XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2019 - 14:06

Ermənistan İctimai Televiziyası azərbaycanlılarla dostluğun bərpasını müzakirə edib –“Bir-birimizə qonaq gedirdik”

Bu günlərdə Ermənistanın İctimai Televiziyasının xəbərlər buraxılışında “Keçmişin dostluğu və bu günün düşmənçiliyi” adlı reportaj təqdim olunub.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, reportajda Dağlıq Qarabağ münaqişəsindən öncə ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamalarından söz açılıb, gələcəkdə bu dostluğun bərpaolunma imkanları müzakirə olunub. Bu haqda Ermənistanın “Aysor” vebsaytı yazır.

Reportajda Ermənistanın Tavuş vilayətinin Aygepar sərhəd kəndinin sakinləri sovet vaxtı Azərbaycanın qonşu Əlibəyli kəndinə qonaq gedib-gəldiklərini yada salırlar. Gürcü-osetin münaqişəsi ilə müqayisə aparılaraq qeyd olunub ki, ermənilərlə azərbaycanlılardan fərqli olaraq bu iki xalq əvvəlki dostluğu bərpa edə, bu gün yanaşı yaşaya bilirlər. Amma reportaj müəllifi onu da qeyd edib ki, Gürcüstan, Osetiya və Abxaziyanın ərazi münaqişəsində durum tamamilə fərqlidir. “Reportajdan belə çıxır ki, Qarabağ münaqişəsi də əraziylə bağlıdır, baxmayaraq ki, Ermənistan tərəfi dəfələrlə diplomatik və siyasi səviyyədə elan edib ki, Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi deyil, Qarabağ xalqının öz müqəddəratını təyinetmə, insan haqları və təhlükəsizlik məsələsidir”, – məqalədə deyilir.

Yazıda qeyd edilir ki, görünür, Ermənistanın İctimai Televiziyası bu reportajla yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin “xalqları sülhə hazırlamaq”la bağlı əldə etdiyi razılaşmanı gerçəkləşdirməyə başlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-cı ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Münaqişənin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir. Yanvarın 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş Parisdə baş tutub. Bu görüş 2019-cu ildə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində tərəflərin ilk təmasıdır. Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.