqda hər iki tərəf uduzur.

Qeyri-zorakı mübarizənin əsas mənası ondan ibarətdir ki, bu mübarizə tərəfdarları özləri qorxmaz olmaları ilə yanaşı, insanlar da onlardan qorxmur. Bu gün bir çox insanın müxalifətə yaxın gəlməməsinin səbəbi müxalifətdən qorxmalarıdır, çünki ardıcıl dinc mübarizə işini düzgün qurmayan müxalifətçilərin psixoloji zorakılığı onları da qorxudur.

 

“Dünən – dünəndir,  bu gün – bu gün” və ya irəli getmirsənsə, mütləq geri gedirsən!

 

Azərbaycanda əsas bəlalardan biri insanlara yerinə, etnik mənsubiyyətinə, dini baxışına görə qiymət verilməsidir. Qandinin dövründə də bu problem aktual olmuşdur. Buna görə o adamlara yox, onların fəlaliyyətinin nəticələrinə qiymət verilməsi yolunu tuturdu.

Müxalifətin bir araya gəlməməsinin bir səbəbi yaranacaq birliklərdəki gözlənilən fikir ayrılıqlarıdır. Qandi belə hesab edir ki, “zəif rəhbər fikir ayrılığında təhlükə görür, halbuki onlar əslində qiymətli dərs verir, təşkilatın xeyrinə xidmət edir, qərar və onun nəticləri ilə bağlı qiymətli məlumatlar verir”.

Əslində, fikir ayrılığı özgə fikrindən bəhrələnməyə xidmət edir. Qandi yazır: “İdeya sizə məxsus olmaya bilər, amma siz onu orjinal yola tətbiq etməklə, yeni və parlaq nəticə əldə edə bilərsiz”.

Buradan da aydın olur ki, əsas məsələ fikirlər, ideyalar yox, onların həyata keçirilmə üsülu ilə bağlıdır.

Azərbaycan müxalifətinin ən ciddi qüsurlarndan biri keçmiş təcrübəyə bağlanmaqdır. Əlbəttə, təcrübə həqiqətin meyarıdır. Amma zaman və məkan şərti dəyişkən olduğundan, heç bir təcrübə keçmişdən bu günə köçürülə bilməz. Buna görə də, təcrübəni öyrənmək zəruri olduğu kimi, ona bağlanmamaq da bir o qədər vacibdir. Təcrübədən istifadə təcrübənin mahiyyətinin yeni məkan və zaman şərtində tətbiq edilməsini tələb edir. Məsələn, 1988-ci il Xalq Hərəkatı təcrübəsini bu gün olduğu kimi tətbiq etmək olmaz və mümkün deyil. Çünki o dövrün heç bir şərti bu gün yoxdur. Deməli, 1988-ci il Xalq Hərəkatının mahiyyəti bu günki şərtlər daxilində tətbiq edildikdə nəticə verə bilər. Amma özünün formaca tətbiqi heç bir nəticə verə bilməz. Yenidən klassik Xalq Hərəkatı yaratmaq istəyənlər məhz buna görə səhv edirlər. Qandi bunu “axmaq varislikdən imtina” kimi təyin edir. O, dəyişikliklərin idarə edilməsini zəruri hesab edirdi. Buna görə də “ənənələrə yeni qaydada baxmaq” şüarını dəstəkləyirdi.

Azərbaycan müxalifətinin ciddi səhvlərindən biri liderlərin fikir dəyişilmələrinin süngü ilə qarşılanmasıdır. Məşhur deyimdə deyildiyi kimi, “Bir dəlilər, bir də ölülər fikrini dəyişmir”.

Qandi yazır: “Mən dəyişləməzliyə heç vaxt sitayiş etməmişəm”. O, buradan belə qənaətə gəlir ki, fikrinizi dəyişmək lazım olsa, dəyişin. Qandinin vaxtında da fikrin dəyişilməsi mövqeyin dəyişilməsi kimi başa düşülürdü. Qandi deyirdi: “Mən həqiqət tərəfdarıyam. Buna əvvəl nə deməyimdən asılı olmayaraq, indi bu haqda nə düşündüyümü və hiss etdiyimi deməyə borcluyam”.

Bu, fikrin təkamülü ilə bağlı məsələdir. Burada həm də Azərbaycan ətrafinda liderlərin iradəsindən asılı olmayaraq baş verən və Azərbaycana təsir edən hadisələrin rolu az deyil. Ətraf dəyişdiyi bir vaxtda sistem öz sabitliyini saxlaya bilməz və saxlamamalıdır da. Əgər bir lider son 30 ildə dünyada və regionda baş verən dəyişilmələri, Azərbaycanda demoqrafik proseləri nəzərə almadan, özü özünü təkarar edirsə, bu, özü özünü eftanaziyadır. Qandi bunu “dünyanı qəbul etmək” kimi təyin edib.

Nəyə görə dəyişilmə zəruridir? O yerdə ki tərəqqi yoxdur, orada tənəzzül labüddür. Çünki bu iki proses bir-biri ilə vəhdət təşkil edir. Biri irəli getmirsə, deməli, o, sürətlə geri gedir. Sosial həyatda bir yerdə durmaq mümkün deyil.

 

Təhlükəsiz yolda azadlıq yoxdur

 

Qandi öz mübarizəsinə Britaniya müstəmləkə ağalığının hindlilərin beyninə yeritdiyi ideyaları və onlara təbliğ edilmiş idealları aradan qaldırmaqdan başlamışdır. Qandi deyirdi: “İnsan özünü azad insan kimi dərk edən məqamda əsarət boyunduruğundan yaxa qurtarır”. Burada özünü azad edən insanın sahibinin onu öldürə biləcəyi ilə razılaşmasıdır. Hegel bunu “azadlığın qarşılığı həyatdan imtinaya hazır olmaqdır” kimi təyin edir. Yəni ölümünü gözünün qarşısına alıb, azadlıq istəyən insan o andan azad olmağa başlayır.

Azadlıq təhlükəli yolda əldə edilə bilər. Çünki azadlığın əldən verilməsi zorakılıqla həyata keçirilir və azadlıq -hamı ilə həmişə rəqabətdə olmaq deməkdir.

Dinc-demokratik mübarizənin əsas şərtlərindən biri də azadlıqla təhlükəsizliyin qarşılıqlı əlaqəsi məsələsidir. Qandi yazır: “Azadlığını təhlükəsizliyinə dəyişməyə çalışan xalq nə buna, nə də o birinə layiq deyildir”.

Politologiyada sübut olunub ki, sosial-iqtisadi hüquqların qorunmasına cəhd edən hər bir insan siyasi hüquqlardan imtina etməyə məcburdur. Bu gün insanlar mitinqlərə niyə qoşulmur və ya iqtidara niyə açıq şəkildə müqavimət göstərmir? Çünki iş yerini və ya gəlirlərini itirməkdən, yaxud da həbs olunmaqdan qorxur. Qandinin əsas fəlsəfəsi “könüllü əzabçəkmə yolu ilə istismara qarşı mübarizə” kimi müəyyən edilmişdir. Qandi zorakılıq göstərənlərə zorakılıq göstərməməyə çağırırdı və bunu onunla izah edirdi ki, zorakılıq zorakılıq doğurur. Bu gün zorakılıqla əldə edilmiş qələbə gələcəkdə mütləq özünə qarşı zorakılıq doğuracaqdır. Buna görə, Qandi düşməndən ayrılmağı, onun zorakılığına cavab verməməyi tövsiyyə edir. Bu, hind mədəniyyətinin məşhur “təcavüz səpərsən, təcavüz biçərsən” zərb-məsələinə əsaslanır.

