XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 00:48

Deputat Asim Mollazadə:"Region ölkələri İranla bağlı Vaşinqtona dəstək verə bilməz"

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Teleqraf.com-a müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– ABŞ-ın Suriyadan çıxacağını elan etməsindən sonra bu ölkədə durum kəskinləşib. Suriyada Rusiya və İrana bağlı qüvvələr arasında silahlı qarşıdurma qeydə alınıb, İdlibdə olan “Heyəti Təhrir Şam ” qrupu Lazkiyəyə hücuma hazırlaşır, rus əsgərlər Menbiçə daxil olub. Sizcə, indi Suriya prosesi hansı mərhələni yaşayır?

– Əslində ABŞ-ın son qərarından sonra Suriyada yarana biləcək boşluğu hansısa qüvvələr doldurmaq üçün səylər göstərir. Demək olar ki, Suriyada İran və Rusiya tərəfindən dəstəklənən silahlı qruplar arasında qarşıdurma baş verib, itkilər olub. Bu, özü göstərir ki, Suriyada vəziyyət sabit deyil, bir neçə ölkə bu prosesə müdaxilə edir.

Bu vəziyyətdə Türkiyənin əsas məqsədi Suriya ərazilərində aktiv olan terror təşkilatlarını sıradan çıxarmaq, zərərsizləşdirmək və təhlükəsizlik zonası yaratmaqdır. Hesab edirəm ki, Suriyada vəziyyət indi müşahidə etdiyimiz kəskin formada davam edəcək. Faktiki Dəməşq hakimiyyəti ölkəyə nəzarəti həyata keçirə bilmir. Düşünürəm ki, ABŞ Suriyadan tam çıxdıqdan sonra vəziyyət daha da gərginləşəcək və qarşıdurmalar artacaq.

– Demək istəyirsiniz ki, Suriya böhranının siyasi həll prosesi uzanacaq?

– Nəzərə almalıyıq ki, bu dövr yeni başlanıb, indi həll mexanizmi olmadığından mövcud vəziyyət davam edəcək.

– Suriyada İran və Rusiyaya bağlı qüvvələrin bir-birinə zərbələr endirməsi nəyin göstəricisidir?

– Hesab etmirəm ki, onlar vuruşurlar, sadəcə olaraq bir-birinə güc nümayiş etdirirlər. Bir-birinə anlatmaq istəyirlər ki, bu ərazilərdə kim daha güclüdür.

– İndi Suriyada əsas söz sahibi olan dövlət və ya güc mərkəzi hansıdır?

– Heç kəs. Suriyada təmsil olunan dövlətlərin hər biri öz oyununu oynayır. Bu oyunlarda əsas qurbanlar da günahsız suriyalılar, dinc əhalidir. Onlar fərqli etnik və dini dəstələrin müharibəsinin qurbanları olub.

– Artıq iki aydan çoxdur ki, ABŞ İrana qarşı siyasi və iqtisadi xarakterli sanksiyalar tətbiq edir. Siz, indi İranın durumunu necə xarakterizə edirsiniz?

– Mən düşünmürəm ki, bu sanksiyalardan sonra İrana qarşı güc amilindən istifadə edilsin. Sadəcə olaraq, İran daxilində ciddi narazılıq var. Buna səbəbə də odur ki, zamanında İrana qarşı sanksiyalar aradan qaldırıldı, İran Barak Obamadan milyardlarla dollarını ala bildi. Lakin bu vəsaitlər ölkənin iqtisadi və sosial problemlərini həll etmədi. Əksinə, bu pullar yeni müharibələrə və ya münaqişələrə sırf olundu. Nəticədə İranda sosial durumu daha da pisləşdi. İrandakı vəziyyəti fikrimcə, ancaq İran xalqı həll edə bilər. Burada da ən əsas məsələ sosial iqtisadi problemlərdir.

– Siz, hesab edirsiniz ki, İrana qarşı bu sanksiya və təhdidlərlə nəsə əldə etmək olar?

– Mən düşünmürəm ki, hansısa kəskin bir dəyişikliklər ola bilər.

– ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan, Gürcüstan və Ermənistan liderləri ilə telefon müzakirələrinin şahidi olduq. Sizcə, ABŞ-ın Cənubi Qafqaz regionuna marağının artması nə ilə bağlıdır?

– ABŞ bizim bölgədə sabitliyin və konfliktlərin həllində maraqlıdır. Çünki bu bölgənin böyük əhəmiyyəti var. Birincisi, Azərbaycanın yaratdığı enerji dəhlizidir ki, dünyaya, ABŞ-ın əsas müttəfiqlərinə neft və qaz bu dəhliz vasitəsilə gedir.

İkincisi, həm Azərbaycan, həm də Gürcüstan ABŞ-ın anti-terror koalisiyasının fəal üzvləridir. Və ABŞ-la birlikdə terrorla mübarizə aparırlar. Yəni təhlükəsizlik sahəsində bizim geniş əməkdaşlığımız var. Onun üçün son hadisə bölgədə sabitliyi qorumaq, münaqişələrin kiminsə tərəfindən aktivləşdirilməsinin qarşısını almaqda ABŞ-ın maraqlı olması mesajıdır.

– Con Bolton İran məsələsini bu dövlətlərlə müzakirə edə bilərdimi?

– Bu məsələnin müzakirə olunması prinsipcə mümkündür, amma region ölkələri bu istiqamətdə Vaşinqtona dəstək göstərə bilməz. Ermənistan İranın əsas müttəfiqlərindən biridir. Azərbaycan və Gürcüstan sabitlikdə maraqlı olan dövlətlər kimi bu proseslərə qoşulmur. ABŞ, əslində, İran məsələsini əsas hərbi müttəfiqləri ilə müzakirə edir.

– Nəzəri baxımdan Con Bolton Cənubi Qafqaz ölkələrini İrana qarşı sanksiyalara qoşulmağa dəvət edə bilərmi?

– ABŞ sanksiyalar mövzusunu əsasən, İranla əməkdaşlıq edən əsas iqtisadi tərəfdaşlarla müzakirə edir. Nə Azərbaycan, nə də Gürcüstanın İranla iqtisadi münasibətlərində böyük həcm yoxdur. Burada əsasən, Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edilə bilər. Çünki İran Ermənistanın ən ciddi iqtisadi tərəfdaşıdır. İqtisadi baxımdan İran Ermənistana Rusiyadan daha ciddi dəstək verir.

– Con Bolton Azərbaycan prezidenti ilə telefon danışığı zamanı Dağlıq Qarabağ məsələsini də müzakirə edib. Sizcə, bu konfliktlə bağlı ABŞ-ın yeni hökumətinin oturuşmuş mövqeyi varmı?

– Mənə elə gəlir ki, Minsk Qrupunun həmsədrləri verdikləri bəyanatda müsbət nəticələr gözlədiklərini ifadə ediblər. Ancaq bu münaqişənin həlli üçün irəliyə addımı Ermənistan tərəfi atmalıdır. Çünki Azərbaycan sülhə hazırdır və bunu ifadə edib. Ermənistanın indiki rəhbərliyi bu istiqamətdə ciddi addımlar atarsa, onlar Ermənistanı xilas edə bilərlər. Əks təqdirdə, ərazi işğalına görə Ermənistan qarşıda daha ağır proseslərlə üzləşməli olacaq.