XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 17:45

Ərdoğan Rusiya mətbuatında ABŞ-ı “vurdu”:"ABŞ QUZUNU QURDA TAPŞIRIB"

Rəcəb Tayib Ərdoğan, Türkiyə prezidenti

“Kommersant” (Rusiya), 16.01.2019

 

Suriyada 2011-ci ildən davam edən və yüz minlərlə adamın həyatını aparan vətəndaş savaşı Birləşmiş Ştatların öz qoşunlarını bu ölkədən çıxarmaq qərarı ilə yeni mərhələyə girir.

Mən dekabrda ABŞ prezidenti cənab Donald Trampla danışıqlar aparmış və ona məlumat vermişəm ki, Türkiyə bu yeni prosesdə Yaxın Şərqdə barış və sabitliyin bərpası üçün gərəkli addımlar atmaqda tam qətiyyətlidir. Buna görə də Rusiya Federasiyası ilə Astana prosesində birgə başladığımız işbirliyini sürdürmək istərdik.

ABŞ-ın Suriyadan gedişi düzgün yöndə addımdır, çünki Suriya böhranı yalnız Suriyanın yaralarının sağalması fayda, dərinləşməsi isə ziyan gətirəcək ölkələr tərəfindən çözülə bilər.

Türkiyə bu mənada qonşu ölkənin ərazi bütövlüyünü qoruyacaq, bütün Suriya cəmiyyətinin siyasi təmsilçiliyini və öz torpaqlarından zorla qovulan adamların öz ölkələrinə qayıdışını təmin edəcək siyasi tənzimlənməyə tərəfdardır.

Türkiyə və Rusiya Federasiyası bu hədəflərə yetmək üçün işbirliyini və fəaliyyətlərinin əlaqələndirilməsini sürdürməlidir. Doğrudan da, İdlib üzrə ötən il müzakirə etdiyimiz anlaşma bizim işbirliyimizin həm ölkələrimizin, həm də Suriya xalqının maraqlarını qorumaq üçün böyük önəmi olduğunun parlaq sübutudur.

Bir yandan, biz son həftələrdə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bəzi strukturların Suriya böhranının dayanmasına şərait yaratmalı olan qoşunların çıxarılması haqda qərarın alınmasına necə mane olmağa çalışdığının şahidi olduq.

Türkiyənin mövqeyindən bu prosesin çıxış nöqtəsi cənab Trampla danışıqlarımın gedişində əldə edilmiş anlaşmadır. Bununla yanaşı, görürük ki, Tramp administrasiyasına basqı göstərmək qəsdi ilə “Türkiyə kürdləri məhv edəcək”, yaxud “Kürd müttəfiqlərimizi atmayacağıq!” kimi tam bir silsilə ifadələr yayılır.

Mən birinci növbədə diqqəti buna yönəltmək istərdim ki, Türkiyə Cümhuriyyətinin Suriya kürdləri ilə, ya da qonşumuzun torpaqlarında yaşayan hər hansı qruplarla heç bir problemi yoxdur. Amerikadan yayılan əsassız iddialar gerçəkliyi deyil, bir sıra mənfəətçi qrupların baxış nöqtəsini ifadə edir.

O biri yandan, biz həmişə açıq demişik və deməkdəyik ki, həm bizim ölkəmizin milli təhlükəsizliyinə, həm də Suriyanın ərazi bütövlüyünə təhdid təşkil edən hər hansı ünsürlərin varlığına yol verməyəcəyik. Birləşmiş Ştatlar PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG-yə son illərdə silahlanma və təlim növündə dəstək verib. Strateji və əxlaqi baxımdan bu yanlış addımlar İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə atılıb. ABŞ-ın bu səhvi İŞİD-in basqısı altında yaşayan suriyalıların başqa terror təşkilatının nəzarətinə düşməsinə səbəb olub. Başqa sözlə, ABŞ quzunu qurda tapşırıb.

Üstəlik, yürüdülən siyasətin yanlış olması üzündən PKK-nın PYD ilə bağlarını etiraf edən ilk rəsmi veb-saytlar senzuraya məruz qalıb, sonradan isə “Suriya Demokratik Qüvvələri” adlı yeni uydurma struktur qurulub.