Zorakılıqdan imtina güc olmayan vaxtda asandır. Ən çətin məsələ güc olanda zorakılıqdan imtinadır. Buna görə Qandi deyirdi ki, gücsüz olanda zorakılıqdan imtina edirsinizsə, buna elə and içib öhdəlik götürməlisiniz ki, gücünüz olanda ona əl atmayasınız. Güc olmayanda zorakılıqdan imtina, güc olanda zorakılığa əl atmaq istəyi psixoloji zorakılığın əsasını təşkil edir.

Qandi zorakılıqdan onə görə imtina edirdi ki, onun fikincə, “zorakılıq müstəbidə yox, özünə əziyyət vermək deməkdir”. Qandi hesab edirdi ki, “zülm etməkdənsə, zülmə məruz qalmaq daha əxlaqi yoldur”. Qandi deyirdi ki, İngiltərə həbsxanalarına kurort kimi baxmadıqca, hindlilər azad ola bilməz.

Buradan da qeyri-zorakı mübarizəni, qələbəni təmin edən əsas ideya meydana çıxmışdır. Özünə əziyyət verməklə zülmkarı məğlub etmək olar. Mahatma Qandi bu mənada İmam Hüseynin mübarizəsini insanlıq məktəbi adlandırırdı.

Məhz qeyri-zorakı mübarizənin ən mühüm prinsiplərindən biri – “qarşı tərəfin zorakılıq edəcəyini düşünərək hərəkət etmək” ən çoxu üç günə istənilən müstəbidə qalib gəlməyə imkan verir. Çin Şarp bunu “sosioloji sirr” adlandırır. Onun qənaətincə, heç cür izah etmək mümkün deyil ki, nə üçün ən qatı müstəbidlər belə, əllərində nəhəng silah arsenalı və hərbi canlı qüvvəsi olduğu halda, qeyri-zorakı mübarizə qarşısında maksimum 7 gün, minumun 3 gün davam gətirə bilir.

Azərbaycan müxalifətinin 30 illik mübarizəsinə rəğmən, iqtidarın hələ də hakimiyyətdə qalması onu göstərir ki, Azərbaycan müxalifəti heç vaxt qeyri-zorakı mübarizə yolu seçməyib. Qandi deyirdi ki, “siz müstəbidi sizə zərər vurmamasına məcbur edə bilməzsiniz, amma özünüz zülmkarlıqla razılaşmağınıza görə məruz qalacağınız bütün repressiyya və əziyyətlərə dözməyə hazır olsanız, zülmkarı təsir gücündən məhrum etməklə, ona qalib gələrsiniz”.

Qeyri-zorakı mübarizə məğlubiyyət şəraitində hakimiyyətlə mübarizədə bir şey əldə etmək mümkün olmadıqda, dolayısı ilə nələrəsə təsir etməklə, vəziyyəti dəyişdirməyə imkan verir. Buradan da aydın olur ki, heç bir nəticəsi olmayan hakimiyyətə qarşı müqavimətin düz xətli, ardıcıl aparılması düzgün yol deyil. Bu zaman alternativ yollara baş vurmaqla, əlverişli mübarizə mühiti yaratmaq lazımdır.

Qeyri-zorakı mübarizənin, doğrudan da, qeyri-zorakı olduğunun tək bir sübutu vardır: bu mübarizə rəqiblərə qarşı heç bir halda zorakılıq, nifrət və şər iradə doğurmamalıdır. Qandinin bu fikirləri İsa peyğəmbərin “məhəbəttlə islah edin”, “bir yanağınıza vurduqda digərini çevirin” və “Qurani-Kərim”in “qisas almaq haqqınızdır, amma bağışlasanız daha xeyirlidir” vəhyləri ilə səsləşir.

Yuxarıda qeyd etdik ki, zorakılıq bütləşdirmə, şəxsiyyət kultu ətrafinda yaranır. Buna görə Qandi hesab edirdi ki, “hətta xeyirxah bir işi belə fetişə çevirməklə, onu məhv etmək olar”. Buradan da prinsiplərə sədaqətlə nəticə arasında düzgün seçim etmək zərurəti meydana çıxır. Qandiyə görə, “prinsiplərin təşkilat üçün mühüm əhəmiyyəti vardır. Lakin prinsip naminə adamların mənafeyini qurban vermək qeyri-etik və səhv hərəkətdir… ideyalara yox, adamlara xidmət edin”. Qandinin bu tezisi “adamlara yox, ideylara qarşı mübarizə aparmaq” tezisinin əksiliyidir. Yəni o yerdə ki, ideyalara qarşı mübarizə gedir, orada adamlara həssas yanaşmaq lazımdır.

 

Həbsxanaları doldurmağa hazır olmayan heç bir xalq küçələri doldura bilməz!

 

Bu gün ictimayyəti belə bir sual maraqlandırır: daha nə qədər mübarizə aparmalıyıq, yaxud nə vaxta kimi indiki müxalifətə və ya liderlərə dözməliyik?

Bu məsələ siyasi nəticələr əldə etməkdə tələskənliklə bağlıdır. Mənim ən yaxın dostlarımdan olan və kifayət qədər siyasiləşmiş partiya sədri bir dəfə belə bir söz dedi: “Artıq ömür gedir, ola bilsin, biz o azad cəmiyyəti gərməyək, nə qədər bu cür nəticəsiz mübarizə aparmaq olar?! Məncə, kənara çəkilmək lazımdır”. İşin nəticələrini görməyə tələsmək insan xilsləti ilə bağlıdır.

“Qurani-Kərim”də Allah-təala “İnsan tələskənlikdə yaradılmışdır. Siz Məni (Qiyamətin gəlməsinə görə) tələsdirməyin” deyə buyurur. Allahın varlığına inamsızlığın əsas səbəblərindən biri də Allahın cəza və mükafatının insanlara görə gecikdirilməsidir. Halbuki tələskənlik heç bir işi başa çatdırmağa və həmin işi kamil şəkildə görməyə imkan vermir. Dünyada 30-40 il müxalifətdə qalıb, heç bir nətcə əldə etməyən kifayət qədər lider olub ki, xalqları o liderləri heç vaxt tərk etməyib. Azərbaycanda insanlar bir seçki, hətta bəziləri bir mitinq müddəti qədər səbr edir, sonra öz mövqeyini tərk edir. Bununla bağlı Qandi deyirdi: “Daha yaxşının yaxşıya mane olmasına imkan verməyin. Siz hövsələsizsiniz. Mən bunu özümə rəva görə bilmərəm…”. Bu nə deməkdir? Elmdə buna maksimalizm və ya “ya hər şey, ya heç nə” deyirlər. Bir dəqiqəliyə Azərbaycanı müxalifətsiz və liderlərsiz təsəvvürə gətirək. Onda Azərbaycan bu günlə müqayisədə hansı vəziyyətdə olardı? Bizim arzuladığımız cəmiyyət lap yaxşısıdır. Amma bundan daha da pis olmasının qarşısının alınması da az şey deyil.

