XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 14:18

Keçmiş dövlət müşaviri:"ABŞ-ın Qafqazda aktivləşməsi Moskvada həyəcan doğurur"

“Zənnimcə, Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə zəngi pozitiv xarakterli bir zəngdir. Bu zəng, o cümlədən Boltonun bundan öncə – yanvarın 23-də Ermənistanın baş naziri Nikol Paşinyana etdiyi zəng, ümumiyyətlə, son proseslər göstərir ki, ABŞ Dağlıq Qarabağ ətrafında danışıqlar prosesinə daha ciddi diqqət yetirməyə başlayıb”.

Strateq.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bu diqqətin ciddi nəzarət altında olduğunu desək, yanılmarıq:

“ABŞ mövcud status-kvonu dəyişdirmək barədə bir neçə dəfə fikir bildirib. Amma Vaşinqton budəfəki fikirlərində kifayət qədər qərarlı mövqe sərgiləməkdədir. Söhbət tərəfləri nəticəsi olan danışıqlara yönləndirmək cəhdindən gedir. Bu məsələdə ABŞ-ın mövqeyi Avropa İttifaqı tərəfindən də ciddi surətdə dəstəklənir. Prosesin özü danışıqlar prosesi ətrafında bir rəqabət mühiti formalaşdırır. Bu rəqabət mühitinin formalaşması ilk növbədə Rusiyanın da danışıqlar prosesinə bəzən imitasiya, bəzən isə real xarakterli müdaxilələrinin artması ilə müşayiət olunur. Yəni ABŞ-ın məsələni yerindən tərpətmək istiqamətindəki səyləri Kremldə də həyəcana səbəb olub. Onlar da yenidən həm politoloqlar, həm də siyasi elita səviyyəsində Dağlıq Qarabağ probleminə dair müəyyən nüansları açıqlamağa və ictimai rəyə yön verməyə başlayıblar.

Zənnimcə, burda da müəyyən pozitiv çalarlar yox deyil. Çünki belə nəticə hasil olur ki, artıq Cənubi Qafqazla bağlı yanaşmalarda həm böyük güclərin mövqeyində müəyyən dəyişikliklər müşahidə olunur, həm də başda BMT, ATƏT olmaqla bütövlükdə bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar da prosesə daha konstruktiv yanaşmağa başlayıblar”.

Q.Hüseynli hesab edir ki, bu, danışıqlar prosesinə əlavə gərəkli impulslar verir və nəticəsi proqnozlaşdırıla biləcək danışıqlar prosesinin yaranmasına gətirib çıxarır:

“Con Boltonun Azərbaycan Prezidentinə zəngini yüksək qiymətləndirmək lazımdır. Bu, həm ölkəmizin durmadan artan imicinə hörmətin ifadəsi, həm də ABŞ-ın strateji maraqlarında Cənubi Qafqaz mövzusunun əhəmiyyətli yer tutmasını göstərən amillərdən biridir. Düzdür, bu amil özünü əvvəllər də bir neçə dəfə göstərib. Amma bu dəfə özünü daha təsirli, daha əhəmiyyətli və daha ardıcıl formada göstərməkdədir ki, bu da Moskvanın da bu rəqabət mühitinə qoşulmasına gətirib çıxarır. Azərbaycan Prezidentinin bu ilin əvvəlində söylədiyi kimi, 2019-cu ildə danışıqlar prosesində müəyyən irəliləyişlərin olacağını proqnozlaşdırmaq olar. Bu nikbin fikirləri söyləyərkən Ermənistanda baş verən destruktiv bəyanatları və yanaşmaları hesabdan silmək lazım gəlmir. Hər halda belə güman etmək olar ki, Azərbaycan tərəfinin xarici siyasət xətti beynəlxalq ictimaiyyətdə lazımi rezonans doğura bilib”.