Bu “yol xəritəsi”ni yaradan qruplar bu gün PYD və YPG haqda həqiqəti beynəlxalq birlikdən gizlətməkdədir. Hər şeydən qabaq vurğulamaq gərəkdir ki, PKK-nın Suriya qanadı terrorizmlə çarpışma məsələlərində heç zaman düzgün olmayıb. Əksinə, onlar ABŞ-ın bəzi rəsmilərini inandıraraq İŞİD-lə mübarizə bəhanəsi altında Suriyanın şimalında terrorçu dövlət qurmağa cəhd ediblər. Biz bu layihəyə “Zeytun budağı” əməliyyatı keçirməklə və bu qruplaşmanı Afrindən təmizləməklə cavab verdik. Biz qonşumuzun ərazi bütövlüyünün saxlanması üçün dostlarımız və müttəfiqlərimizlə birgə ən yaxın gələcəkdə gərəkli addımlar atacağıq.

Bu gün Amerikada bəzi qruplar bu fakta məhəl qoymur ki, bu qruplaşma Suriya kürdlərini təmsil etmir, əksinə, kürd mənşəli Suriya vətəndaşlarına xeyli pislik edib. Doğrudan da, bu qruplaşmanın basqısından qaçmış on minlərlə Suriya kürdünün Türkiyədə uzun illər yaşadığı yuxarıda ifadə edilənlərin ən aşkar sübutudur. Buna görə də son həftələrdə yayılmış ittihamların gerçəkliklə ümumi heç nəyi yoxdur.

Bundan savayı, fəaliyyəti, budur, artıq 30 ildən çox vətəndaşlarımıza qarşı yönələn terrorçu qrupla necə davranmaq haqda bir kimsədən nəsə soruşmağa, ya da terrorizmlə mübarizəyə icazə istəməyə hazırlaşımırıq. Bunun üçün uyğun vaxt meydana çıxanda Suriya torpağından ölkəmizi təhdid edən terrorçuları təqib etmək hüququnu özümüzdə saxlayırıq.

Nəhayət, biz istəmirik ki, Astana prosesi çərçivəsində Rusiya Federasiyası ilə birgə əldə etdiyimiz uğurların və siyasi həllə doğru yolda qazanılan tərəqqinin dəyərsizləşdirilməsi baş versin.

Biz Suriyanın bərpası, bu ölkədə təhlükəsizlik və sabitliyin təminatı üzərində birgə işləməliyik. Bu terrorizmə son qoymaq, terrorçu təşkilatların, birinci növbədə İŞİD-in bir də güclənməsini önləmək və bu qayda ilə Suriyanı xarici müdaxilədən qorumağın yeganə yoludur.

Türkiyə Suriyaya münasibətdə açıq mövqe tutur. Güney sərhədimizdə sabitsizliyin aradan qaldırılması yalnız dostlarımız və müttəfiqlərimizlə işbirliyi və birgə fəaliyyət zamanı mümkündür. Biz bu kontekstdə həm İŞİD-lə, həm də PKK terror təşkilatının Suriya qanadı ilə qəti mübarizə aparmalıyıq. Bölgəmizdə var olan problemlər, həyatı yalnız bu bölgənin taleyindən asılı olan xalqlar tərəfindən həmişəlik həll oluna bilər. Qəzet başlıqlarının və sosial şəbəkələrdəki kampaniyaların siyasəti müəyyən etdiyi vaxtlar arxada qalıb.

Türkiyə Suriyada vətəndaş savaşı başlanandan bölgədə humanitar böhran və qarışıqlığın öhdəsindən gəlməkdən ötrü fəaliyyətə hazırlaşdığını elan edən yeganə ölkədir. Biz eynilə öz sözünün üstündə duran yeganə ölkə olduq. Türkiyə böhranın ta başından humanitar yardım göstərib və vurğulayıb ki, bu məsələnin ancaq siyasi həlli ola bilər. Biz bununla bağlı dostlarımız və müttəfiqlərimizlə işbirliyinə hazırıq. Bu işbirliyi terrorzimlə mübarizəyə yardım edər, sabitlik və barışı təmin edər.

Tərcümə Strateq.az-ındır