Qeyri-zorakı mübarizə maksimalizmdən imtina tələb edir. Buna görə də uğur yox, həmin uğura cəhd əsas götürülür. Qandinin “Quran”dan əxz etdiyi əsas ideya “səbr” idi. Qandi böyük nəticələr arzulamağa yaxşı baxırdı, amma deyirdi ki, “hər şeyin sizin arzunuza uyğun olaraq baş verəcəyinə ümid bəsləmək zərərlidir və özündənrazılıq əlamətidir”. Qandi səbrə ideallardan və cəhdlərdən imtinanın sinonimi kimi baxmırdı.

“Qurani-Kərim” də səbri nədənsə imtina etmək kimi tövsiyə etmir, əksinə, səbr mütləq olacağa inamla, onun olmasının zəruri şərtlərinin meydana çıxması üçün lazım olan vaxtı gözləməyi ifadə edir. Başqa sözlə, səbr -zamanla şərtlənməni etiraf etmək, onu başa düşmək deməkdir. Qandiyə görə, təcililiklə səbrliliyin düzgün nisbətini müəyyən etmək vacibdir. Səbr – yaxşıdan ən yaxşıya keçid üçün tələb olunan vaxtdır. Yaxşı – cəhd, ən yaxşı – həmin cəhdin nəticəsidir.

Qandi hesab edirdi ki, ən yaxşıya görə yaxşıdan imtina insanı həm ən yaxşıdan, həm də yaxşıdan məhrum edir. Bu gün hakimiyyətin dəyişilməsi ən yaxşı, ona qarşı mübarizə yaxşıdırsa, hakimiyyətin dəyişilməsi baş vermədiyindən, mübarizədən imtina həm bizi mübarizədən, həm də hakimiyyətin dəyişilmələrindən məhrum edir. Bu səbəbdən Qandi deyirdi ki, “ideal haqqında təsəvvürlərə heç də uyğun gəlməməsi səbəbindən lazımi hərəkətlərdən imtina etməmək daha vacibdir”. Bu gün hakimiyyəti dəyişdirə bilməməyimiz bizim hakimiyyət dəyişilmələri uğrunda mübarizədən imtina etməyimizə əsas vermir və liderləri istefaya çağırmaq da bu mənada qeyri-zorakı müqavimətə ziddir.

 

Ədalət qələbənin təməlidir

 

Allah-təala “Qurani-Kərim”də buyurur: “Allah özünə ədalətli olmağı əta etmişdir”. Buna görə də “Quran” hər bir adamdan ədalətli olmağı, ədalətin üzə çıxması naminə öz əleyhinə olsa belə, şahidlik etməyi əmr edir. Siyasi mübarizədə hər hansı bir uğur da yalnız ədalətə əsaslananda meydana çıxa bilər. Buradan da belə bir sual meydana çıxır: ədalət nəyə lazımdır? Ədalət məqsədlə vasitənin ölçülüyünün uyğunluğunu özündə ifadə edir, hansı ki, belə uyğunluq olmadıqda heç bir vasitə məqsədə apara bilməz.

Qeyri-zorakı müqavimətin fəlsəfəsi səbəb-nəticə əlaqəsi ilə izah edilə bilər. Qandi bunu “demokrtik Hindistana anti-demokratik yolla nail olmaq olmaz” – kimi izah edirdi. Çünki zorakılıq yolu ilə əldə edilən nəticə yalnız zorakılıq imkanlarının təsdiqi ola bilər, nəinki xalqın azadlıq imkanlarının təsdiqi. Qandiyə görə, “ədalət istəyən ilk öncə başqasına ədalətlə yanaşmalıdır”. Bu, əxlaqın klassik prinsiplərindən biridir. Buradan da qeyri-zorakı müqavimətin əxlaqi müqavimət olduğu sübut olunur. Özünə ədalət istəyənin başqaları ilə ədalətsiz davranması həm özünü, həm də qarşısındakını ədalətdən məhrum edir. Xalq deyimində olduğu kimi, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Qandiyə görə, etik davranış sürəkli olmalıdır. Vaxtdan və şəraitdən asılı olaraq etik davranış dəyişilməməlidir. Etika nə üçün siyasi mübarizədə vacibdir? Qandiyə görə, etika vasitə ilə məqsədi düzgün əlaqələndirən yeganə prinsipdir.

Qandiyə görə, insanlar öz mahiyyətlərini özləri müəyyən etmədikdə, onların əvəzinə onu hakimiyyət edəcək. Beləliklə, zorakı və ya qeyri-zorakı seçim etməyən hər bir adamı hakimiyyət zorakı adama çevirir – hansı ki, asanlıqla onu məhv edir. Müasir dövrdə siyasi repressiyalarda evlərə silah qoyub həbslər həyata keçirmək və ya insanları olmayan çevriləşlərdə ittiham etmək öz mahiyyətini özü təyin etməyənləri hakimiyyətin təyin etdiyini sübut edir. Amma təpədən-dırnağa leqal şəkildə qeyri-zorakı mübarizə aparan kimsəni iqtidar silahlı çevrilişdə ittiham edə bilməz, etsə də nəticəyə nail ola bilməz. 1939-cu ildə Hitler reyxstaqı yandırıb, kommunistləri repressiya etmək istədikdə, bolqar kommunist Dimitrov öz müdafiə nitqini məhz bunun üzərində – seçilmiş mübarizə üsulunun onlara yad olması üzərində quraraq, bəraət almışdır.

Nə üçün xalq zülmə dözür? Qandi yazır: “Vətəndaş itaətsizliyinin iştirakçısı həbsə alınmasını və özünə qarşı zorakılıq tətbiq edilməsinin digər formalarını görür və alqışlayır. Dərk edir ki, onun fiziki cəhətdən azad olması yalnız bir görüntüdür və belə yaşamaq istəmir. Özünü inandırır ki, “dövlət, vətəndaş onun göstərişlərini yerinə yetirdiyi dərəcədə şəxsi azadlıq verir”. Buradan aydın olur ki, hakimiyyətin bütün göstərişlərini sözsüz yerinə yetirən heç bir insan azad ola bilməz. Çünki dövlət yalnız onun hakimiyyəti ilə sözsüz, qeyd-şərtsiz razılaşan adamlar barəsində tam hakimiyyətə malikdir. Diktaturada dövlət, azadlığı həbsxanada olmamaq kimi müəyyənləşdirir. Buradan aydın olur ki, itaətsizliyə görə dövlət cəzası olan həbsxanaya salınma həbsxanadan kənarda olduğundan daha çox azadlıq verir. Lakin həbsxana sözsüz tabe olmanın ağır çərçivəsində baş verir. Başqa sözlə, diktaturaya dözmək könüllü asılılıq, həbsxanaya düşmək məcburi asılılıqdır. Ləyaqəti olan insan məcburi asılılığı seçər, nəinki könüllü. Buradan da aydın olur ki, həbsxanaları doldurmağa hazır olmayan heç bir xalq küçələri doldura bilməz!

