XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2019 - 17:01

MİLLİ ŞURA BAKIDA MİTİNQ KEÇİRDİ –FOTOLAR

Bu gün – yanvarın 19-u Bakıda Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirir. Aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki,  bununla bağlı şəhər rəhbərliyinin təşkilatçılara göndərdiyi cavabda onlardan «Sərbəst toplaşma azadlığı haqqında» Qanuna uyğun olaraq milli, irqi və dini ədavətin təbliğinə, təhqiredici ifadələrin işlənməsinə yol verilməməsinə nəzarət etmələri istənilib.

“Tələblərimiz Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, büdcədən talanıb ofşor hesablara daşınmış pulların xalqa qaytarılmasıdır”, – bunu isə Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna bildirib.

Aksiyanı Müsavat Partiyasının rəhbərliyi və bir sıra başqa müxalif qüvvələr də dəstəklədiyini açıqlayıb.

***

Aksiya saat 15.00-dan etibarən, Yasamal rayonundakı “Məhsul” stadionunda başlayıb.

Demokratik Qüvvələrin Milli Şurasının təşkil etdiyi mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat, ReAl partiyalarının fəalları, eləcə də ReAl sədri İlqar Məmmədov, AXCP lideri Əli Kərimli, Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu iştirak edirlər.

***

REAL partiyasının sədri İlqar Məmmədov mitinqdə iştirak edib çıxış edəcəyini elan etsə də, dünən və bu gün İcra və Probasiya Şöbəsinə çağırılaraq xəbərdarlıq olunub. “Bu gün saat 12:00-da REAL sədri İlqar Məmmədovla birgə Probasiya Xidmətinə gəldik. Bir saatdan çoxdur ki, İlqar idarədədir, hələ ki, heç bir xəbər ala bilməmişik. REAL-ın İdarə Heyəti və Məclis üzvləri də burdadır, İlqarı gözləyirik. Ümid edirəm ki, növbəti səhv addım atmazlar…”, – mitinqin başlanmasına təxminən 2 saat qalmış Real partiyası Məclisinin sədri Natiq Cəfərli “Facebook”da yazıb.

Lakin buna baxmayaraq, İlqar Məmmədov mitinqə qatılıb və çıxış edib. O, çıxışında deyib ki, əgər Azərbaycanda əsl cümhuriyyət olsaydı, bu gün insanlar burda toplaşmazdı. Onun sözlərinə görə, insanlar bundan da gözəl məkanlarda toplaşaraq, Azəbaycandakı demokariya ilə fəxr edərdi:“Əgər Azərbaycanda əsl cümhuriyyət olsaydı, Milli Məclisdə Azərbaycanın tarixi problemləri, ciddi problemləri müzakirə edilərdi. Ayların adını dəyişməklə məşğul olmazdılar. Azərbaycan son illərdə, geosiyasi rəqabətdə öz qonşularına uduzmağa başlayıb. Gürcüstandan geridəyik. Artıq Ermənistandan geridəyik. Niyə görə geriləməyə başlamışıq? Altı il əvvəl mən həbsə atılanda Azərbaycan rəhbərliyi qeyd edirdi ki, Azərbaycan Cənubi Qafqazın iqtisadiyyat baxımdan 75 faizidir. Hanı o 75 faiz? Azərbaycan iqtisadiyyatı artıq çöküşə gedir. Əgər neftə bağlılıq davam edəcəksə, bu çöküşdən çıxa bilməyəcəyik”.

Ondan əvvəl isə keçmiş Daxili işlər naziri İsgəndər Həmidov çıxış edib.

AXCP sədri Əli Kərimli isə ənənvi qaydada hakimiyyəti sərt tənqid edib.

***

“BBC Azərbaycanca”nın məlumatına görə, bütün stadion etirazçılarla doludur.

“Ancaq mitinq başlamamışdan bir saat əvvəldən internet yoxdur”, – deyə “BBC Azərbaycanca”nın müxbiri Cəmilə İbrahimova bildirib.

***

Bakıda Məhsul stadionunda müxalifətin mitinqi başa çatıb.

“BBC News Azərbaycanca”nın məlumatına görə, mitinqin əsas tələbi bloqçu Mehman Hüseynov və “siyasi məhbusların” azadlığa buraxılması olub.

Mitinqdə “Mehman Hüseynova azadlıq”, “Azərbaycan xalqına azadlıq”, “İstefa”, “Siyasi məhbuslara azadlıq” kimi şüarlar səsləndirilib.

***

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdiyi razılaşdırılmış mitinqlə bağlı açıqlama yayıb.

İdarənin məlumatına görə,  bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: “Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.