XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 18:20

Mobil operatorlardan müxalifətin ittihamlarına cavab:"Nömrələr yalnız qanunvericiliyin tələbi əsasında verilə bilər..."

Müxalif qüvvələrin yanvarın 19-da keçirilən mitinqinə qatılanların bir çoxuna icra qurumlarından, bələdiyyələrdən və polisdən zəng gəlib. Buna görə sosial şəbəkələrdə mobil operatorları qınayanlar, suçlayanlar oldu. Hətta onların xidmətindən istifadəni minimuma endirməyə çağırış edənlər də tapıldı.

Strateq.az xəbər verir ki, “Azadlıq” radiosu ölkədəki üç mobil operatora sorğu göndərib və yaranmış duruma aydınlıq gətirmək istəyib.

Hər üç mobil operator təxminən eyni cavabı göndəriblər. Onları olduğu kimi təqdim edirik:

«Azerfon» şirkətinin cavabı belədir: «Azerfon» şirkəti («Nar» ticarət nişanı) bütün abunəçilərinə aid məlumatların məxfiliyini qanunvericiliyin tələblərinə uyğun olaraq qoruyur. Abunəçilərin informasiya təhlükəsizliyinin, şəxsi məlumatların, hüquqlarının qorunması, məxfiliyinin təmin edilməsi «Nar» üçün prioritet məsələdir. «Nar» istifadəçiyə məxsus informasiyaları yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda rəsmi sorğu əsasında hüquq-mühafizə orqanlarına, məhkəmələrə və digər dövlət qurumlarına təqdim edə bilər».

«Bakcell»in yazılı cavabında oxuyuruq: «…ölkənin bütün telekommunikasiya operatorları abunəçilərə aid məlumatların məxfiliyini qanunvericiliyə uyğun olaraq qorumağa borcludurlar. Müştərilərə aid məlumatların məxfiliyinin və müştəri hüquqlarının qorunması «Bakcell» şirkətinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Abunəçi haqda məlumatlar hüquq-mühafizə orqanlarına, məhkəmələrə və digər dövlət qurumlarına ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qanunvericiliyin tələblərinə cavab verən sorğu əsasında verilə bilər».

Və nəhayət, «Azercell» cavab verir: «…şirkətimizdə mövcud qaydalara əsasən, elektron məlumat bazalarında abunəçilərə dair məlumatlar, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, məxfi hesab olunduğuna görə 3-cü şəxslərə təqdim edilmir».