“İranın başqa bir ölkəylə əlaqələrinin olması Azərbaycana qarşı deyil. Heç müqayisə etməyə də dəyməz”.
Strateq.az bildirir ki, bu sözləri İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə İlkxeber.org saytına verdiyi müshaibədə Tehranla Yerevan arasında münasibətləri şərh edərkən deyib.
Səfirin sözlərinə görə, reallıq budur ki, İran coğrafi baxımdan Azərbaycan və Ermənistanla qonşudur: “Bunu danmaq olmaz. İran İraq, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistanla da qonşudur. Digər tərəfdən, kimlər ki, bu mövzuda danışmağı xoşlayır, gərək əvvəlcə İran-Azərbaycan əlaqələrini və İran-Ermənistan əlaqələrini müqayisə etsinlər, gediş-gəlişlərə diqqət ayırsınlar. Biz Azərbaycanı özümüzə qonşu deyil, qohum bilirik, qardaş görürük, dost ölkə hesab edirik”.
Səfir Cahangirzadə qeyd edib ki, İran Qarabağ münaqişəsinin həllində də əlindən gələni etməyə hazırdır. İran istəyir ki, bütün regionda sülh olsun:
“Siz elə bir istiqamət, sahə göstərin ki, orada Azərbaycanla İranın əməkdaşlığı yoxdur. Bütün bunlar İran-Azərbaycan əlaqələrinin inkişafının göstəricisidir. Azərbaycan-İran əlaqələrinə kolgə salmaq, paralellər aparmaq doğru deyil. Münasibətlərimizdə istilik nə qədər çoxalsa, baxışlarda da müsbət dəyişikliklər çoxalacaq. Mən burada ziyalılarla tez-tez görüşürəm, onlar İran-Azərbaycan əlaqələrindən çox razılıq edirlər”.
“Hazırda iki ölkə arasındakı münasibətlərdə gərginlik yaradacaq daxili və xarici faktorlar hansılardır?” sualının cavablandıran səfirin cavabı birmənalı olmayıb: “Bu gərginliyi xarici ölkərin əliylə yaratmaq istəyən qüvvələrin olduğunu istisna etmirəm. Amma çalışırıq ki, onların təxribatlarına inanmayaq, belə təxribatların qarşısını vaxtında alaq. Biz aramızda gərginliklərin olduğu barədə yalan xəbərləri sadalamaqdan şad olmuruq. Bunun əvəzində yaxşı olardı ki, başqa sahələrdəki dostluğumuzu, məhəbbətimizi önə çəkək, onlardan danışaq. Niyə mənfi şeylərdən danışaq ki…”
Səfir İran KİV-lərində rast gəlinən Azərbaycana qarşı tarixi ittihamlar irəli sürən məqalələrə fikir verməməyə çağırıb. Qeyd edək ki, rəsmi dövlət orqanı sayılan “İran” qəzetinin bu yaxınlarda dərc etdirdiyi məqalə mübahisələrə səbəb olub. Müəllif həmin yazısında Qafqazı, yəni Azərbaycan və Gürcüstanı, habelə Ermənistanı Rusiya tərəfindən işğal və ilhaq edildiyini bildirərərk ərazilərin geriyə -İrana qaytarılamasını istəyib.
Səfir bu yazıları “boşboğazlıq” adlandırıb: “Bunlara sizlərdə deyərlər, boş-boş sözlər. Siyasətdə boş-boş sözlərə çox baxmasınlar. İndi nə tarixi, nə də coğrafiyanı əvəzləmək olar, heç lazım da deyil. Biz Azərbaycan ölkəsinə, xalqına sonsuz ehtiramla yanaşırıq. Azərbaycanın ərazi bütövlüyünü ardıcıl və çox qətiyyətlə dəstəkləyirik. Bu fikirlərin hansı ünvanlarda səslənməsindən asılı olmayaraq, həmin fikirlərə qarşı həmişə müxalifik. Biz Azərbaycanı özümüzə qardaş bilirik. Həmşə deyirik: ayrı ölkələr Azərbaycana qarşı dursalar da, biz Azərbaycanın qardaşıyıq. Bunlar boş-boş sözlərdir. Siyasətdə bu cür boş-boş sözlərə baxmazlar. İran dövlətinin siyasətini və Azərbaycan dövlətinin siyasətini həmin ölkələrin prezidentləri müəyyən edir”.