Bu gün öz passivliyinə, qorxaqlığına haqq qazandırmağa cəhd edərək, qeyri-zorakı mübarizədən imtina edənlər bir tərəfdən zorakılığa, digər tərəfdən məhrumiyyətlərə düçar olur. Yəni ikiqat uduzur. Qandi belə insanları şüurlu vicdansızlar, obrazlı olaraq, “şeytanın vəkili” adlandırırdı. “Qurani-Kərim”də də zülmə qarşı durmayanlar “şeytanın şagirdləri” kimi təyin olunub. Qandiyə görə, şeytanın vəkili olmaq yalnız özü ilə oynamaqla olar, hansı ki, bu zaman şəxsin mövqeyi yalnız ona məlum olur. Biz bunu narazıların etiraz etməməsi numunəsindən aydın görürük. Gizlində narazılıq edən milyonlarla vətəndaşın aşkar etirazlara çıxmaması əslində şeytana vəkilliyin təzahürüdir. 

Nəhayət, müxalifətdaxili çəkişmələr. Qeyri-zorakı mübarizənin əsas prinsiplərindən biri rəqibin düzgün seçilməsidir. Zorakılıq etməyən kiməsəyə qarşı qeyri-zorakı mübarizə aparmaq absurddur. Buradan aydın olur ki, öz sıralarından kimisə seçib, ona qarşı mübarizə aparmaq Don Kixotun yel dəyirmanı ilə vuruşması qədər əhəmiyyətlidir.

Allah-təala “Quran”da möhkəm şəriət qanunlarının sahibi olduğunu bəyan edir. Bu, o deməkdir ki, heç bir sosial qanun möhkəm, sərt ola bilməz. Buna görə belə qanunlara sözsüz itaət etmək insanları kölə edir. Qandi azadlığı məhdudlaşdıran istənilən qanunu pozmağa çağırır. Amma o qanunlar ki ictimai həyatı tənzim edir, həmin qanunlara riayət etmək lazımdır.

Müxalifətin onun fəaliyyətini Konstitusiyaya zidd məhdudlaşdıran heç bir qanuna tabe olma öhdəliyi ola bilməz. Belə qanunlara tabe olan qüvvə isə heç vaxt nəticə əldə edə, məqsədinə çata bilməz. Qandiyə görə, itaət qeyri-etik hərəkətdir. Yalnız şüurlu və vicdanlı razılaşma etik hesab oluna bilər. Hakimiyyətin ədalətsiz məcburetməsinə tabe olmaq qeyri-etik davranışdır, buna görə də belə davrananlar alçaldıcı vəziyyətə düşürlər. Əsl tabeçiliyin mahiyyəti ədaləstiz qanunlardan imtina, ədalətli qanunlara tabe olmaqdan ibarətdir. Bu cür davranış insandan cəsarət tələb edir. Çünki qanun özünün pozulmasını cəzalandırır. Cəzaya hazır olmayan kimsə ədalətsiz qanunu poza bilməz, belə qanunu pozmayan azad ola bilməz.

Qandi yazır: “Yaradıcı və məhsuldar şərait ümumi məqsədə nail olmaq işinə hər gün şəxsi töhfəsini verən, baş verənlər üçün şəxsi məsuliyyətindən imtina etməyən yaradıcı və qabiliyyətli adamlar tələb edir. Bu cür təşkilatı yaratmağın yeganə yolu qeyri-zorakılıq nümunəsidir”.

 

Qeyri-zorakı müqavimət lideri

 

Liderlər tarixin sürətini dəyişən, hərəkətverici gücə bərabər rol oynayan aparıcı şəxslərdir. Hər bir mübarizə üsulunun ona xas lider tipi olmalıdır. Bəs qeyri-zorakı müqavimətin lideri necə olmalıdır? Başqa sözlə, Azərbaycan müxalifətinin liderlərinin tipi onların qeyri-zorakı yolla hakimiyyət dəyişilmələrinə başçılıq etməsinə imkan verirmi? Mahatma Qandiyə görə, qeyri-zorakı mübarizədə “lider özünü qurban verməyə hazır olmalıdır. Əgər onun özünü qurban verməsi nümunəyə çevrilirsə, digərləri onun ardınca gəlirsə, deməli, ictimai hərəkatın meydana çıxması göz qabağındadır. Liderin özünü qurban verməsini ona zorla qəbul etdirmək olmaz. Lider öz dəyərlərini tərəfdarlarına zorla qəbul etdirmədiyinə görə, ardıcıllarında şəxsi məsuliyyət hissi aşılanır. Liderlik – təqlidi həvəsləndirmək vasitəsi ilə liderlikdir”.

Nümunə kimi qeyd edim ki, Qandi və həyat yoldaşı dəfələrlə işğalçılar tərəfindən həbs olunmuş, arvadı həbxsanada dünyasını dəyişmiş, özü isə zorakılıq tərəfdarları tərəfindən qətlə yetirilmişdir.

Qeyd edim ki, Azərbaycan liderlərinin çoxu fədakarlığa hazırdır və siyasi işdə bunu dəfələrlə sübut ediblər. Bu gün həbsxanada yatmayan, fiziki zorakılığa məruz qalmayan, qohum-qardaşı repressiya olunmayan müxalifət lideri, demək olar ki, yoxdur. Lidelərin bir eybi var – özünün mənimsədiyi dəyərləri zorla üzvlərinə aşılayır və siyasi mübarizədə şəxsi qürur nümayiş etdirir. Bu iki keyfiyyət liderləri uğursuzluğa aparır.

 

Qeyri-zorakı müqavimət – sağlam ağılla elmi qüvvətin vəhdəti

 

Qeyri-zorakı mübarizə tərəfdarından iki mühüm keyfiyyət tələb olunur: sağlam ağıl və elmdə qüvvətli olmaq. Bu iki prinsip İslam dinində imanin iki şərti kimi müəyyən olunub. Nə üçün qeyri-zorakı müqavimətdə ağıl və elm tələb olunur?

Qandiyə görə, “yalnız həqiqət üstündür… həqiqət həmişə qalib gəlir”. Həqiqət isə yalnız sağlam ağılla və bəlli bir biliyə malik olmaqla əldə edilə bilər.

