XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 21:32

VENESUELA MÜXALİFƏTİNİN LİDERİ AMERİKA QƏZETİNDƏ MƏQALƏ YAZDI:“Maduro öz postunda qalmaqla prezident hakimiyyətini qəsb edib”

Xuan Quaydo

“The New York Times” (ABŞ), 31.01.2019

 

Venesuelalılar qəddar diktator Markos Peres Ximenesin devrilməsindən 61 il sonra demokratiya gününü bayram etmək üçün yanvarın 23-də yenidən toplaşıblar.

Peres Ximenes 1953-cü ildə Müəssislər Məclisi tərəfindən fırıldaq yolu ilə seçilmişdi. Onun səlahiyyət müddəti 1958-ci ildə bitib. Amma o, azad və şəffaf prezident seçkiləri keçirmək əvəzinə öz  idarəçiliyi haqda məsələ üzrə ümumi rəy sorğusundan sonra 1957-nin sonunda qeyri-demokratik üsulla yenidən seçilib. Diktator kütləvi etirazlar və hərbi idarədəki ikitirəlik nəticəsində ölkədən qaçdı və Venesuela 1958-ci il yanvarın 23-də yenidən azadlıq əldə etdi.

Qarşımızda yenidən demokratiyanın bərpası və ölkənin dirçəldilməsi problemi dururbu dəfə humanitar böhran və Nikolas Maduronun prezident hakimiyyətini qanunsuz tutduğu şəraitdə. Ölkə kəskin dərman və ərzaq çatışmazlığı duyur, təməl infrastruktur və səhiyyə sistemi dağılıb, yarıac-yarıtox uşaqların sayı artır və indiyədək kökü kəsilmiş xəstəliklər yenidən peyda olur.

Ölkəmizdəki qətllərin sayı dünyada ən yüksəklərindən biridir və bu, hakimiyyətin etirazçılara münasibətdə amansız repressiyalarıyla ağırlaşır. Bu faciə Latın Amerikasının tarixində ən kütləvi mühacirətə səbəb olub və bu gün üç milyon venesuelalı xaricdə yaşayır.

Mən Venesueladakı durumu anlatmaq istərdim: cənab Maduronun 2018-ci il 20 mayda təkrar seçilməsi qanunsuz idi, beynəlxalq birliyin önəmli bölümü bunu etiraf edir. Onun ilk altıillik müddəti yanvarın 10-da bitib. Nikolas Maduro öz postunda qalmaqlaprezident hakimiyyətini qəsb edib.

Mənim müvəqqəti prezident kimi hakimiyyətə gəlişim Venesuela kontitusiyasının 223-cü maddəsinə söykənir – buna əsasən, dövlətin seçilmiş başçısının yeni müddəti olmayanda hakimiyyət səlahiyyətləri  yeni azad və şəffaf seçkilər keçirilən dövrədək Milli Assambleyanın sədrinə verilir. Buna görə də yanvarın 23-də içdiyim and “özünü prezident elan etmək” sayıla bilməz. Mən həmin gün prezident vəzifəsini öz təşəbbüsümlə deyil, Konstitusiyaya uyğun öz üzərimə götürmüşəm.

1998-də Uqo Çaves hakimiyyətə gələndə 15 yaşım var idi. O zaman Karib dənizinin sahilində yerləşən Varqas ştatında yaşayırdım. 1999-cu ildə şiddətli yağışlar güclü daşqın və sel törətdi, nəticədə minlərlə adam həlak oldu. Mən bir neçə dostumu itirdim və oxuduğum məktəbi sel axını basdı.

O vaxtdan şüurumda fikir dolaşır ki, mətinlik nə qədər önəmlidir. Babalarımın ikisi də silahlı güclərin sırasında qulluq edib və övladlarına zəhmətsevərlik aşılayıb və intizama alışdırıb – ailəm bunun sayəsində dağıdıcı sellərdən özünə gəlib. Mən anladım ki, öz ölkəm üçün ən yaxşı gələcək istəyirəmsə, qolumu çırmalamalı və həyatımı dövlət qulluğuna həsr etməliyəm.

Çavesin dönəmində ölkənin totalitarizmə yuvarlandığı bəlli olanda  nəticədə onun geniş səlahiyyətlər əldə edə biləcəyi 2007 referendumunda – tam məğlubiyyətə uğradığı referendumda həlledici rol oynamış tələbə hərəkatına qoşuldum. Mən yerli siyasətlə məşğul oldum və 2015-də Varqas ştatından Milli Assambleyanın deputatı seçildim. Ölkənin bütün siyasi güclərini təmsil edən venesuelalılar demokratiyanın bərpası üzrə işə qoşulduqarı bir vaxtda mənimlə tələbə hərəkatına qatılan bacı və qardaşlarımın həmin nəsli yanaşı duraraq mənimlə həmrəylik ifadə edir. Biz normal həyatı bərpa etməliyik ki, hamımızın arzuladığımız inkişaf etmiş, mütərəqqi və çiçəklənən ölkə quraq.

Amma qabaqca azadlığımızı özümüzə qaytarmalıyıq.

Latın Amerikası 200 il öncə müstəqilliyə nail olduğu andan azadlıq uğrunda çarpışma bizim genlərimizə qoyulub. Biz bu yüzillikdə təkcə demokratiyamızın varlığı deyil, həm ölkəmizin taleyinin təhlükədə olduğunu bilərək dəfələrlə küçələrə çıxmışıq.

