XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2019 - 09:07

REAL partiyası geri çəkildi:"Biz mitinqdə iştirak etməyəcəyik..."

REAL partiyası mövcud ictimai-siyasi vəziyyətdə atılacaq növbəti addımlar, o cümlədən 26 yanvar tarixində keçiriləcək mitinqində iştirak etməməklə bağlı qərarını açıqlayıb.

Strateq.az xəbər verir ki, partiyanın icra katibi Natiq Cəfərli bu barədə qərarlarını Amerikanın Səsinə izah edib.

Natiq Cəfərlinin sözlərinə görə, Mehman Hüseynova qarşı qaldırılmış yeni cinayət işinə xitam verilməsi cəmiyyət üçün kiçik bir qələbədir və bu qələbə insanlarda ciddi ruh yüksəkliyi yaradıb: “Mehman Hüseynovla bağlı dekabrın sonlarından başlanan bir proses oldu. Onu şərləyərək həbs müddətini uzatmaq istəyirdilər. Buna qarşı həm özünün dirənişi, həm cəmiyyətin müxtəlif kəsimlərindən gələn reaksiyalar, beynəlxalq təpkilərin güclənməsi, xarici medialarda çıxan yazılar, Avropa Parlamentinin qəbul etdiyi qətnamə və sonda son illərin ən çoxsaylı mitinqi olan 19 yanvar mitinqi hakimiyyəti Mehman Hüseynovla bağlı məsələdə geriyə və ya irəli addım atmağa vadar etdi. Biz düşünürük ki, bu kiçik bir qələbədir və bu qələbə insanlarda ciddi ruh yüksəkliyi yaradıb. Böyük qələbəyə gedən yol belə kiçik addımlarla olmalıdır. İndiki zamanda növbəti səhv addım yaranmış yeni pozitiv dalğanın növbəti dəfə söndürülməsinə xidmət etmiş olar. Əgər növbəti dəfə ciddi represiyya dalğası başlayacaqsa və buna rəvac veriləcəksə Azərbaycanda bir müddət yenə susqunluq dövrü yaşana bilər.”

REAL-ın icra katibi əlavə edib ki, növbəti mitinqdə iştirak edərək mövqelərinin təkrarlanmasına ehtiyac görməsələr də, sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrdən istifadə edəcəklər:

“Mehman Hüseynovun işi ilə də bağlı çeşidli vasitələrlə, özümüzün şəxsi əlaqələri, REAL partiyasının əlaqələri ilə kifayət qədər geniş beynəlxalq kampaniya apardıq. Bundan başqa siyasi məhbusların hamısı ilə bağlı buna bənzər kampaniyaların aparılmasında israrlı işimizi davam etdirəcəyik. 

Biz elə bu gün qəbul etdiyimiz sənəddə də vurğulamışıq ki, hökümət üçün də siyasi məhbus probleminə birdəfəlik son qoymaq üçün bir fürsət yaranıb. Sonuncu dəfə 2016-cı ildə əfv fərmanı oldu və onlarla siyasi məhbus azadlığa çıxdı. İndi də belə bir situasiya yaranıb. Biz də höküməti düşünməyi dəvət edirik ki, mart ayında bu məsələyə birdəfəlik son qoyulsun. Azərbaycanda siyasi məhbus olmamalıdır.

Siyasi məhbus mövzusu ilə bağlı bizim mövqeyimiz dəyişməyib ki, hər dəfə eyni şeyləri təkrar edək. 19-unda nə deylibsə, 26-sı mitinqinə də aiddir, 30-u olsa ona da aiddir, fevralda olacaqsa fevrala da aiddir. Eyni mövqedə qalmışıq, eyni mövqedən çıxış edirik. 

Əgər 26-sındakı mitinqə icazə veriləcəksə, REAL partiyasının üzvləri fərd olaraq iştirak etməkdə sərbəstdirlər, amma partiya olaraq biz iştirak etməyəcəyik. 19-unda olunan çıxış bütün mitinqlərdəki siyasi məhbus mövzusu ilə bağlı keçərlidir. Eyni fikirləri dəfələrlə təkrar eləməyə lüzum yoxdur.”