Burada bəzi insanların elmi-siyasi mübarizəyə yanlış münasibəti ilə bağlı qısa şərh etmək istəyirəm. Bu gün Azərbaycanda siyasi işin hansısa nəzəri biliklərlə əlaqələndirilməsi bəzilərində lağ, bəzilərində isə mənasız iş kimi təəssürat yaradır. Qandi deyirdi: “Məqsədli cahillik heç bir halda bilikdən daha yaxşı ola bilməz. Lakin bilik yaxşı qərarın təminatı deyil, ürəyın sadə istəyini isə nəzərə almamaq və eyni zamanda bunu qulaqardına vurmaq olmaz. Etik cəhətdən mötəbər qərarların kiçik şriftlə çap edilmiş şərhlərə ehtiyacı yoxdur”. Buradan görünür ki, yalnız bilikli insanların vətənpərvərliyi xalqa nəsə verə bilər. Ürəyində vətən eşqi olmayan alim və elmi olmayan vətənpərvər, eləcə də elmi biliyi olmayan ehtiraslı siyasi lider heç bir ictimai nəticəyə idda edə bilməz.

Geniş xalq kütlələri qeyri-zorakı mübarizənin harasındadır? Qandi mütəşəkkil xalq hərakatını deyil, qaragüruhu arxasınca aparan boşboğaz olmamağa çağırırdı. Çünki qaragüruhu öz arxasınca aparan lider üçün də qaragüruh real təhlükədir. Bu gün müxalif liderlər nəinki qaragüruhdan imtina edir, əksinə, öz ətraflarına məhz qaragüruhu toplayır. Çünki onları aldatmaq çox asan olur. Bəzi liderlər qaragüruhun sevgisindən həzz alır. Amma unudurlar ki, kütlənin lider sevgisinin onun ideyalarına qətiyyən aidiyyəti yoxdur. Qaragüruhla lider arasındakı əlaqə xalis şəxsi emosional əlaqədir. Buna görə, bu emosional əlaqə qırılan andan lider həmin kütlənin düşməninə çevrilir.

Qandi emosional çağrışlardan qorxmağa çağırırdı. Mən dəfələrlə iclaslarda və mitinqlərdə istefa qışqırmağın və ya hansısa liderin adını çağırıb çəpik çalmağı düzgün hesab etməmişəm. Çünki bütün bunlar emosional reaksiyalardır və bu emosiyalar bu adamlara ağıllı sözü eşitməyə, onu dərk etməyə imkan vermir. Bir dəfə bizim partiyanın binasında bir müxalif partiya lideri tədbir keçirirdi. Həmin tədbirdə dəfələrlə sürəkli alqışlar, “istefa” və “lider bəy” qışqırıqları liderin çıxışını yarıda kəsirdi. İclas başa çatıb, camaat dağımağa başlayanda mən beş-on nəfərdən “lideriniz nə deyirdi?”” soruşdum və kimsə də liderinin nə dediyini mənə deyə bilmədi. Beləliklə, aydın oldu ki, əksinə, zaldakı emosiyalar iştirakçıların dərketməsinə əngəl olub və insanlar yığıncağa hansı təsəvvürlərlə gəliblərsə, o təsəvvürlərlə də oranı tərk ediblər. Bu da mollanın dəvənin üzərində küləkli havada qovut yeməsinə oxşayır.

Qandinin metodu emosionallığın maarifçliklə qaydaya salınmasına əsaslanır. İdeal əsaslı çıxış ağlı və ruhu birləşdirir. Qandinin bütün emosional çağrışları mütləq hansısa elmi arqumentasiya ilə vəhdət təşkil etmişdir. Qandi belə hesab edirdi ki, kütlələrin hisslərinə demokratiyanın deyil, oxlokratiyanın irəli sürdüyü qeyri-mütəşəkkil, nizamsız nümayişlər vasitəsi ilə təsir göstərməyə dəyməz. Bu gün mitinqə nə üçün çıxdığını belə anlamayan insanların iştirak etdiyi mitinqlərlə heç nəyə nail olmaq olmaz. Bir çox liderlər öz arxasınca nadanlar ordusu yaratmağa cəhd edərkən, qabaqcadan nailiyyətin onlardan uzaqlaşacağını gözə almalıdırlar.

 

Vətəndaş qarşıdurması istənilən diktaturadan daha pisdir

 

Qeryri-zorakı mübarizənin bir əhəmiyyəti də vətəndaş qarşıdurmasından yan keçməklə, siyasi dəyişilmələrə nail olmaqdır. Russo deyirdi ki, vətəndaş qarşıdurması istənilən diktaturadan pisdir. Bu o deməkdir ki, diktaturadan azad olarkən vətəndaş qarşıdurmasına yol vermək olmaz.

Təəssüf ki, bu gün inqilab şüarları səslənməkdədir. Suriya modelini gözə almayan kimsə xalqın dostu ola bilməz və belə qüvvələrin xarici ölkələrə xidmət etdiyi şəksizdir. Necə ki, bu gün Suriya müxalifətinin müxtəlif qanadları ayrı-ayrı dövlətlərin əlində onların maraqlarını təmin edən bir vasitə kimi çıxış edir.

Qandinin cəmiyyəti inqilabdan sığortalayan siyasəti nədən ibarətdir? Qandi elə bir mübarizə yolu seçmişdir ki. onun təbliğatı həm tərəfdarlarını, həm də opponentlərini maarifləndirirdi. Buna görə də “İntiqammı? Xeyr, marifləndirmə!” şüarını irəli sürürdü. Çünki bəzi insanların zorakılığı onların siyasi savadsızlığından, avamlığından qaynaqlanır. İnsan nə qədər biliksiz və savadsızdırsa, bir o qədər öz heyvani təbiətinə yaxındır və bir o qədər zorakılığa, intiqama, nifrətə meyllidir.

“Qurani-Kərim”də Allah-təala “Bəzi insanlar heyvan, bəziləri ondan da rəzil vəziyyətdədir”, – deyə bəyan edir. Heyvan – avam insanlar, ondan rəzil olanlar – batilə uyan – yalan həqiqətin dalinca gedənlərdir. Qandi belə hesab edirdi ki, maarif hamının ehtiyac duyduğu şey olduğundan, maariflənmə paralel təsir göstərərək, ziddiyətlərin aradan qaldırılmasına kömək edir. Buna görə Qandi belə hesab edir ki, istənilən fəaliyyətin yeganə motivi həqiqəti axtarmaq və ona əməl etmək olmalıdır. Qandi üçün düzgün olan faktologiya ilə yox, maraqlı tərəflər üçün bərabər dəyəri təmsil edən münasibəti, fəaliyyəti və ya fəaliyyətin nəticəsi ilə təsdiq oluna bilər. Buna görə, Qandi hər bir rəhbərin “Bu düzdürmü?” sualına cavab verməsini istəyirdi və Qandiyə görə, bu sual hər bir rəhbərin verə biləcəyi birinci və sonuncu sualdır.

Həqiqət nəyə lazımdır? Qandi belə hesab edirdi ki, həqiqət axtarışında inadkarlıq insana misilsiz güc verir. Bunun əksinə, yalana inanmaq insanı gücsüzləşdirir.

Nobel mükafatı laeuratı A. Fon Hayek yazır: “İnsan nadanlığını dərk edən andan azad olmağa başlayır”. Bu gün Azərbaycanda özünün nadanlığından xəbəri olmayanlar ordusu, guya, qeyri-zorakı mübarizə apardığını idda edir və bu zaman niyə azad olmadığından təəccüblənir. Bəzi liderlər də düşünülmüş şəkildə ətrafındakıları həqiqətdən uzaqlaşdırır, onları maarifləndirmədən emosional vəziyyətə gətirir. 30 il “istefa” qışqırmalarına baxmayaraq, azadlıq yolunda bir qarış belə, qət edə bilmirlər.