Maduro rejimi dönəmində qanunauyğunluq yaranıb. O, basqı çoxalanda birinci növbədə təzyiq və təqib taktikasına əl atır. Mən bunu bilirəm, çünki hərbçilər 2017-də etiraz aksiyası iştirakçılarını atəşə tutanda mənim də bədənimdə güllələrin izi qalıb. Bu, bəzi həmvətənlərimin verdiyi qurbanlarla müqayisədə böyük bədəl deyil.

Maduronun idarəçiliyi illərində etiraz marşları zamanı 240-dan az olmayan venesuelalı qətlə yetirilib, bundan savayı, həbsxanalarda 600 siyasi dustaq əyləşir – o cümlədən mənim partiyamın qurucusu, beş ildir həbsdə olan Leopoldo Lopes də onların içindədir. Repressiya taktikası uğursuz çıxanda isə cənab Maduro və əlaltıları ikiiüzlücəsinə “dialoq”a başlamağı təklif edirlər. Amma biz artıq belə manipulyasiyalara uymuruq. Artıq onların cəbbəxanasında biclik və fırıldaq qalmayıb. Onlarda qalan  yeganə vasitə hakimiyyəti qəsb etmək idi.

Maduro rejiminin hakimiyyəti legitimliklə saxlaya bilməyəcəyi nəzərə alınmaqla cavabında üç yöndə hərəkət etməliyik.

Birincisi, demokratiyanın son qalası kimi Milli Assambleyanı dəstəkləmək gərəkdir;

İkincisi, beynəlxalq birlik, özəlliklə Lima Qrupu ölkələri, Amerika Dövlətləri Təşkilatı, Birləşmiş Ştatlar və Avropa Birliyinin  dəstəyini möhkəmləndirmək;

Üçüncüsü, xalqın öz müqəddəratını təyin etmək hüququ olması zəminində ona müraciət etmək.

50-dən çox ölkə məni müvəqqəti prezident kimi və yaxud Milli Assambleyanı Venesuelada qanuni hakimiyyət qismində tanıyıb. Mən humanitar böhranı yumşaltmağa dəstək vermək çağırışı ilə BMT baş katibi Antoniu Quterrişə, habelə bir sıra humanitar təşkilatlara müraciət etmişəm. Mən səfirlərin təyin edilməsi və xaricdə saxlanan dövlət aktivlərinin yerinin müəyyən edilməsi və qaytarılması üçün işə başlamışam.

Dəyişikliklərin gərəkliyi haqda venesuelalılar arasında geniş konsensus var: vətəndaşlarımızın 84%-i Nikolas Maduronun idarəçiliyinə qarşı çıxış edir. Buna görə də bütün ölkədə ictimaiyyətlə görüşlər keçiririk ki, adamlar düşdüyümüz durum və gələcəyimiz barədə açıq danışa bilsinlər.

Biz müxalif siyasətçilər çevrəsində demokratiyanın bərpası yolunda “yol xəritəmiz” çərçivəsindəki sazişin üç strateji bəndini hazırlamışıq: bunlar qəsbkarlığa son qoymaq zərurəti, keçid hökuməti formalaşdırmaq və azad seçkilər keçirməyə aiddir.

Keçid dövründə silahlı güclərin əsas strukturları tərəfindən dəstək tələb olunur. Bizim hərbçilərlə və təhlükəsizlik güclərinin əməkdaşları ilə gizli görüşlərimiz olub. Biz insanlığa qarşı cinayətlərdə təqsirli bilinənlərin hamısına aminstiya təklif etmişik. Hərbçilərin cənab Maduroya dəstəkdən imtinası hökumətin dəyişdirilməsi üçün həlledici önəmi var və bu gün silahlı qüvvələr sırasında qulluq edənlərin çoxu ölkənin son zamanlar çəkdiyi əzabların yolverilməzliyi ilə razıdır. Nikolas Maduro xalqın dəstəyindən daha faydalanmır. Ötən həftə keçmişdə Karakasda çavistlərin dayağı olan ən kasıb rayonların sakinləri görünməmiş etirazlara qatılmaq üçün küçələrə çıxmışdılar. Onlar qəddar repressiyalara düçar edilə biləcəklərini çox gözəl anlayaraq 23 yanvarda yenidən küçələrə çıxdılar və qabaqkı kimi ictimaiyyətlə görüşə gəlirlər.

Maduronun dönəmi başa çatır, amma onun gedişini təşkil etmək, ciddi qan tökülməsinə yol verməmək üçün bütün Venesuela birləşməli və onun rejiminin hakimiyyətdən tam uzaqlaşdırılmasına nail olmalıdır. Bunun üçün bizə demokratik hökumətlərin, institutların və bütün dünyada ayrı-ayrı vətəndaşların dəstəyi gərəkdir. Bu gün yaşadığımız ağır humanitar böhrandan çıxmaq üçün effektli həll tapmaq son dərəcə önəmlidir. Və bundan sonra qarşılıqlı anlaşma və barışa yol salmaq lazımdır.

Bizim gücümüz və bütün Venesuelanın qurtuluşu birlikdədir.

Tərcümə Strateq.az-ındır.