 

Vətəndaş fəalının kodeksi

 

Siz hörmətlə yanaşdıqda, rəqib də rəqabət hissinə görə sizə hörmətlə yanaşmağa məcbur olur ki, bu zaman rəqibin hörməti tərəfdarlarınızın sayını və sizə olan bağlılığını artırır…

Vətəndaş fəallığı olmadan ictimai dəyişilmələrə nail olmaq olmaz. Vətəndaşın istənilən fəallığı ilə də tərəqiyyə nail olmaq mümkün deyil. Buradan da aydın olur ki, azadlığa aparan vətəndaş fəallığının öz xüsusi qanunauyğunluqları olmalıdır. Azərbaycanda müxalifətin kifayət qədər fəal olduğu dövrlərdə belə, heç bir uğur qazanmamasının məhz bununla – Azərbaycanda vətəndaşların fəallığının qaydasızlığı ilə – bağlı olduğu sübut olunur.

Hər bir işin öz qaydası var və qaydasına uyğun görülməyən heç bir iş nəticə verməz. “Tövrat”dan, eləcə də “Quran”dan görünür ki, Allah-təala Öz peyğəmbərləri ilə 10 ilahi qanun əsasında əhd bağlamışdır. Bu on qanuna əməl etmək insanları Cənnətə, onları pozmaq Cəhənnəmə aparır. Bu baxımdan, qeyri-zorakı müqavimətin də hansısa qızıl qaydaları vardır və yalnız bu qaydalara əməl etdikdə bu mübarizə nəticə verə bilər. Qandi qeyri-zorakı müqavimət üçün on bir qayda müəyyən etmişdir. Hansi ki, bu qaydalara əməl etmək qələbəyə, onlara əməl etməmək məğlubiyyətə aparır. Bura aşağıdakılar aiddir:

1. Rəqibə qəzəb nümayiş etdirmə;

İstər ictimai, istər siyasi, istərsə də şəxsi münasibətlərdə qəzəb nümayiş etdirmək zərurətə görə əks tərəfi silahlanmaya, özünü radikal üsullarla müdafiəyə təşviq edir.

Buradan aydın olur ki, zorakılığın meydana çıxmaması üçün qəzəb hissinin hər hansı bir şəkildə təzahürünə imkan vermək olmaz. Bizim gözəl bir atalar sözümüz var: “Hirslə duran, ziyanla oturar”. Azərbaycan müxalifətinin “qəzəb” nümayiş etdirən mübarizəsi həmişə müxalifətin ziyanı ilə başa çatıb. Müxalifət repressiya edilib və ya qanunvericilikdə reqressiya inkişaf etdirilib və ya müxalifət ənənəvi dostlarından, xalq tərəfindən dəstəkdən məhrum olub.

2. Rəqibin qəzəbini soyutmağa və onun sənə qarşı zərbələri ilə razılaş;

Özünün qəzəbsiz mübarizə aparmağın kifayət deyil, elə davranış sərgiləmək lazımdır ki, düşmən də öz qəzəbini boğsun. Əgər buna nail ola bilmirsinizsə, onda düşmənin sizə qarşı edə biləcəyi zorakılığı cavabsız olaraq qəbul etməyə hazır olun.

Yuxarıda qeyd etdik ki, rəqibin həbsxanasına bir istirahət yeri kimi baxmaq, rəqibin fiziki zorakılığından həzz almağı bacarmaq lazımdır. Bu sonuncu mazoxizmə bənzərlik təşkil edir. Mazoxizmdə insan özünə qarşı zorakılığın edilməsinə başqasını təşviq edir. Amma qeyri-zorakı mübarizədə bundan fərqli olaraq, sən zorkılığa əsas vermirsən.

3. Qəzəb və qorxunun səni məqsədindən yayındarmasına imkan vermə – diqqətini ancaq məqsədinə yönəlt;

Qəzəb və qorxu ağlı pərdələyən iki daxili hissdir – hansı ki, azadlıq üçün bilik, bilik üçün sağlam ağıl lazımdır.

Yuxarıda qeyd etdik ki, azadlıq qorxudan xilas olmaq kimi təzahür edir. Əgər insan hansısa mücərrəd bir gücdən könüllü şəkildə qorxursa, onda kimsə onu konkret güclə qorxuda bilməz. Əslində, qorxu daxili köləlikdir. Qorxaqları tabe etdirmək üçün ciddi bir gücə ehtiyac yoxdur. Sadəcə, onları qorxutmaq kifayət edir. Köləlikdən azad olmaq özündən azad olmaqdan başlayır. Əgər bir insan özü özünü daxili qorxularından azad edə bilmirsə, həmin insanı heç kim azad edə bilməz. Heç vaxt rəqibin zorakılıq edib-etməyəcəyinə diqqət vermək lazım deyil, çünki bu zaman öz məqsədin diqqətdən yayınır və yanlış məqsədlərə doğru irəliləyirsən. Buna görə, zorakılığa əl atan kimsə məqsədinə çata bilmir.

Odur ki, məqsədə və qarşıya qoyulmuş vəzifəyə uyğun olaraq hərəkət etmək, şəxsi və ya emosiyalara uymayan diqqəti bu vəzifələrə cəmləşdirmək lazımdır.

4. Rəqibin məğlubiyyətinə, sənin öz məqsədinə çatmağına çalış;

Bu qaydanın mənası ondan ibarətdir ki, bəzən məqsədə dolayı yollarla çatmaq olar – hansı ki, rəqibi məğlub etməklə məqsədə çatmada böyük itkilər verdiyin halda, dolayı yolla məqsədə çatdıqda belə itkilərdən sığortalanmış olursan. Bunun yollarından biri rəqibi könüllü güzəştə getməyə razı salmaqdır. Bu prinsip yarışdan imtina kimi təsəvvürə gəlir. Buradan da Allah-təala buyurur: “Məndən sizi başqasından üstün edən şeyi istəməyin”. Bu o deməkdir ki, insan özü üçün üstünlüyə cəhd edərkən, bunu başqası ilə münasibətdə etməməlidir. Əgər başqası ilə münasibətdə üstünlüyə cəhd edilirsə, bu, zərurətə görə rəqibdə müqavimət yaradır.

5. Ən yaxşı vuruşduğun silahınla döyüş – rəqibin yaxşı vuruşduğu silaha əl atma;

İdmandan məlumdur ki, müxtlif döyüş sənətlərinə yiyələnmiş insanlar arasında qalibi müəyyən etmək mümkün deyil. Çünki hərə öz düyüş növü üzrə qabiliyyətli, rəqibin döyüş növü üzrə qabiliyyətsizdir. Eksperimentlər sübut edib ki, müxtəlif üsullarla döyüş alınmır. Buna görə də rəqiblə qarşılıqlı zorakı mübarizədən imtina etdikdə və ona qarşı qeyri-zorakılıq tətbiq etdikdə, rəqib səni zorakılıqla məhv etməyə bəhanə tapmır.

6. Öz mənfi hisslərinə nəzarət et və rəqibin sənə yönəlmiş emosiyalarına cavab vermə;

Heyvanlar aləmindən məlumdur ki, bütün heyvanlar bir-birinin aqressivliyinə aqressivliklə cavab verirlər. Aqressivliyin aqressivlik doğurması bioloji qanunauyğunluqdur. Aqressivliyin silsilə ilə artması sonda ən güclünün tam qələbəsi ilə başa çatır. Bunun əksinə, aressiyaya qarşılıq vermədikdə aqressorda aqressiya şiddətlənmir və aqressiya aqressorda daxili travma yaradaraq, onda zəiflik yaradır. Beləliklə, istənilən aqressiya reqressiya ilə qarşılandıqda aqressor tükənməyə başlayır. Zorakılığın hər hansı bir növünə cavab vermək insandan zorakılıq tələb edir. Emosiyalar insan ağlını kilidləyir – hansı ki, azadlıq məhz ağıllı insanlara xasdır. Mənfi hisslər daxili travmatizm yaradır. Terroristlər və cinayətkarlar məhz daxili travmatizmə məruz qalan insanların sırasından çıxır. Buna görə də bütün mənfi hissləri dərhal özündən uzaqlaşdırmaq lazımdır. İsa peyğəmbər buna görə də “məhəbbətlə islah et” deyə vəhy etmişdir.

7. Qarşı durmamaq üçün söyüş və lənət yağırmaqdan imtina et;

Qandiyə görə, söyüş və lənət qarşıdurma yaradır. Buna görə də, qarşıdurmadan qaçmaq üçün söyüş və lənət yağdırmaqdan çəkinmək lazımdır. Söyüş və lənət mücərrəd silahdır və çox vaxt hər cür konkret silahdan daha çox insana əzab verir. Öz tariximizdən məlumdur ki, Şeybanilərlə Səfəvilər, Osmanlı ilə Səfəvilər arasındakı müharibələr məhz söyüşə görə başlamışdır.

8. Ehtiramsızlığı təhqirlə etmə. Düşmənin simvollarını qəbul etmə və təhqir etmə;

Allah-təala Quranda buyurur: “Siz bütpərəstlərin məbudlarına söyməyin ki, onlar da sizin Allahınızı söyməsinlər”. Bu gün YAP Elçibəyi, Rəsulzadəni, cəbhəçilər Heydər Əliyevi söyür və təhqir edir. Buradan da hakimiyyətin repressiyaları başlayır. Qandizmə görə, öz simvollarının təhqir edilməsini istəmirsənsə, düşmənin simvollarını qəbul etməsən də, onları söymə. Atatürkün tərcümeyi-halında bu prinsiplə bağlı çoxlu nümunələr var.

9. Hörmət – işlərin görülməsi üçün ən yaxşı mühitdir; 

Siyasət ictimai şüurun ən ali formasıdır. Əgər etika məqsədlə nəticəni əlaqləndirirsə, onda rəqiblə hörmətlə davranmaq sizin məqsədinizə gedişinizi sürətləndirir. Məmurları hətta öz həyatını risk etməklə təhqir və hücümlardan qoru. Siyasi münasibətlərdə hörmətlə davranmaq şəxsi maraqların olmadığının sübutlarından biridir. Çünki hörmətsizlik məhz şəxsi münasibətlərə xasdır. İctimai münasibətlərdə hörmətsizlik təkcə rəqibə yox, həm də hörmətsizlik edənin öz tərəfdarlarına yönəlir. Məsələn, sosial şəbəkədə küçə söyüşü ilə opponentlərinə münasibət bildirənlər unudurlar ki, həmin söyüşləri onların öz valideyinləri də eşidə, görə bilər. Siz hörmətlə yanaşdıqda, rəqib də rəqabət hissinə görə sizə hörmətlə yanaşmağa məcbur olur ki, bu zaman rəqibin sizə hörməti tərəfdarlarınızın sayını və sizə olan bağlılığını artırır.

10. Sağlam ağılla mübarizə apar;

Qandi deyirdi: “Döyüşçünün gücü silahının sayı ilə yox, ağlının itiliyi ilə ölçülür. Hisslərin sağlam düşüncəyə qalib gəlməməsinə imkan vermə”. Bir insanın hissləri onun düşüncəsinə qalib gəlirsə, həmin insan üzərində rəqibin qələbəsi şəksizdir. Dünyanın bütün məşhur siyasətçiləri, eləcə də öz xalqlarını azad edən milli liderlərın hamısı üçün ağıllı olmaları xarakterikdir. İnsan nə qədər ağıllı olarsa, bir o qədər düşmənin silahlı hücumundan yayına və hətta onun öz silahını özünə yönəldə bilər.

11. Həqiqət axtarışında inadkar ol – şəxsi münaqişələrdən uzaq ol, özün barəsində şişirtmələrə yol vermə.

“Qurani-Kərim”də Allah-təala buyurur: “Etmədiyi işlərə görə təriflənməyi xoşlayanlar kafirlərdir”. Bəzən insanlar şüurlu şəkildə etmədikləri bir işi etdikləri iş kimi qələmə verirlər. Bəzən başqalarının gördüyü işi öz adlarına çıxırlar. Münaqişələr də burdan – müəlliflik iddiasından başlayır. Həqiqi azadlıq həqiqətin tapılması ilə meydana çıxır. Buna görə insanlar nə qədər həqiqət axtarışında olurlarsa, bir o qədər azad olurlar. Bura öz əvvəlki fkrindən daşınmamaq, həqiqətin yalnız özünə məxsus olduğunu iddia etmək, dəyişən şərtlərə uyğun həqiqətin dialektikasına çalışmamaq aiddir. Azərbaycanda fikrini dəyişənlərə satqın, başqa xalqların təcrübəsinə istinad etməyə mənasızlıq kimi baxırlar. Kindi deyirdi ki, “həqiqət sizə yad tayfalardan gəlsə belə, onu qəbul etməyə hazır ol”. O cümlədən həqiqət rəqibin tərəfində olduqda, onunla razılaşmamaq insanı nəinki azad etmir, əksinə, yalanın əsarətinə salır ki, zorakılıq məhz yalanla vəhdət təşkil etdiyindən, öz arxasınca zorakılığı tətikləyir.

 

Dinc-demokratik mübarizənin 7 qızıl prinsipi

 

Bəzən insanlar şüurlu şəkildə etmədikləri bir işi etdikləri iş kimi qələmə verirlər. Bəzən başqalarının gördüyü işi öz adlarına çıxırlar. Münaqişələr də buradan – müəlliflik iddiasından başlayır. Həqiqi azadlıq həqiqətin tapılması ilə meydana çıxır. Buna görə insanlar nə qədər həqiqət axtarışında olurlarsa, bir o qədər azad olurlar. Bura öz əvvəlki fkrindən daşınmamaq, həqiqətin yalnız özünə məxsus olduğunu iddia etmək, dəyişən şərtlərə uyğun həqiqətin dialektikasına çalışmamaq aiddir. Azərbaycanda fikrini dəyişənlərə satqın, başqa xalqların təcrübəsinə istinad etməyə mənasızlıq kimi baxırlar. Kindi deyirdi ki, “həqiqət sizə yad tayfalardan gəlsə belə, onu qəbul etməyə hazır ol”. O cümlədən həqiqət rəqibin tərəfində olduqda, onunla razılaşmamaq insanı nəinki azad etmir, əksinə yalanın əsarətinə salı ki, zorakılıq məhz yalanla vəhdət təşkil etdiyindən, öz arxasınca zorakılığı tətikləyir.

 

Dinc-demokratik mübarizənin 7 qızıl prinsipi 

 

Qandinin təcrübəsi dünyada geniş əks-səda vermişdi. Amerikada, ÇAR-da aparteidə qarşı mübarizədə, eləcə də dini konservizmə qarşı mübarizədə Qandi qaydaları daha da təkmilləşdirilmişdir. Amerka sosioloqu Cin Şarp Qandizmi qloballaşan dünya şərtlərinə uyğunlaşdırmış və buradan da dinc-demokratik mübarizənin 6 prinsipini müəyyən etmişdir:

1. Zorakılığın bütün növlərindən imtina;

Bu prinsipə görə, dinc-demokratik mübarizə aparanlar nəinki əllərinə heç bir halda hər hansı silah almamalıdır, hətta düşüncələrində belə, hər hansı zorakılığa əsas verən mühakimələrə, ürəklərində belə istəklərinə yer verməməlidirlər.

2. Rəqibin zorakılıq etməyəcəyinə ümid etmə və arxayın olma;

Dinc-demokratik mübarizə aparanlar rəqibin zorakılıq etməyəcəyinə ümid etmədən mübarizə aparmalıdır və bu zaman hər cür zorakılığa məruz qalmaq üçün özünü psixoloji olaraq hazırlamalıdır.

3. Mübarizədə fasiləyə yol vermə; 

Azərbaycan müxalifətinin məğlubiyyətlərinin səbəblərindən biri də fasiləli mübarizə taktikasıdır. Halbuki dinc-demokratik mübarizədə uğur yalnız onda alına bilər ki, rəqib bütün gücü ilə ayaqda olsun və müqavimət göstərməkdən yorulsun. İran şahı taxtdan məhz fasiləsiz dinc-aksiyalara görə imtina etdi. Fasiləli mübarizə rejimin aqressivliyinə, möhkəmlənməsinə xidmət edir. Bu zaman müxtəlif bəhanələr gətirməyin heç bir mənası yoxdur. Buna görə biz fasiləli mitinqlərin əleyhinəyik.

4. Müxtəlifliyi – rəngarəngliyi təmin et;

Bu prinsip müxalifətin daha geniş, yelpazadə birləşməsini tələb edir. Azərbaycanda ən müxtəlif ittihamlarla birlikdən qaçış dinc yolla uğur qazanmağa imkan vermir. Qüvvələrin müxtəlifliyində qələbə onunla bağlıdır ki, iqtidar müxalifəti təkləyib məhv edə bilmir. Müxtəliflik həm də dabanın genişlənməsinə, ən müxtəlif marağı olanları hakimiyyət dəyişilməsində mübarizəyə səfərbər etməyə xidmət edir.

5. Kifayət qədər maliyyə resurslarına malik olmaq;

Dinc-demokratik mübarizə daha böyük kütlələri mübarizəyə cəlb etməyi, mübarizəni ardıcıl və sürəkli davam etdirməyi və repressiyalara dözməyi tələb etdiyindən, nəhəng maliyyə vəsaiti tələb edir. Belə bir maliyyə vəsaiti olmadığından, müxalifətin məğlubiyyətinin əsas obyektiv səbəblərindən biri budur. Hətta Almaniya kimi demokrtik bir ölkədə Koll kimi böyük bir siyasətci, hakimiyyətdə olmasına baxmayaraq, öz partiya büdcəsinə qeyri-qanuni yolla maliyyə vəsaiti axıtmağa məcbur olmuş və buna görə cəzalanmışdır. “Kim pul verir, o da musiqini sifariş edir” məsələni “kimin pulu var, o da istədiyi musiqiyə qulaq asa bilir” kimi ifadə etmək olar.

6. Beynəlxaq səviyyədə dəstək;

C.Şarpa görə, izolə olunmuş heç bir cəmiyyətdə dinc-demokratik mübarizə ilə hakimiyyəti dəyişmək olmaz. Çünki dinc müxalifəti iqtidarın qeyri-qanuni zorakılığından yalnız beynəlxalq ictimaiyyət sığortalaya bilər. Digər tərəfdən, qlobal dünyada hər hansı bir ölkədə iqtidarlar öz gücləri ilə hakimiyyətdə qalmır, bir qayda olaraq özlərinə beynəlxalq havadarlar taparaq, hakimiyyətdə möhkəmlənirlər. Bəşər Əsədin hələ də hakimiyyətdə qalması bunun dəlilidir. Əgər iqtidarlar üçün bu qədər resurslara baxmayaraq, beynəlxalq güclərin dəstəyi vacibdirsə, onda aydın olur ki, bu, müxalifət üçün ikiqat vacibdir. Yaxın tarximiz sübut edir ki, beynəlxalq dəstəyə malik Gürcüstan, Ukrayna, Pribaltika və Moldova müxalifəti belə dəstəkdən məhrum olan Azərbaycan müxalifətindən daha ciddi uğurlar əldə etmişdir. Beynəlxalq dəstəyin olmaması da Azərbaycan müxalifətinin siyasi davranışları ilə bağlıdır. Belə ki, məşhur deyimdə olduğu kimi, inkişaf “qatırı çıxarıb, yerinə at gətirəndə olur, eşşək gətirəndə yox”.

Beynəlxalq ictimaiyyət kifayət qədər təşkilatlanmış, birləşmiş, siyasi cəhətdən hazırlıqlı, demokratik oyun qaydalarını mənimsmiş və xalq tərəfindən geniş dəstəyi olan müxalifəti siyasi səhnədə görməyincə, ona heç bir dəstək verməz və vermir də.

C. Şarp sonda belə nəticəyə gəlib: dinc-demokratik mübarizə qarşısında hakimiyyətlər üç gün, ən güclü hakimiyyətlər maksimum 7 gün davam gətirə bilir. Anti-demokratik güclərin hakimiyyətdən könüllü imtinalarının səbəbi isə hələ də sosioloqlara məlum deyil.

Qaydalara əməl etmədikdə, 3 gün 3 il, 30 il, 300 ilə çevrilir. Azərbaycan müxalifəti də məhz buna görə 30 ildir heç bir uğur qazanmayıb və belə davam etsə, 300 il keçsə də, uğur qazana bilməyəcək.

Buradan da yekun nəticə alınır: Azərbaycanda müxalifətin məğlubiyyətinin yeganə səbəbi seçdiyi mübarizə üsulunun qaydalarına əməl etməməsidir!